“Niyə?”lərin tək cavabı, səbrsizlik..-Vüsalə Qələndərli

-Həyat, məni çox yordun, səndən bezmişəm…

 

-Axı sənə nə pisliyim dəyib?

 

-İstədiyim heç nəyi mənə vermədin, ömrüm həmişə çətinliklə keçdi.

 

-Axı mən sənə nəfəs verdim, ağıl, şüur verdim..

 

-Bunlar yaşamaq üçün bəs etmir..

 

-Axı sənə sağlamlıq verdim

 

-Yetmir..

 

-Axı sənə səbrli olmağı öyrətdim…

 

-Yox, səbrim daşıb, indi qəsd edəcəm bu canıma, bitəcək hər şey…

 

-Bitəcək… Axı mən sənə verilən əmanətəm, necə bitirə bilərsən, bəlkə gücün çatacaq bitirməyə, amma…

 

-Amma nə, arxamca danışacaqlar ki, zəifdir hə?! Bəs bu dünyada danışmırlar səncə?! Addımbaşı zəifliyimdən, kasıbçılığımdan, bacarıqsızlığımdan danışırlar…

 

-Elə bu?? İntiharın üçün səbəb elə budur?? Axı o danışanlar sənə nə verib? Mənim verdiklərimi veribmi ki, haqqı çata səndən intihardan vaz keçməyini tələb etməyə, ya da intihara sürükləməyə?

 

-Onlar, heç nə verməyib, amma … Ətrafdakı insanların içində seçilməkdən, acizləşməkdən bezmişəm, yox, sənə də qulaq asmayacam, mən qərarımı qəti verdim, Allah bağışlasın məni…

 

-Dur hələ, Allah niyə bağışlamalıdır ki səni, Allahın verdiyi ömrə nə haqla son qoyursan sən! Arxanda gözüyaşlı qoyduğun kimsə yoxdumu? Bəs ona nə cavab verəcəksən? Məyər sən bu qədər zəifsən?

 

-Yox, zəif olsaydım qorxardım ölümdən…

 

-Güldürmə məni, ölümü seçmək güclü olmaq demək deyil, sən güclü olsaydın ölümü yox, çıxış yollarını axtarardın. Bir də sənə dünyaya gəlmək şansı verilməyəcək. Səbr et və düşün…

 

yat!-Yox, düşünəcək vaxtım yoxdur, qərarım qətidir, əlvida hə

 

-Durrr…
-Xilas edin… Ölmək istəmirəm…

Mənə nə olur, insanlar niyə ağlayır…

 

-Sən ölürsən.. Məni özünlə məzara aparacaqsan…

 

-Ölürəmmi, amma son addımda kömək istədim, niyə etmədin?!

 

-Nə vaxt artıq özünə qəsd etdikdən sonramı?
-Hə, son anda başa düşdüm ki yaşamaq istəyirəm.-Ehh insan övladı, nə olar ki, son addımı atmazdan əvəl bir az da düşünəydin, ölümün zamanı onsuz da var, bitincə səni gözləməz, amma sən düşünməyə zamanın varkən onun yoxluğundan şikayət elədin… axı sənə neçə dəfə mane olmağa çalışdım, səbirsizlik səni bu dünyadan zamansız ayırdı.

  Görürsənmi arxanca nə qədər insan ağlayır..

 

-Amma o insanlar heç vaxt məni başa düşmürdü, heç vaxt eşitmirdi, indi niyə ağlayır ki..

 

-Bəlkə də onlara nəyisə düzgün başa salmamısan, ya da əllərindən gələn bir şey olmayb, və ya özləri bunu etmək istəməyib, bəlkə də sənin ölümünə sevinənlər də var, ya da nə zamansa əlindən tutacaqlardı, amma sən neynədin… Problemlərini zamanla həll edə bilərdin, həyatını daha yaxşı qura bilərdin, axı mənə qəsd etməyə sənə kim haqq vermişdi. Mən yaşamaq istəyirdim axı…

 

-Mən səhv etdim, bu səhvimi düzəldə bilərəmmi?

 

-Xeyr, çox gecdir, artıq son nəfəsini alırsan, çox heyf ki, səbr etmədin, çox təəssüf ki, həyatın qədrini bilmədin…

 

-Mən yaşamaq istəyirdim, amma… amma…
 
 PS:O “amma”ların arxasında nələr vardı kimsə bilmədi, çünki çoxu səbr edə bilməyən qəlbində gizlənmişdi, sadəcə intihar edərək çıxış yolunu tapan insan özündən sonra “niyə”lərlə dolu suallar qoyub gedir. Amma o “niyə”lərin tək cavabı var, səbrsizlik… Səbr edən insan bu həyatı Tanrının bəxş etdiyi qədər yaşayar…. Mübarizə apararaq, arzusuna çatmaq amalı ilə yaşayaraq…
 
 Vüsalə Qələndərli

678 total views, 2 views today

Print Friendly, PDF & Email