Rövşən Vəliyev – İnanılması zor…

  Rövşən Vəliyev

İnanılması zor … Amma bu bir həqiqətdir ki, Bakıda kitab yarmarkası keçirilirdi.

İşdən çıxıb evə gedirdim. Daha doğrusu gedirdik. Təbii ki, iş yoldaşlarımızla.

Uzaqdan  Akademiya  Bağının  qabağında nəsə gördük. Nəyisə deyəndə, yarmarkaya bənzəyirdi. Yarmarka olmağına yarmarkaydı. Nə satıldığını görmək bir az çətin idi. “Şumotka” deyildi. Yəni, pal-paltar satılmırdı. Çünki, “şumotka” satılsaydı Akademiya bağının budaqlarından alt paltarı, üst paltarı,   şalvar, köynək, bir sözlə əynimizə nə geyiriksə hamısı asılardı.

Heç ərzaq məhsullarının da  satılmasını düşünməyə gərək yox idi. İş yoldaşlarımızdan biri qətiyyətlə “Ərzaq məhsulları yarmarkası deyil!”  – dedi və əlavə etdi ki, “Hanı, heç qışqıran yoxdu ki, Gədəbəy kartofu, Lənkəran-Astara limonu, göyərtinin beşi 1 manat, Zirə pomidoru, Sabirabad qarpızı, Mərəzə şoru… Doğrusu heç qatıq var deyən də yox idi”.

Düşüncələrimizə bir az ara vermişdik ki, yarmarkaya çatdıq. İnanılması zor olsa da, qarşımızdakı kitab yarmarkası idi.

İnanmırsınızsa  fotolara baxın. Mən yarmarkadakı kitabları çəkdikcə-çəkirdim.  Həm də uşaq kimi sevinə – sevinə çəkirdim. Hər dəfə gördüyüm bu inanılmaz mənzərəni lentə köçürəndə sərgini təşkil edənlər and-aman edirdilər ki, Vallah Bakı Şəhər İcra Hakimiyyətindən icazə almışıq. Heç nəyə əhəmiyyət vermirdim. 5, 10, 50, 100… sayı bilinməyən kadrları lentə aldım. Ona görə ki, dünyanın işini bilmək olmaz  və həm də, Cek Londonun “Həyat eşqi”  hekayəsini xatırladım.

Həftələrlə  səhrada ac-susuz qalan insanın canavarla yaşamaq uğrunda mübarizəsi və sonra qabağına yığılan yeməkləri yedikcə- yeyib, yeyə bilmədiklərini gecə yatanda yastığının altına yığıb gizlətməsi heç də təəccüblü deyil.

Mən də elə etdim. Kitab sərgisindən çəkdiyim kadrlardan saytımıza düzdüm, qalanlarını da seyfdə gizlədib  zümzümə etdim:

Oxumaq… Oxumaq… Yenə də oxumaq.

Böyük inqilabçı Leninin bu sözləri orta və yaşlı nəslin laylası olub. Elə bu layla ilə böyüdük,  oxuduq, təhsil aldıq. Həm də o böyük inqilabçı kişi 70 il bizim babamız oldu. 70 ildə 7 nəsil dəyişdi. Deməli, 7 nəslin babası idi o və 7 nəslin babasını silib –süpürüb tarixin  çöplüyünə atdıq. Hətta,  Azadlıqda boğazına kəndir də keçirtdik. Lap əcəb elədik. Öz babalarımıza nə gəlib ki. Amma, “ Oxumaq… oxumaq… yenə də oxumaq ” kəlamını gərək atmazdıq. Təəssüf ki, atmışıq, onu da atmışıq “babalıqdan çıxardığımız” Leninin heykəllərinin, büstlərinin, şəkillərinin və nələrinin… nələrinin atıldığı yerə.

Doğma babamız Mirzə Sabirin Allah qəbrini nurla doldursun.  Ömrünün sonuna kimi haray çəkdi: “Oxutmuram, əl çəkin” . Goruna qurban olum, ay baba! Necə qoyub getmisən bizi, eləcə də varıq, heç narahat olma! Amma, bir balaca düzəliş eliyim. İndi uşaqları oxuduruq. Yox ki, elm, savad qazansın. Oxuduruq ki, diplom alsın. Test kitabları var, bəsimizdir. Bədii, elmi  ədəbiyyatlar nəyimizə gərəkdir… Heç tariximizi də oxumağa gərək yox, düzəməlli yazan var ki, düzəməlli də oxuyaq.

Deyəsən mətləbdən çox uzaqlaşdım.

Nə isə…  5 gün davam edən Akademiya bağının qarşısındakı  kitab yarmarkası qəlbimizi, ruhumuzu oxşadı. Yeni çıxan kitablar üzümüzə gülüb dil açmaq istəyirdi. Axı,  neçə illərdir ki, gözümüzdən, könlümüzdən uzaq düşən, ruhumuzun mənəvi qidası olan bu kitablara əllərim toxunmurdu. Köhnə xatirələrlə yaşayırdım. İndi bir az rahat nəfəs aldım və gəncliyimin tələbəlik illərində “Tarqovu”, “Malakan”  bağı deyilən yerlərdə kitablar arasında seçim etdiyim günlərin şirinliyini yaşadım.

Gün əyilirdi. Akademiyanın möhtəşəm binası Günəşə sipər çəkmək istəyirdi ki, yarmarkadakı işçilərə yaxınlaşdım.

 

Kənan Muxtarlı kitab yarmarkasının “Qanun”  nəşriyyatı tərəfindən təşkil olunduğunu bildirdi. Qiymətlərdə də xeyli endirim etdiklərini söylədi.  Amma narazılığı xirttəyə qədər idi.  Biz də bunu hiss elədik. Belə ki, həm alıcılıq qabiliyyəti aşağı idi, həm də bir çox vətəndaşların bu sərgiyə  etinadsız yanaşması  özünü  biruzə verirdi. Kitabın qiymətləri dəyərindən çox-çox aşağı idi. Belə demək olar  ki, sərgini təşkil edənlər əsasən kitaba marağın artırılmasını  və hər kəsin imkanının çatacağını nəzərə almışdı.

Maraqlı bir hekayə və ya şeir kitabı 1 manatlıq konturdan da ucuz idi. Uşaq ensiklopediyası diqqətimizi daha çox çəkdi. Belə ki, bu dərgi bir uşaq ayaqqabısı qiymətində idi. Kənan Muxtarlı onu da dedi ki, biz hər həftənin şənbə və bazar günləri şəhərimizin bir çox yerlərində kitab yarmarkası keçirməyi nəzərdə tutmuşduq. Amma, kitab alan yox, maraq göstərən də az. Yarmarkaya baxanların da əksəriyyəti əyləncə üçün baxırlar.

Ürəyim sıxıldı, evə tələsdim. Necə deyərlər-  Kənanın bu sözləri kefimə soğan doğradı. Evə 20 yanvardan getməli oluram. Elə metrodan çıxan kimi ucadan bir səs eşitdim. Ay alan,  Camış qatığı …  Qısır inək qatığı…  Hə, belə-belə işlər.

 

 

924 total views, 4 views today

Print Friendly, PDF & Email