Vaqif Bəhmənli-Yuxu

Yuxu
Pərdə ki, çəkildi, boylanıb dedim;
görən bu səhnənin harası yuxu?..
Tanrım, mən ki səndən ömür istədim –
Sağ ol, verdin…
amma, yarısı yuxu…

Heç məndən keçmədi candan keçənim,
İçim yolu olu gendən keçənin…
Daha nə fərqi var gündüz-gecənin –
Ağı göz yaşıdı,
qarası yuxu.

Qismət göy əsgidə; bükümbəbüküm,
Tərpənib gedərdim, tutsaydım yükü.
Ha eşim xırmanı, ha dırnaq töküm –
Dən gəzən toyuğun darısı yuxu…

Hamı girmə dedi, girdim o çaya,
Guya eşqə düşüb qalxdım ucaya!..
Nə olur, haqq olur nadan qocaya –
Böyründə uzanan qarısı – yuxu…

Gizlində quyudu eşqin dərini,
Bulan oldumu heç onun yerini?
Zillətlə tikilən sevda qəsrinin
Qapısı mürgüdü, barısı yuxu!

Tanrım, harayıma qulaq vermisən?
Dərdimi nə yaman şuluq vermisən!
Heç demə ömür yox, yoxluq vermisən;
yoxluqla yoxluğun arası yuxu…

367 total views, 2 views today

Print Friendly