Aysel Əlizadə: Azərbaycanda mənim romanımı təhlil edə biləcək tənqidçi yoxdu

Aysel Əlizadə: “Ölkəmə “Nobel”i “Qadın peyğəmbər” gətirəcək”

Yazıçı Aysel Əlizadənin Moderator.az-a müsahibəsini təqdim edirik:

– Müsahibəyə yaradıcılığınızda xüsusi yer tutan, oxucular tərəfindən böyük dəyər verilən “Qadın peyğəmbər”lə başlamaq istəyirəm. Bu əsər oxuculardan layiqli qiymət alsa da, tənqidçilərin, yaxud yazıçıların diqqətini çəkmədi. Hər halda şəxsən mən bu diqqəti görmədim. Sizcə niyə?

  • Doğru qeyd etdiz. “ Qadın peyğəmbər” yaradıcılığımda özəl yer tutur. Həm də təkcə yaradıcılıqda yox. Elə bil ona qədərki ömrümü həmin kitabı yazmaq üçün yaşamışam. Kitabla bağlı çox rahatam. Haqqını alacağını bilirəm. Azərbaycanda mənim “ Qadın peyğəmbər” romanımı təhlil edə biləcək tənqidçi yoxdu. O əsəri təhlil edənin çox dərin olması, çox şey bilməsi, duyması və çox cəsarətli olması gərəkdir. Sayğıdəyər aydınımız Sabir Rüstəmxanlı əsər haqda olduqca maraqlı detalları qabardan təhlil yazıb. Sağ olsun – görə bilib, duya bilib. Sadəlik- filan sərgiləməyəcəm. “Qadın peyğəmbər” günlərlə şərh veriləcək, aydınlaşdırılacaq, təhlil ediləcək kitabdı. Həm struktur, həm tematika, həm janrlar qovşağı baxımından.

– Əsərin bir xeyli hissəsinin şəxsən sizin travmalarınızla bağlı olduğu hiss edilir. Bu baxımdan yazıçını yazıçı edən travamalarıdır fikri ilə razısınızmı?

  • Dünən bir dostumla həyatı müzakirə edirdik. Özümüzdən də danışdıq. Biz, yaşantılarımız – bütün bunlar olmasa kim olardıq? Başqası olardıq. Bütövlükdə insanı yaşantıları insan edir. Mübarizəsi, susqunluğu, etirazları, sevgilər, ayrılıqlar… “Qadın peyğəmbər” bədii avtobioqrafik əsərdi. Bu kitabı memuar kimi ona görə yazmadım ki, ordakı Qar obrazı identifikasiya deyil. Tamamilə mən deyiləm. Hadisələr konkret dəlillərə, yaşantılara söykənmir. Baş qəhrəman da, süjet də fiksiyadı. Sadəcə, real olan elementlər var. Mikrososium və individ müstəvisində makrososiumun mənzərəsi yaradılır. Əksinə də demək olar. Bu üçlüyün həyat debatı Yer üzərindəki yaşam modelini formalaşdırır. İnsanın daxili təlatümü ifadə edilir. Bütün bunlar yalnız mənim, sizin travmalarımızla qısıtlanmır. Ancaq mənim və sizin yaşantılarımızda əksini tapır. Bir cəmiyyətin və bir dünyanın təlatümləri detallarla sübut edilir. Orda fentezi, mistika, ezoterika elementləri var. Realizm və postmodernizm arasında var – gəl edən mətndə hadisələr emosional, psixoloji subardinasiyanın neqativlərini çatdırır. Həyat kolliziyalarını canlandırır. Bu mənada yazıçı yalnız öz travmlarının məhsulu deyil. Dünyanı bütün kodları ilə – müşahidə, təhlil, qənaət laboratoriyasında deşifrə edən adamdı.

– Çexovun məşhur bir fikri var, təxminən belədir: Əsərin əvvəlində divardan tüfəng asılıbsa, sonda o tüfəngmütləq açılmalıdır. “Qadın peyğəmbər” də təsvir olunan bəzi hadisələr, bəzi təfərrüatlar elə ordaca da qalır, davamı gəlmir. Bunu əsəriniz üçün qüsur hesab edirsinizmi?

  • Siz əvvəlcə hansı hadisəni yarımçıq hesab etdiyinizi söyləyin, sonra keçək Çexovun tüfənginə.

– Orda bir məmur obrazı var – Korruptio. Əsərin bir əvvəlində, bir də sonunda peyda olur. Axırı necə olur bilinmir.

  • Axırı yaxşı olmur. Axırda xalq xoşbəxt olur və onu qovur. Romanda bütün obrazlarda məndən nəsə var – kişi qəhrəmanlarda belə. Obrazlara ruh kimi girib onları hiss edib yazmışam. Ha çalışdım Korruptionu hiss edə bilmədim. O təfəkkürə girə bilmədim. Gələcəkdə bu reinkarnasiyanı gerçəkləşdirməyi düşünürəm. Lap düzünə qalsa, Korruptio kimi insanların varlığı bəs edir ki, bütün cəmiyyət darmadağın olsun və bu dağıntı insanların həyatını alt-üst edir. Roman Korruptiodan bəhs etmir deyə onu əvvəldə və sonda verdim. Kim İr Sen kimi psixoloji tipajı. Özü yoxdu, amma ruhu var. Korruptiolar bizim gündəlik həyatımızda fiziki olaraq iştirak etmirlər, onları görmürük. Amma varlıqları xoşbəxt ola bilməməyimizə yetir. Onu göstərib gizləməklə bunu demək istəmişəm.

– Çexova qayıdaq?

  • Qayıdaq. Dünyada bir çox sənətkar çoxdan Çexovun tüfəngini elə divardan asılı, açılmamış saxlayıb. Onlarla bu cür sirri açılmamış əsər adı çəmək olar. Yeni dünya sənətində siz nadir halda hər şeyi çeynəyib auditoriyanın ağzına qoyan müəllif görərsiz. Bu, kinoda da, rəssamlıqda da, ədəbiyyatda da, hətta teatrın özündə də aktivdədi. Hətta sonluğu “yarımçıq” bitən saysız örnək var. Mənə gəldikdə, heç vaxt Çexovun fanatı olmamışam. Onun çox danışan, nə istədiyini bilməyən, bir mənalı olaraq havalı, irreal qəhrəmanları mənə doğma deyil. Çexovun fəlsəfəsi çox səslidi, deyingəndi. Üstəlik, Çexov özü heç tüfəngi açmır. Onun mövzuları sirrini sonadək saxlayır. Çexov teatrı iliyinədək duyan bir sənətkardı. O bu fikri səhnə üçün deyib, mövzu və süjetlə bağlı yox. Əgər tüfəng səhnəyə qoyulursa, bunun bir missiyası olmalıdı deyir. Amma tüfəngin missiyası güllə atmaq olmaya da bilər. Tüfəng dekordetalı kimi səhnəni bəzəyə bilər. Susmaqla sirrini özündə saxlayıb tamaşaçının beynində fikir intriqasıyara da bilər. Tüfəng silahların artıq susma zamanı çatdığını da ifadə edə bilər. Belə düşünürəm.

– Əsərdə qadına fərqli münasibət göstərilməsinə, peyğəmbərlər arasında qadının olmamasına böyük etiraz var. Qadına peyğəmbərliyin verilməsi də bu etirazın nəticəsidir. Sanki ədalətsiz hesab etdiyiniz ayrı-seçkiliyi aradan qaldırmaq istəyi, cəhdi var. Bu məqamlarla bağlı nə deyə bilərsiniz?

  • Dəqiq deyirsiz. Əsərin adı artıq etirazdı. Kitabçıxanda bir dostum dedi ki, içini yazmasaydın belə adı bəs idi. Mənim üçün ədəbiyyat üsyandı. Poeziyanın ən “dişsiz” sevgi şeirləri belə sevgisizliyə, ayrılığa, nakamlığa etirazdı. Əzaba etirazdı. Romanlar dünyanın “düzənsiz düzəninə” etirazdı.

– Əsərdə filsoflardan çoxlu sitatlar var. Sizcə həmin sitatları mətnin içində əridə bilmisinizmi, əsərin bu hissələri oxucu üçün yorucu deyil ki? Buna görə sizə irad tutan olub?

  • Bilmirəm düzü. Əslində uzun dialoqlar da deyil. Çox ciddi oxucular içində əsərin məhz o hissədən başlamalı olduğunu deyənlər var. Məhz o hissəni özəlliklə bəyəniblər. Məncə əridə bilmişəm, oxucu özü də hiss etmədən ailə-məişət problemləri haqda oxuduğu vaxt bir də özünü Sokratla Tolstoyun söhbətində tapır. Bütün hallarda o söhbətlər xəbərsiz oxucu üçün belə dünya fikir fazasına qısa səyahət və bu fazanın bəşəriyyətdəki roluna müəllif baxışı kimi maraqlı olar düşünürəm.

– Bir dəfə müsahibənizdə Azərbaycana “Nobel” mükafatını məhz özünüzün gətirəcəyini bildirdiniz. İddianız böyük hay-küyə səbəb oldu. Bəzilərinin bu iddianıza həddindən artıq qısqanclıqla yanaşdığı görünürdü. İndi necə, həmin fikirdə qalırsınızmı?

  • Bədbəxtik biz. Dünyada bəlkə tək xalqıq ki, ölkə üçün nəsə etmək istəyən adamı qısqanırıq, adamların işgüzarlığına qıcıq oluruq. Böyük iddialardan qorxuruq, böyük arzulara gülürük. Böyük adamlarımız olduğu halda dünyanın sevgisini, diqqətini qazana bilməməyimizin səbəbi birmənalı olaraq budu. Bədbəxtik, başqa heç nə demək istəmirəm.

– “Qadın peyğəmbər” başqa dillərə tərcümə edilsə, bizə Nobel gətirə bilərmi?

  • Mütləq.

790 total views, 1 views today

Print Friendly