“Real” “Yuventus”u darmadağın edib çempion oldu (video)

Uelsin paytaxtı Kardiffdəki “Millenium” stadionunda təşkil olunmuş matç “kral klubu”nun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Görüşün ilk yarısında tərəflər hərəyə bir dəfə fərqlənsə də, fasilədən sonra “Real” əvvəlcə 4 dəqiqə ərzində 2 qol vurub. 84-cü dəqiqədə Xuan Kuadrado qırmızı vərəqə alaraq, “Yuve”ni azlıqda qoyduqdan sonra Zinəddin Zidanın baş məşqçi olduğu komanda 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Bu görüşdə “dubl” edən Kriştianu Ronaldu Çempionlar Liqasının 3 final oyununda qol vuran ilk futbolçu olub.

“Kral klubu” isə tarixində 12-ci dəfə Çempionlar Kubokuna yiyələnib. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxıb. Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə “Milan” qalib olmuşdu. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldırıblar.

“Yuventus” isə cəmi 2 dəfə – 1985 və 1996-cı illərdə qazandığı kuboka yenisini əlavə edə bilməyib. 1997-1998 mövsümünün həlledici görüşündə də məhz bu iki komanda qarşılaşmış və həmin matçda “Real” qələbə qazanmışdı – 1:0. İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 5-ci final görüşündə də məyus olub.

UEFA Çempionlar Liqası. Final

3 iyun

22:45 Yuventus (İtaliya) – Real (İspaniya) 1:4

Mancukiç, 27 – Ronaldo, 20; 63. Kazemiro, 60. Asensio, 90.

Baş hakim: Feliks Brix (Almaniya)

11,098 total views, 3 views today

Print Friendly