Nazirliyin tarix dərsliyi plagiat çıxdı – Şok faktlar/ FOTO

Tarixçi-alim Leyla Hüseynova 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi ilə bağlı sensasion iddia ilə çıxış edib.
BakuPost.az-ın xəbərinə görə, L.Hüseynova bu dərsliyin plagiat olduğunu açıqlayıb.
Onun sözlərinə görə, 2016-cı ildə elan olunmuş tenderə əsasən hazırlanmış yeni dərsliklər içərisində 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi Təhsil Nazirliyinin ekspertlər şurasına təqdim olunub və ekspertlər tərəfindən qiymətləndirilib. Yüksək qiymət alan dərslik layihəsi tenderi qazanıb və nazirlik tərəfindən bu layihə ictimai rəyə təqdim edilib.
L.Hüseynova bildirib ki, Təhsil Nazirliyin müsbət qiymətləndirdiyi dərsliyin plagiat olduğunu AMEA-nın Tarix İnstitutu aşkarlayıb: “Təhsil Nazirliyi tərəfindən 10-cu sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinə rəy bildirmək üçün AMEA-nın Tarix İnstitutuna müraciət edilib. İnstitutda xüsusi işçi qrupu yaradılmış və internet portalında yerləşdirilmiş dərslik layihəsi elmi-metodik cəhətdən təhlil edilib.
Təəssüflər olsun ki, 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsində çoxlu sayda plagiat, elmi qüsurlar və uyğunsuzluqlar aşkarlanıb.
Təqdim olunan dərslik layihəsinin 38-ci səhifəsində mannalıların dini inancları “təhlil” olunub. Halbuki həmin mətn eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində səhifə 66-da verilib. Yeni layihənin müəllifləri heç bir düzəliş etmədən mətni olduğu kimi köçürüblər. Bu, müəllif hüquqlarının pozulmasıdır.
Eyni “ənənəni” müəlliflər davam etdirərək zərdüştilik dini və Avesta haqqında mətni də köhnə “Azərbaycan tarixi” dərsliyindən köçürüblər. Layihənin 38-39-cu səhifələrində verilmiş mətni eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində səhifə 91-dən mənimsəyiblər. Sadəcə cüzi “kosmetik” düzəlişlər belə plagiatı örtə bilməyib”.

Alim sual edir ki, köhnə dərsliklər kurikulum standartlarını reallaşdırmağa imkan yaradırdısa, yeni dərsliklərə nə ehtiyac vardı: “Digər tərəfdən Azərbaycan tarixində yeni konsepsiyalar, yeni yanaşmalar formalaşıb. Onlar dərslikdə öz əksini tapmalıdır.
Köçürmələrlə dərslik hazırlanacaqsa, hansı inkişafdan, hansı islahatdan söz gedə bilər? Mətnlərin, cümlələrin olduğu kimi istifadə olunmasına heç cürə haqq qazandırmaq olmaz.
Dərslik layihədə plagiatla yanaşı, elmi qüsur və uyğunsuzluqlar da çoxdur. Layihədə “toxa əkinçiliyi” Eneolit dövrünə aid edilib. Amma 10-cu sinif şagirdləri hələ 6-cı sinifdə oxuyarkən “toxa əkinçiliyi”ni bu cümləylə öyrəniblər: Neolit dövründə artıq toxa alətindən istifadə edilirdi (Bax: 6-cı sinif “Azərbaycan tarixi” dərsliyi (2013-cü il nəşri).
Yeni dərslik layihəsində ciddi elmi səhvə yol verilib. Bu, şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq.
Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu verildiyi halda 2013-cü ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyindən mövzu çıxarılıb.
Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşmış, Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilib.
Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar. Dərsliklər mübahisəli məsələlərdən təmizləndiyi halda bu mövzu niyə yenidən dərsliyə salınıb?
Dərslik layihəsində heç bir azərbaycanlı tarixçinin şəkli olmadığı halda Robert Daysonun əlində qızıl camla şəkli niyə verilib?
Əgər şagirdlərimizə tədqiqatçı alimləri  tanıtmaq vacibdirsə, mövzuya müvafiq olaraq Məmmədəli Hüseynovun əlində çənə sümüyü ilə şəklini vermək olardı.
Qeyd edim ki, 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində (2013) arxeoloq-alimin adı çəkilsə də şəkli verilməyib. Bu, sizə imkan yaradırdı ki, plagiat etmədən yeni bir şəkildən (dərsliklərdə heç vaxt istifadə olunmayıb) istifadə edəsiniz”.
Leyla Hüseynova onu da bildirir ki, metodik cəhətdən də dərslik layihəsi çox zəif işlənib: “Hətta sual və tapşırıqlarda da təkrarlara (aşağı sinif dərsliklərində verilmiş sual və tapşırıqlar nəzərdə tutulur) yol verilib.
Məsələn: “Urmiya gölü ətrafında hansı tayfalar yaşamışdır?” sualını 10-cu sinif şagirdinə verməklə hansı alt-standart reallaşdırılır?
Bu faktoloji sual 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində (2013) də vardır. Bu kimi təkrar və heç bir metodikaya və standarta uyğun gəlməyən suallar dərslik layihəsində çoxdur.
Təhsil Nazirliyi ekspertləri tarix müəllimləri ordusundan seçib, onlara inanıb, məsuliyyətli bir vəzifə tapşırıb.
Maraqlıdır, bu dərslik layihələrini yoxlayan, təhlil edib rəy verən ekspertlər bunları görmürdümü? Plagiat dərsliyin təhsil dövriyyəsinə buraxılmasına imkan yaratmaq nə deməkdir?”

618 total views, 2 views today

Print Friendly