Bakının ən varlı biznesmeninin qardaşı oğlu bahalı maşınla “avtoş”luq edir – VİDEO

10 GJ 011. Bu nömrə Bakıda çoxlarına tanışdır. Elə onun sürücüsü də. Elçin Həsənov özünü avtomobil həvəskarı, yalnız qapalı zonalarda maşın sürən biri kimi göstərsə də, sosial şəbəkələrdə onunla bağlı yayılan bir çox videoda tam əksi görünür. Bu şəxsin şəhərin küçə və prospektlərində avtoxuliqanlıq etdiyi elə özünün yaydığı videolardan da görünür. Guya “BMW” markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağında qapalı yerdən başqa heç yanda təhlükəli şou göstərmir. Amma Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, “avtoş” sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla tanınan biridir. Həmin görüntülərin dəqiq tarixi məlum olmasa da, görünən budur ki, 10 GJ 011-in sürücüsü qapalı ərazidə öyrəndiklərini ümumi yollarda da tətbiq edir. Xüsusən də, onun toy karvanlarında təhlükəli manevrlər etməsi, asfaltı «yazması», qadağan olunmuş səs siqnallarından istifadə etməsi, eyni nömrəni başqa avtomobilə bağlaması hər şeyin o qədər də “qapalı dairədə” olduğunu göstərmir.
Onun sosial şəbəkələrdə yayılan yeni videolari barədə danışmazdan öncə qeyd edək ki, bu şəxsin imkanlı biri olduğu və əvvəllər tez-tez avtomobil dəyişdiyi bildirilir. Sonuncu dəfə fevralın 8-də eyni nömrə “Jeep Grandsheroke” markalı avtomolin üzərində olub və sürücü Elçin Həsənov yol polisinə müqavimət göstərdiyi üçün Nərimanov rayon Məhkəməsi tərəfindən 10 gün inzibati qaydada həbs olunub.
Yeni videolar Bakı Olimpiya Kompekleksinin ətrafında çəkilib. Ərazinin boş və ya qapalı olduğu tam aydın olmasa da, 10 GJ 011-in sürücüsü bu dəfə “Audi” markalı, 10 FZ 044 və “BMW” markalı 10 VV 022 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri ilə yarışır. Onlar hətta xeyli pul xərcləyərək öz əyləncələrinə klip də çəkdiriblər.
Videolardan da aydın olduğu kimi, sürücülər avtomobili yüksək sürətlə idarə edir, təhlükəli manevrlər etməklə “avtoş” edirlər. Onların avtomobilləri kifayət qədər bahalıdır. Şou zamanı çəkilən videoda avtomobillərin nömrəsini gizlətməyə çalışan sürücülər unutqanlıq edərək fotolarda nömrəni gizlətməyiblər. Həmin fotolar aşağıda təqdim olunur.
Bəs görəsən, digər sürücülər kimlərdir?
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, “BMW” markalı 10 VV 022 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Bakının ən imkanlı iş adamlarından birinin qardaşı oğlu olduğu bildirilir. Onların böyük tikinti və avtomobil biznesi var.
“Audi”nin sürücüsü barədə hələlik məlumat yoxdur. Bu istiqamətdə araşdırmalar davam edir.

 

3,899 total views, 3 views today

Print Friendly