XƏBƏRLENTİ

xeberlenti.com

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif etdi

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış musiqiçi, əməkdar artist Adilə Əliyeva ölkənin ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən   verilən xəbərə görə, Fransa Respublikasının milli bayramı ərəfəsində imzalanan Fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb.

Bakı şəhərində anadan olan soydaşımız Bülbül adına orta ixtisas musiqi məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramına Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və digər Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb, “Beynəlxalq VILLA-LOBOS” və “Zaqafqaziya” müsabiqələrinin laureatı olub.

Hazırda Fransanın Annemas şəhərində yaşayan Adilə Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

About Author