İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Səməd Seyidov ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu deyib. O, Litva-Azərbaycan münasibətlərinin genişləndirilməsində hər iki ölkənin dövlət başçılarının siyasi iradələrinin əsaslı rol oynadığını qeyd edib. Ölkələrimizin bütün sahələr üzrə əməkdaşlıq etdiyini söyləyən Səməd Seyidov əlaqələrimizin təkcə iqtisadi sahələri əhatə etmədiyini, eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində də səmərəli olduğunu vurğulayıb. O, eyni zamanda, diqqətə çatdırıb ki, hər iki ölkənin diplomatik nümayəndəlikləri Azərbaycan-Litva əlaqələrinin inkişafı üçün çox mühüm işlər görürlər.
Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunan Səməd Seyidov hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qruplarının fəaliyyətindən danışıb. Bildirilib ki, parlamentlərarası dostluq qruplarının fəallığı daha da artırılmalıdır.
Səməd Seyidov ölkəmizin haqlı mövqeyini hər zaman dəstəklədiyinə görə Litva tərəfinə təşəkkürünü bildirib. O qeyd edib ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdür, öz tərəfdaşları ilə açıq və səmimi münasibətlər qurub.
Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyus ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, mülki insanların, obyektlərin raket atəşinə tutulması beynəlxalq hüququn normalarına tamamilə zidd idi.
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Nəsib Məhəməliyev ölkəmizin Avropa İttifaqının 9 üzvü ilə strateji əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Həmçinin bildirib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artmaqdadır.
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlər keçirdiyini deyən Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi səylər göstərir. Amma Ermənistanda hələ də mövcud olan revanşist qüvvələr buna mane olmağa çalışırlar. Regionda təhlükəsizliyin təmin olunması baxımından sülh müqaviləsinin imzalanması mühüm şərtdir.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər də iştirak ediblər.