XƏBƏRLENTİ

xeberlenti.com

Xalid KAZIMLI : Xroniki İran təranələri – dərmandeh ola bilməyənlərin fərmandehliyi

Vaxtaşırı İran tərəfdən ölkəmizə qarşı nəsə bir addım atılır, bir bəyanat verilir, bir yazı, şəkil yayılır və bu, ölkəmizin ictimai-siyasi kuluarlarında müzakirə olunur.

Bu dəfə də elə oldu: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın dini lideri ayətullah Xamneyinin qəbulunda olarkən ona göstərilən sayğısızlıq (masa olmayan kabinetdə bir güncdə qoyulmuş stullarda prezident İbrahim Rəisi ilə yanaşı oturdulması), eyni zamanda sosial şəbəkədə dini liderin adından yayılan və içində Azərbaycana yönəlik yüngülvari təhdid olan mesaj yeni giley-güzar dalğası yaratdı.

Bir bunlar deyil. Təkcə son həftədə müxtəlif rayonlarda (Yevlax, Şəmkir, Lerik) şagirdlərə “Salam, Fərmandeh” ilahisi oxutdurulması, bunun üzərində təbliğat qurulması və bundan ölkəmizə qarşı psixoloji təzyiq vasitəsi kimi istifadə edilməsi faktları var.

Gerçəkdən də niyə belə olmalıdır? Nədən din-məzhəbi, mədəniyyəti, tarixi bir olan qonşumuz usanmadan, əl çəkmədən bizə qarşı daima qeyri-dost addımlar atmalıdır? Bu, nə vaxta qədər davam edəcək? Heç bitməyəcəkmi?

1.jpg (104 KB)

Bəli, tarixdə uzun sürən İran-Turan, Səvəfi-Osmanlı müharibələri olub və bu gün də İranla Türkiyə arasındakı münasibətlər “dinc, yanaşı qonşuluq”dan irəiləyib strateji müttəfiqliyə, geriləyərək açıq düşmənçiliyə çevrilmir. Ancaq bu da faktdır ki, İran Azərbaycanın Türkiyə ilə müttəfiqliyini, bütün sahələr üzrə əməkdaşlığını qısqanır. Həm də qısqanmaqla qalmır, rəsmi Tehran bunu fürsət düşdükcə büruzə verir.

15-20 il öncə bir iranlı siyasi xadim İran-Azərbaycan-Türkiyə mübasibətlərindən danışarkən demişdi ki, “əmioğlu gəlib qardaşdan irəli olub”.

O, “əmioğlu” deyərkən Türkiyəni, “qardaş” deyərkən isə İranla Azərbaycanı nəzərdə tutmuşdu və məzhəb birliyinə, eləcə də Azərbaycanın vaxtilə İranın əyaləti olduğuna işarə etmişdi.

Məsələyə məişət müstəvisində yanaşsaq, əlbəttə, “əmoğlu” “qardaş”dan irəli ola bilməz. Amma baxaq görək, “qardaş” necə qardaşdır, “əmioğlu” necə əmioğludur.

2211.JPG (36 KB)

   Lerikli uşaqlara “salam, fərmandeh” marşı oxutdurulması (yuxarıda)

                      Yevlaxlı uşaqlara “salam, fərmandeh” marşı oxutdurulması (aşağıda)

1-92.jpg (147 KB)

Bu, necə qardaşlıqdır ki, Azərbaycanın cənub sərhədlərinin 115-120 kilometrlik hissəsi (Cəbrayılın Cocuq Mərcanlı kəndində ta Zəngilanın Ağbənd kəndinə qədər) 28 il ərzində Ermənistanın işğalı altında qaldı, amma İran öz qardaşının ərazisini işğal edən, öz din-məzhəb qardaşlarını evlərindən didərgin salan, qırıb-çatan Ermənistana quru bir irad belə bildirmədi, əksinə, iki dövlət (İran və Ermənistan) həmin sərhədlərdən keçərək alış-veriş etdilər, birgə layihələr həyata keçirdilər, şərik olaraq torpaq əkib-becərdilər?

“Əmioğlu” Türkiyə isə bu 28 il ərzində işğalçı Ermənistanla sırf Azərbaycanın maraqları naminə diplomatik əlaqələr qurmadı, ticarət etmədi, öz sərhədlərini açmadı, yaxınlaşmadı, hər fürsətdə ermənilərin Qarabağı işğal etdiyini, o yerləri boşaltmalı olduğunu bəyan etdi, Xocalıda qətliam törədən qatilləri yamanladı, onlara cəza tələb etdi və s.

Bu “qardaş”ın etdiyi, o da “əmioğlu”nun.

Bunlar o qədər açıq-aydın faktlardır ki, nə uzun-uzadı isbata ehtiyacı var, nə də birmənalı təkzibə. Aksiomanı isbat etmək, faktı isə danmaq əbəs işdir.

117e3001124ad67b4cf10f5b47027d9f.jpg (52 KB)

Əgər məsələyə dövlətçilik mənafeləri baxımından yanaşsaq və İran dövlətinin öz şimal qonşusunun Azərbaycanın maraqlarını digər qonşusu Ermənistanın “ayağına verməsi”ni bununla izah etmək olar. Deyilə bilər ki, beynəlxalq hüquq, bəşəri dəyərlər və dövlət maraqları olan yerdə din-məzhəb eyniliyi rol oynamır və oynaya bilməz.

Ancaq İran bir əli ilə öz dövlət maraqlarını təmin edərkən, hansısa mülahizələri əsas götürərək, Ermənistana yardım göstərərkən (o Ermənistana ki, ayrıca götürülmüş bir ölkənin dinc müsəlmanlarına qarşı genosid siyasəti yeridib), o biri əlində də mikrofon tutaraq eyzən din-məzhəb birliyindən danışır, Arazın bu tayında özünə rəğbət qrupları düzəldir və onlara “Azərbaycanda dinin-imanın əldən getməsi” barədə vaxtaşırı haray qaldırmaq göstərişi verir.

Din-iman isə Xocalıda, müsəlmanlar kütləvi şəkildə qətlə yetirlirərkən getmişdi. Ermənilər Ağdamda məscidlərdə donuz saxlayarkən din-imana zərbə vurmuşdular. Din-iman Zəngilanda müsəlmanların əkin yerlərini iranlılarla ermənilər ortaq əkib-becərəndə yada düşməliydi.

Bütün bu gerçəklərdən sonra hələ də kimlərsə İran mollakratiyasına toz qondurmursa, Tehranın regional siyasətini doğru sayırsa, İranın Azərbaycana qarşı təzyiq siyasətinə haqq qazandırırsa, dağa-daşa düşməyə ehtiyac yoxdur, o adamlar vətən xainləridir, öz xalqlarının düşmənləridir.

Bəziləri burada günahı bizimkilərin – iqtidar komandasının üstünə yıxmağa çalışa bilərlər. Amma bu da havayı söhbətdir. Guya hakimiyyətdə Elçibəy komandası və ya hər hansı bir milli-demokratik düşüncəli iqtidar koalisiyası olsaydı, İran indi etdiklərini etməyəcək, bizə qarşı münasibətini dəyişəcəkdi? Əsla! İran bizdə yalnız o hökuməti normal qəbul edər ki, həmin hökuməti özü qursun və həmin hökumət onun hər bir göstərişinə sözsüz itaət etsin.

Qızıl-qırmızısı budur, yerdə qalan söz-söhbətlər göz boyamaqdan başqa bir şey deyil.

About Author