XƏBƏRLENTİ

xeberlenti.com

Hüquq müdafiəçilərindən Baş nazirə: “Vətəndaş müraciətlərinə cavab verin”

Novella Cəfəroğlu: “Ortada yüzminlərlə vətəndaşın hüquqları pozulub”

İradə Cavadova: “Dövlət başçısı vətəndaşlardan daxil olan müraciət və şikayətlərə reaksiya verirsə, heç bir məmur bundan yayınmamalıdır”

Özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlar Baş nazir Əli Əsədova müraciət ediblər. Açıq və elektron poçt vasitəsilər edilən müraciətlərin müəllifləri Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının sədri olaraq hökumət başçısından Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuata son açıqlamasına münasibət bildirməsini xahiş edirlər.

Qeyd olunur ki, vətəndaşların əllərində qalan və indiyədək satmayaraq ümidlə gözlədikləri özəlləşdirmə çekləri dövlət qiymətli kağızları hesab olunur. Eyni zamanda özəlləşdirmə çeklərinin dövlət qiymətli kağızları hesab olunduğu təqdirdə, dövriyyədən çıxarılmasının qanunsuz olduğu, bütün bunların fonunda əlində çeki qalan vətəndaşların hüquqlarının bərpası üçün kompensasiya ödənilməsinin vacibliyi önə çəkilir.

Müraciət müəlliflərinin bildirdiklərinə görə, Baş nazirə edilən müraciətlərə heç bir reaksiya verilməyib. Hansı ki, qanunla bu müraciətlərə cavab verilməli və bütün məqamlara aydınlıq gətirilməlidir.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu AYNA-ya açıqlamasında deyib ki, hökumət təcili olaraq vəziyyətə müdaxilə etməlidir: “Mərhum Prezident Heydər Əliyevin bununla bağlı imzaladığı fərmanda və qanunvericilikdə açıq şəkildə qeyd olunur ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır. Qiymətli kağızlar üçün isə tədavül müddəti qoyula bilməz. Bu proses fərmanda qeyd olunan səviyyədə icra edilməyib və yalnız bir qrup işbaz bundan faydalanıb. Hansı ki, özələşdirmə çekləri vətəndaşları pay sahibinə çevirməli, dədə-babalarından qalan əmlakın bölüşdürülməsində onların iştirakını təmin etməli idi”.

“Göründüyü kimi, bunların heç biri baş verməyib. Prosesi icra etməyə məsul dövlət qurumları heç bir statistika açıqlamayıb ki, nə qədər dövlət müəssisəsi və ya şirkəti özəlləşdirmə çekləri vasitəsilə hərraca çıxarılıb. Bütün bunlar həyata keçirilməyibsə, tədavül müddətini bitirməklə, qiymətli dövlət kağızını əhəmiyyətsiz kağız parçasına çevirmək yolverilməzdir”, – deyə həmsöhbətimiz bildirib.

Cəfəroğlu vurğulayıb ki, Baş nazir bütün hallarda vətəndaşların müraciətlərinə cavab verməlidir: “Ortada yüzminlərlə vətəndaşın hüquqları pozulub, onlara məxsus özəlləşdirmə çekləri əlində qalıb. Bu gün onlar həmin vauçerləri nə sata bilir, nə də buna görə kompensasiya əldə edirlər. Hökumətin başçısı, Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının sədri Əli Əsədov buna aydınlıq gətirməlidir. Nazirlər Kabineti müraciətləri cavabsız qoymaq, üzərindən sükutla ötmək ənənəsindən imtina etməldir. Əgər bu dövlətin başçısı vətəndaşlardan daxil olan müraciət və şikayətlərə reaksiya verirsə, heç bir məmur da bundan yayınmamalıdır”.

Tanınmış vəkil, hüquqşünas, hüquq müdafiəçisi İradə Cavadova da AYNA-ya şərhində söyləyib ki, bu məsələyə birdəfəlik yekun vurulmalıdır: “Mütəmadi olaraq sosial şəbəkələrdə, mətbuat orqanlarında, ictimai müzakirələr zamanı çekləri əlində qalan vətəndaşlar onlara dəyən zərərin kompensasiya olunmasını tələb edirlər. İctimaiyyətin fəal nümayəndələri bununla bağlı çağırışlar edirlər. Lakin müvafiq qurumlar nəinki bu müraciət və çağırışlara cavab vermir, hətta bu məsələnin bitdiyini bildirirlər. Açıq şəkildə bəyan edirlər ki, bu mövzunu gündəmə gətirmək məsuliyyət yaradır”.

“Söhbət hansı məsuliyyətdən gedir? Bu, nə yanaşmadır, vətəndaşların şikayətlərinə nə zamansa normal reaksiya veriləcəkmi?! Baş nazirə müraciət ünvanlanıbsa, ona cavab verilməlidir. Həm də dövlət komisiyasının sədri olaraq aydınlıq gətirmək onun vəzifə borcudur”, – deyə müsahibimiz qeyd edib.

Cavadova bununla bağlı komissiya yaradılmasını təklif edir: “Əgər hökumət doğrudan da bu problemin həll olunmasını istəyirsə, müvafiq komissiya təşkil etməlidir. Bu komissiya çekləri əlində qalan vətəndaşların siyahısını tərtib etməli, onlara dəymiş zərərin ödənilməsi üsullarını müəyən etməli, bu prosesin uğursuz baş çatmasına səbəb olan şəxslərlə bağlı hüquqi araşdırmalar aparmalıdır”.

“Rəsmi təsdiq olunmayan iddialara görə, yüzminlərlə vətəndaş çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Onların çoxsaylı çağırışları, müraciətləri və ictimaiyyətin fəal dəstəyi fonunda bu məsələ nəinki öz həllini tapmır, heç reaksiya da yoxdur. Bu isə vətəndaşlar arasında inamsızlıq yaradır”, – deyə hüquqşünas fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray

About Author