ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Rusiyanın Odessa dəniz limanını bombardman etməsini şərh edərkən bildirib ki, bununla da Kreml “başını itirdiyini” göstərib.
Xebrlnti.com “AzPolitika.info” istinadən xəbər verir ki, Ukrayna mətbuatına açıqlama verən Piontkovski Putinin isterik şəkildə Ukrayna ilə danışıqlar masasına oturmaq istədiyini, lakin rədd cavabı aldığı üçün özünü cilovlaya bilmədiyini deyib.
Politoloq qeyd edib ki, Rusiya öz nizami ordusunun 85 faizini Ukrayna ilə müharibəyə cəlb etsə də, istədiyi nəticəyə nail ola bilməyib və məğlubiyyətin qaçılmaz olduğunu daha çox anlamağa başlayır: “Bu, onu göstərir ki, onlar müharibəni uduzublar və onların strateji perspektivi yoxdur. Fikir verin, Moskva necə isterik şəkildə danışıqlar keçirilməsində təkid edir. Lavrov dünənə qədər “reyxin sərhədlərini” Varşava və Londona qədər “genişləndirirdi”, bu gün isə deyir ki, təcili olaraq danışıqları bərpa etmək lazımdır”.
Piontkovski bildirib ki, Kremlin Odessa portuna raket zərbəsi təsadüfi deyil: “Bununla Putin Ukraynadan İstanbuldakı taxıl tədarükü danışıqlarında onun Xerson istiqamətində atəşkəs təkliflərini rədd etməsinin qisasını almaq istəyib”.
Politoloq xüsusi vurğulayıb ki, İstanbul razılaşmasının sabahısı günü taxılın daşınmalı olduğu Odessa limanına raket zərbəsi endirilməsi ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı hörmətsizlikdir: “Əminəm ki, Ərdoğan bunu Putinə bağışlamayacaq”.
Piontkovski deyib ki, döyüş səhnəsindəki uğursuzluq səbəbindən hazırda Putinin başında qarışıqlıq və qeyri-müəyyənlik var. Bunun nəticəsidir ki, bir tərəfdən danışıqlar masasına oturmağı təklif edir, digər yandan isə Odessa limanını bombardman edir.
Onu da qeyd edək ki, bundan öncə Piontkovski İranda iyulun 19-da keçirilən görüşdə Ərdoğanın bilərəkdən Putini gözlətdiyini demişdi. Onun fikrincə, Roma Papasından tutmuş Qərb dövlətləri başçılarına qədər hamını gözlətməyə adət etmiş Putin Ərdoğan tərəfindən bu hərəkətlərinə görə cəzalandırılıb və “kiminlə qarşı-qarşıya olduğunu ona anladıb”.