XƏBƏRLENTİ

xeberlenti.com

“Bəziləri sərbəstliyə istinad edərək jurnalistlərin peşə davranış qaydalarını kobud şəkildə pozurlar” – RƏY

“Mətbuatın və sosial şəbəkələrin geniş imkanlar yaratdığı vəziyyətdə media cameəsində səliqəsizlik var”.

Bunu “Report”a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

O bildirib ki, hazırkı vəziyyətdə istənilən şəxs istədiyi informasiyanı istədiyi formada yaya bilir:

“Çox təəssüf ki, özünü mətbuat nümayəndəsi adlandıran bəzi şəxslər, bloqerlər sərbəstliyə istinad edərək jurnalistlərin peşə davranış qaydalarını kobud şəkildə pozurlar. Azadlıq və sərbəstlikdir deyə internetin verdiyi imkanlardan yanlış istifadə edirlər. Bu prizmadan baxanda son illər bir çox işlər görülüb. Medianın İnkişafı Agentliyinin yaranması, “Media haqqında” qanunun qəbul edilməsi bu sahədə qanunun işləməsi üçün idi. Ötən gün Baş Prokurorluğun da yaydığı açıqlamada bu sahədə fəaliyyət göstərən insanlara irad bildirilməsi və tədbirlər görülməsi başadüşüləndir”.

Yadigar Məmmədli vurğulayıb ki, jurnalistikaya xidmət edən, özlərini jurnalist adlandıran şəxslər, xəbər portalları sərbəstlikdən sui-istifadə etməməlidirlər:

“Təbii ki, internet informasiya əldə etmək imkanlarını artırır. Amma məlumatları dəqiqləşdirmədən yaymaq olmaz. İctimai maraq kəsb edən məlumatları araşdırıb, dəqiqləşdirdikdən sonra ictimai əhəmiyyəti olanlar yayımlanmalıdır. Belə olan halda heç bir jurnalistə və ya media orqanına heç kim irad tuta bilməz”.

Qeyd edək ki, ötən gün Baş Prokurorluq bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajladıqları ilə bağlı məlumat yayıb. Bildirilib ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunublar, onların barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri – “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə “Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib.

About Author