ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynanın yaralı hərbçilərinə tibbi yardım göstərilməsi planını rəsmən təsdiqləyib. Xəbəri “Reuters” agentliyi yayıb.
Novator.az bildirir ki, agentlik xəbəri Pentaqondakı mənbələrdən aldığını qeyd edib.
Xəbərə əsasən, Rusiya-Ukrayna müharibəsində yaralanmış ukraynalı hərbçilər ABŞ Müdafiə Nazirliyinin Almaniyanın Landştul şəhərindəki Regional Tibb Mərkəzində müalicə olunacaqlar.
Landştul şəhəri Almaniyanın Ramştayn şəhəri yaxınlığında yerləşir. Ramştayn şəhərində ABŞ Hərbi Hava Qüvvələrinin böyük aviasiya bazası var.
Landştuldakı Regional Tibb Mərkəzi ABŞ-ın öz sərhədlərindən kənarda ən iri hərbi hospitallarından biridir.
Adının çəkilməsini istəməyən Pentaqon təmsilçisi “Reuters”ə deyib ki, plan təsdiqlənsə də, hələlik Landştuldakı tibb mərkəzinə heç bir ukraynalı hərbçi gətirilməyib.
Pentaqonun nümayəndəsi onu da əlavə edib ki, Amerika ordusu yaralı hərbçilərin mərkəzə çatdırılması üçün Ukrayna ərazisindən çıxarılması prosesində iştirak etməyəcək. Yəni Amerika ordusu yaralıları götürmək üçün Ukrayna ərazisinə daxil olmayacaq.
Ukraynada müharibə beş aydan artıqdır davam edir. Bu vaxtadək Ukraynanın neçə hərbçisinin yaralandığı bilinmir.
İyun ayında Ukrayna hökuməti bəyan edib ki, hər gün döyüşlərdə 100-200 nəfər ukraynalı hərbçi həlak olur.
“Reuters” Ukraynanın yaralı hərbçilərinin başqa ölkələrdə, məsələn, qonşu Polşada müalicə alıb-almadığının da bəlli olmadığını qeyd edir.