Əsrə bərabər gün və ya festival donunu geyinmiş Milli Survivor
“Bilsək, festivala gəlməzdik,
Nazirlik aldatdı bizi” (proloq əvəzi)
Mən bu yazını Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində yerləşən adsız və ucsuz-bucaqsız yüksəklikdən yazıram. Gecə saat ondur və biz – bir avtobus yazıçı-jurnalist dağda naçar bir durumda qalmışıq.
Əvvəlcədən onu qeyd eləməkdə fayda bilirəm ki, bizimlə bərabər avtobusda olan nazirlik nümayəndələrinin sözügedən situasiyada zərrə qədər də günahı yoxdur.
Onlar öz boyunlarına düşən vəzifəni edə biləcəkləri qədər etdilər. Bu məsələdə günahkar, birmənalı olaraq, festivalın təşkilati məsələsində öz adlarını bar-bar bağıran nazirlik və qurumlardır.
Söhbət Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətindən (Düzü, bu icra orqanının adını orada eşitmədim, amma festivalın Gəncədə olması yazıda onların da adlarının çəkilməsinə gətirib çıxarır) gedir. Əziz və hörmətli adlarını çəkdiyim 3 nəhəng qurum, siz bu məsuliyyətsiz və hörmətsiz davranışınız barədə nə düşünürsünüz?
İcazə verin, sizin üzrünüz əməlinizdən betər açıqlamalarınızdan öncə biz danışaq.
Biz – bir avtobus yazıçı-jurnalist sırf sizin bu məsuliyyətsizcəsinə yanaşdığınız tədbiri işıqlandırmaqdan ötrü orada idik. Və bizi oraya dəvət edən də sizsiniz, aparan da. Bəs sual yaranır? Biz – bir avtobus yazıçı-jurnalist niyə gecə saat on ikidə adını və koordinatlarını bilmədiyimiz adsız yüksəklikdə ac, susuz və son dərəcə əsəbi formada günahkar axtarmalıyıq?
Siz öz məsuliyyətsizliyinizi anlamaqda çətinlik çəkirsinizsə, onda yazının bundan sonrakı hissəsini, lütfən, diqqətlə oxuyun.
1. Dağın yaylaq adını verdiyiniz hissəsində qurulan məclisi-ünsünüz, birinci növbədə, sizə “Hava şəraitini nəzərə almaq” siqnalını verməlidir. Necə ki sözügedən situasiyaya səbəb məhz hava şəraiti oldu. Yəni siz – hörmətli yuxarıda adlarını çəkdiyim qurumlar, yağışın yağma ehtimalını nəzərə almalı idiniz. Amma almadınız, bu bir.
2. Festivalın keçirildiyi yaylağın ümumi görünüşündən aydın olur ki, orada festivala qədər təbii ot və torpaqdan başqa nəsə olmayıb. Yəni ən adi çadırdan tutmuş, yola qədər hər şey sırf festival üçün qurulub, tikilib, formalaşdırılıb. Deməli, əziz adlarını yuxarıda çəkdiyim qurumlar, festivalın təmtərağını və gurultu səviyyəsini, ora gələ biləcək nəqliyyat yükünü nəzərə alıb daha yaxşı yol çəkməli idiniz. Amma çəkmədiniz, bu iki.
Əfvinizə sığınaraq qeyd eləməkdə borc bilirəm ki, “daha yaxşı yol” dedikdə dörd zolaqlı asvalt yol nəzərdə tutmuram. Çınqılla kifayətlənmək olardı, ən azından.
3. Əslində, bu hissə ayrıca bir yazı mövzusudur. Amma telefonumun enerjisi və mənim aclıq və susuzluqdan doğan enerjisizliyim sadəcə bir abzasla kifayətlənməyimə səbəbiyyət verir. Festivalın proqramı, ümumiyyətlə, anormal formada hazırlanmışdı. Lap bütün bu anormallıqları qoyaq kənara, nazir və nazir müavini dağın təpəsində keçirilən və media tərəfindən işıqlandırılması nəzərdə tutulan tədbirdə niyə axşam saat 7-də, 8-də çıxış etməlidir? Aydın məsələdir ki, biz – bir avtobus yazıçı-jurnalist sırf sözügedən şəxslərin çıxışını gözləmək və müəyyən sitatlar götürmək üçün orada idik. Yaxşı, axşam saat 8-dən sonra dağın təpəsindən yarım metrə enində yolla və yağışlı havada jurnalist niyə simurq quşuna möhtac bir durumda qalmalıdır ki? Kəsəsi, tədbirdə önəmli çıxışlar maksimum saat 5-ə qədər yekunlaşmalı idi. Amma yekunlaşmadı, bu üç.
4. Yanlış xatırlamıramsa, biz – bir avtobus yazıçı-jurnalist nahar yeməyini saat 5-də yedik. Orada olan jurnalist həmkarlarımdan bizə verilən yarım çörək və döş ətini nahar adlandırdığım üçün dönə-dönə üzr istəyirəm. Və bu abzasda əlavə nəsə yazmağa əlim, dilim və üzüm gəlmir. Belə olmamalı idi. Amma oldu, bu dörd.
5. Öz həyatımızı risk altına alaraq gecə saat on ikidə avtobusdan düşüb tanımadığımız və ömrümüzdə ilk dəfə ayaq basdığımız yollarla sivilizasiya qoxan istiqamətə getməyimizdən, yolüstü maşınlardan biri ilə hostelə gəlib çıxmağımızdan sonra isə gecənin pikini yaşayırıq. Biz – bir avtobus yazıçı-jurnalist üçün hosteldə neçə yer ayrılsa, yaxşıdır? Cəmi-cümlətani 8. Onun 4-ü qadın, 4-ü kişi üçün. Təsəvvür edirsiniz? Sizi and verirəm, bizi ac, susuz və son dərəcə əsəbi formada buraxdığınız dağların yaradanına, bu nə deməkdir? Bu hansı səviyyədə məsuliyyətsizlikdir? Ümumiyyətlə, bunun adı nədir? Bir avtobus jurnalist üçün 8 yer ayrılmasının məntiqli və məntiqsiz izahı nədir? Və bütün bunların yekununda təşkilatçı bizik iddiası nə deməkdir?
Yekunda bir daha təkrar eləmək istəyirəm ki, mən mövcud vəziyyəti anbaan yaşayan biri kimi burada 3 qurumu günahkar bilirəm. Və qətiyyətlə sözügedən qurumların biz – bir avtobus yazıçı-jurnalistdən üzr istəməsini tələb edirəm.
Və ən əsası isə, bundan sonra daha məsuliyyətli olub, heç olmasa, bizi bu cür yerlərə çağırmaqdan çəkinəcəklərinə ümid edirəm. Çünki mənim ikinci belə bir yazı yazmağa həvəsim yoxdur.