Ümummilli liderin bütün sahələrdə olduğu kimi dilçilik sahəsində də məqsədyönlü siyasətinin tarixi nəticələrindən biri kimi Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadə edilməsi və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olmasını qeyd etmək olar. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə və həmin tarixdən 1 avqust – Azərbaycan əlifbası günü kimi qeyd olunmasına başlanılıb.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.
Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlayıb və Komissiyanın müzakirəsinə verib. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılıb, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunub. Bu gün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub.
Unudulmamalıdır ki, XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.