ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkündə axtarış zamanı FTB agentləri 11 dəst məxfi sənəd ələ keçirib.
Xarici agentliklər xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Xəbərdə həmin sənədlərin bəzilərinin üzərində “tam məxfi” qrifinin qeyd olunduğu bildirilir. Qanuna əsasən, həmin sənədlərə yalnız xüsusi dövlət qurumlarında baxıla bilər.
“Dörd dəst sənəd “tam məxfi”, üç dəst “gizli”, daha üç dəstdə “məxfi” qeyd olunub. Müsadirə edilən sənədlərin məzmunu barədə heç bir informasiya verilmir”,-deyə yazıda vurğulanıb.
Ümumilikdə FTB agentləri Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən təxminən 20 qutu əşya, fotoşəkillər olan qovluqlar, əlyazma qeydləri götürüblər.
Sənədlərdə “Fransa prezidenti” ilə bağlı bir sıra məlumatların olduğu da göstərilir.