XƏBƏRLENTİ

xeberlenti.com

YÜZLƏRLƏ RUS ƏSGƏRİ UKRAYNANIN TƏRƏFİNƏ KEÇİB… – Müharibədə yeni mərhələ

Yüzlərlə rus əsgəri Ukraynanın tərəfinə keçib. Bu barədə məlumatı “The Moscow Times“ qəzeti yayıb. Kremlin Ukraynaya qarşı apardığı işğalçı müharibə bir çox rusların döyüşmək istəmədiyi müharibədir. Bəziləri isə o qədər kəskin şəkildə Putin hökumətinə qarşı çıxırır ki, öz ölkələrinə qarşı silaha sarılmağa və Ukrayna ordusu ilə birlikdə döyüşməyə hazırdırlar.

“Themoscowtimes“ portalının məlumatına əsasən yüzlərlə rus əsgəri təslim olaraq, Ukraynanın tərəfinə keçib. Ukrayna tərəfə keçən rus əsgərləri “Rusiyanın Azadlığı Legionu” adlı hərbi qruplaşma yaradıblar. Yüzlərlə əsgəri olan legionun əsas hədəfi Putinsiz Rusiyadır.

“Rusiyanın Azadlığı Legionu” mətbuata açıqlamasında bildirib ki, hərbi birləşmə mart ayında 100-dən çox rus əsgəri Kiyev qüvvələrinə təslim olanda yaradılıb.

 

 

 

“Hər halda mən bu müharibədə sona çatdım. Düşünürdüm ki, ya işğalçı və qatil kimi, ya da vicdanla öləcəyəm. Ona görə də tərəfimi dəyişdim” deyən 26 yaşlı keçmiş rus əsgəri portala müsahibə verib.

Keçmiş əsgərlərlə yanaşı, Ukrayna ordusunun tərkibində döyüşən başqa ruslar da var. Legion gürcülərdən tutmuş belaruslulara qədər, müharibənin əvvəlindən Kiyevdə yaradılmış Ukraynanın Müdafiəsi üzrə Beynəlxalq Legionun tərkibində fəaliyyət göstərən çoxsaylı bölmələrdən biridir.

Digər milli birliklərdən fərqli olaraq, “Rusiyanın Azadlığı Legionu” – dəqiq sayından tutmuş döyüşdüyü yerə qədər – məxfilik içində saxlanılır, hətta bəziləri məlumat çatışmazlığından onun Ukraynanın PR layihəsindən bir qədər də artıq olduğunu iddia edirlər.

Legion aprel ayında “yeni Rusiya uğrunda mübarizə aparacağını” və Putin hökumətindən qurtulana qədər dayanmayacağını elan edib. Bölmədəki əsgərlər Rusiyanın müharibə əleyhinə hərəkatının simvoluna çevrilmiş ağ-mavi-ağ bayraqdan istifadə edirlər.

“The Moscow Times”a danışan legion üzvləri döyüşmək naminə legiona qoşulmaq qərarına gəldiklərini söyləyiblər.

Legionun ən çox qorunan sirlərindən biri onun sayıdır. Hesablamalara görə legionun bir neçə yüzdən 1000-ə qədər əsgəri var.

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç iyun ayında qrupun “bir neçə yüz” üzvü olduğunu bildirmişdi. Lakin legion keçən ay iki batalyondan ibarət canlı qüvvəyə malik olduğunu açıqlamışdı. İki batalyonun şəxsi heyəti isə 1000-dən çox döyüşçü deməkdir.

Portalın məlumatına görə, əsgərlərin sayı ilə bağlı dəqiq məlumat “məxfiləşdirilib”. Hər gün bölməyə 300-ə yaxın müraciətin daxil olması ilə bağlı məlumatlar var.

Bu müraciətlərin arasında rus casuslarının olması ehtimalı da böyükdür. Bu üzdən legiona qəbul proseduru tam məxfiləşdirilib və qərbin məxfi xidmətləri tərəfindən dəstəklənir.

Bölmə sosial şəbəkədə də aktivdir və hesablarının birlikdə 94 mindən çox abunəçisi var. İyun ayında yayımlanan bir videoda qrup iddia edirdi ki, onun Rusiya daxilində üzv toplayan tərəfdarları mövcuddur.

“The Moscow Times”a danışan başqa bir əsgər apreldə döyüşmək üçün Rusiyadan Ukraynaya gəldiyini söyləyib. “Mən risk etdim, çünki Putinə qarşı döyüşmək istəyirəm. Mən azad Rusiya istəyirəm” deyən 25 yaşlı əsgər Ukraynada olduğunu bildirib.

Ukrayna ordusuna qoşulan ruslar əsasən müxalif fikirli şəxslər, tələbə və aspirantlardır. Onların bir çoxu 2019-cu ilin Moskva etirazlarından və müxalifət fəalı Yeqor Jukovun həbsindən sonra müxalifəti dəstəkləməyə başlayıblar.

Legion üzvlərinin əksəriyyəti repressiyalardan qorxduqlarıvə ailələrini qorumaq üçün kimliklərini gizli saxlayırlar, bu da onların hesablarını müstəqil şəkildə yoxlamağı mümkünsüz edir.

Legion üzvü olduqlarını deyən bir qrup maskalı şəxs aprel ayında Kiyevdə keçirdikləri mətbuat konfransında keçmiş rus əsgərləri olduqlarını bildirsələr də, harada xidmət etmələri barədə məlumat verməkdən imtina etmişdilər.

Ukraynadakı rus hərbi əsirləri arasında əsgər topladığını etiraf edən legion rus məhbuslarının adlarını çəkir, Putin hökumətini pisləyən və legiona sadiq qalacaqlarını tirajlayan videolar yayımlayırlar.

Qrupun ən nüfuzlu üzvü Rusiyanın dövlət bankı “Qazprombank”ın keçmiş rəhbərlərindən olan İqor Volubuyevdir. Ukraynanın şimal-şərqində anadan olan Volubuyev həyatının çox hissəsini Moskvada keçirib. Müharibə başlayandan sonra Ukraynaya qaçan bankir iyun ayında Rusiyanın “azad demokratik ölkə” olmasına kömək etmək üçün legiona qoşulduğunu elan edib.

Volubuyev “The Moscow Times”ın iki müsahibə sorğusunu rədd edib. “The Guardian”a danışan Volubuev Ukraynaya gəlişinin səbəbini açıqlayıb. “Müharibə başlayan kimi dərhal başa düşdüm ki, gedib Ukraynanı müdafiə etmək istəyirəm”, – Volobuyev Ukraynanın paytaxtında verdiyi müsahibəsində deyib.
“Əvvəlcə boya-başa çatdığım Sumi rayonundakı ərazi müdafiə hissələrinə qoşulmaq istəyirdim. Mən bir çox məmurlara müraciət etdim, amma qanuni olaraq orada bir rus kimi döyüşməyim mümkün deyildi”.

Bir müddətdən sonra Volobuyevə Ukrayna silahlı qüvvələrinin tərkibinə daxil olmaq və tamamilə Rusiya vətəndaşlarından ibarət xüsusi təyinatlı hərbi hissə olan “Rusiyanın Azadlığı Legionu“na qoşulmaq imkanı yaradılıb. O, əlində avtomat silahla yayımladığı video müraciətində legiona qoşulduğunu elan edib.

Keçmiş bankirin Rusiyaya qarşı silaha sarılmaq qərarı maraqlı bir hekayənin başqa bir hissəsidir. Onun Rusiya isteblişmentinin mərkəzində olan və Vladimir Putinə yaxın olan “Qazprom”un baş direktoru Aleksey Millerin rəhbərlik etdiyi şirkətdəki yüksək vəzifəsi nəzərə alınarsa, baş verənlərin Kremldə şok effekti yaratdığını yəqin etmək olar.

Əsgərlərinin sayı ilə yanaşı, legionun döyüşdüyü yerlər haqqında da az məlumat var. Legion əsgərlərinin may ayında Ukraynanın şərqində olması haqqında videolar yayılıb. Telegram kanallarında Ukraynanın şərqindəki Syeverodonetsk və Lisiçansk şəhərləri yaxınlığındakı döyüşləri əks etdirən görüntülər yayılıb.

Nyu Yorkda dərc olunan “Harper’s Magazine” jurnalında dərc olunmuş son hesabatda müharibədən sonra Ukraynaya axın etmiş xarici döyüşçülərin sayının dəqiqləşdirilməsinin mümkün olmadığı yazılıb.

Kremlin nəzarətində olan Rusiya mediası və Kreml yönümlü Telegram kanalları legionun varlığını tamamilə şübhə altına alır, onu saxta adlandırır və ya Ukrayna kəşfiyyatı tərəfindən yaradıldığını iddia edir.

Bununla belə, Rusiya hakimiyyəti ən azı üç nəfəri legionla əlaqədə ittiham edərək həbs edib. Kreml keçən ay dövlətə xəyanət qanunlarını sərtləşdirib və ölkəyə qarşı döyüşənləri indi 20 ilə qədər həbs gözləyir.

Rusiya qüvvələri tərəfindən tutulmaq riskindən başqa, Ukrayna uğrunda döyüşmək legionda olanları mənəvi dilemma ilə üzləşməyə vadar edir.

 

 

Özünü “professor” adlandıran əsgər “The Moscow Times” qəzetinə etiraf edir ki, daxilində müəyyən müqavimət var. “Başa düşürəm ki, qarşı tərəfdə mənim millətimdən olan insanlar var. Amma mən öz prinsiplərimə qarşı gedə bilmərəm, ölkəmin azad və demokratik olmasını istəyirəm”.

Vaşinqtonda yerləşən “Dəyişiklik Küləyi” Araşdırma Qrupunun direktoru İqor Suşko “Express.co.uk”a bildirir ki, legion bir müharibənin əvvəlindən fəaliyyətə başlayıb. Bəzi rus əsgərləri qərara alıblar ki, təslim olsunlar. Bir qədər məşq etdikdən sonra onlara Ukrayna uğrunda döyüşməyə icazə verilib.

Suşkonun sözlərinə görə, Rusiyada da müxtəlif qruplar fəaliyyət göstərir. Bu qruplar indi Rusiyanın daxilində müxtəlif anti-Kreml fəaliyyətləri həyata keçirmək üçün müharibəyə qarşı olan mülki şəxsləri işə cəlb edirlər.

“Rusiyanın Azadlığı Legionu” daha çox “slavyan həmrəyliyi” prinsipini qabardır. Qərbin məxfi xidmətləri tərəfindən dəstəklənən hərbi qruplaşmanın siyasi qanadı da Rusiyada aktiv fəaliyyət göstərir. (musavat.com)

About Author