“Fransa və ABŞ Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur”
“ATƏT-in Minsk qrupunun reanimasiyası cəhdləri riyakarlıq və utancverici addımdır”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər: “Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Onların burada iştirak etməməsini başa düşə bilmirik. Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəqin ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirdiklərini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də ilk növbədə, onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Onların bura gəlməməsi bir daha danışıqlar prosesində 30 illik dövrdə – hansı ki Azərbaycanın vaxtını aldı – hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir”.
“Kimlər tərəfindənsə ATƏT-in Minsk qrupunun reanimasiyası ilə əlaqədar edilən cəhdlər riyakarlıq və utancverici bir addımdır. Minsk qrupunun həmsədrlik missiyasını yerinə yetirən dövlətlər beynəlxalq ictimaiyyət qarşısında müəyyən dərəcədə utanmalıdır. Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar, işğal və təcavüzə son qoysunlar. Bir qarış Azərbaycan torpağı işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıtmadı. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Burada hər hansı fəxarət duyacaq addım yoxdur ki, bundan danışılsın. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk qrupu özü-özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir” – deyə, Hikmət Hacıyev bildirib.