Elm və Təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Görüşdə iştirak edən direktorlardan biri “Yeni Sabah”a həmin görüşlə bağlı maraqlı məlumat verib.
Bildirib ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: “Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.
Mənbə bildirib ki, nazirin bu görüşü Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva səfərdə olarkən keçirilib. Xəbərə görə, Mehriban Vəliyeva idarənin sektor müdiri, “direktor təyinatı kralı” Fuad Babayevlə öz təyin etdirdiyi direktorları və bir qrup müəllimi Finlandiyaya aparıb.
Digər məlumata görə isə Bakı Təhsil l İdarəsinin əsas gəlir mənbəyi olan bir sıra səlahiyyətlər alınaraq nazirliyə verilib. Bura məktəbəhazırlığa qəbul, baxçalara qəbul, 1-ci siniflərə qəbul, direktor və direktor müavinlərinin yerdəyişmələri, məktəblərin təmiri və digər qərarverici işlər daxildir. Belə görünür ki, Mehriban Vəliyevanın kənarlaşdırılması üçün bütün addımlar atılıb və yaxın günlərdə onun Xəyalə Əhmədzadə ilə əvəzlənməsi nəzərdə tutulur.
Nazirin direktorlarla görüşünün maraqlı məqamlarından biri də budur ki, həmin görüşdə nazirlikdə orta təhsili kurasiya edən Muxtar Məmmədov da iştirak etməyib. Nazirlə Muxtar Məmmədov arasındakı soyuq münasibətlər artıq açıq müstəviyə keçib.