Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.
Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.
Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub. Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir.