Bir neçə gündür ki, ermənilər Xankəndi-Ermənistan istiqmətində hərəkət edərkən yeni salınmış yoldan istifadə edirlər. Laçın rayonun mərkəzi və köhnə dəhlizdəki 3 kəndi də ordumuzun nəzarətinə qaytarıldıqdan sonra “Laçın dəhlizi” ifadəsi artıq tarixə çevrilib. Son illərə qədər Ermənistanı Qarabağla birləşdirən yeganə yol bizim “Laçın dəhlizi” kimi tanıdığımız İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu idi.
Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşdiyi üçün bu dəhliz Ermənistan üçün daim ciddi strateji əhəmiyyətə malik olub. Bir daha qeyd edək ki, alternativ yol Şuşa rayonunun Turşsu qəsəbəsi, Göytala, Onverst, Sarıbaba, Böyük və Kiçik Qaladərəsi kəndlərinin yanından və ya ərazilərindən, Laçın rayonunun isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri və Qayğı qəsəbəsinin yaxınlığından keçir. Yəni bəhs edilən yol Laçın rayonunun heç bir məntəqəsinin bilavasitə içərisindən keçmir. Ancaq indi narahatçılıq doğuran əsas səbəb Rusiya hərbi kontingentinin növbəti 3 il ərzində nəzarət edəcəyi yola “dəhliz statusu” verməsidir. Rusiya tərəfi alternativ yolun ətrafını da Rusiya sülhməramlı hərbi kontingentinin məsuliyyət zonasına daxil olan dəhliz hesab edirlər. Həm də köhnə adı ilə…
Moderator.az xəbər verir ki, köhnə Laçın dəhlizinə alternativ yolun istifadəyə verildiyi 30-31 avqust tarixlərindən başlayaraq, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlı kontingentə aid bölmənin gündəlik bülletenlərində yeni yol barədə “Laçın dəhlizi” ifadəsi işlənir.
Belə ki, sülhməramlıların 31 avqust tarixli xəbər bülletenində iki dəfə “Laçın dəhlizi” ifadəsi işlənir. Birincisi, Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə bağlı cümlədə, ikincisi isə Azərbaycan avtomobil karvanlarının “Laçın dəhlizi”ndən keçərkən müşayiət olunması qeyd edilən cümlədədir. 1- 6 sentyabr tarixlərində Rusiya Müdafiə Nazirliyinin bəhs edilən xəbər bülletenində hər gün “Laçın dəhlizi” ifadəsi işlədilir. Qarabağ separatçıları da bundan ruhlanaraq yeni dəhlizdə “artsax qanunvericiliyinin” tətbiq edildiyini iddia edirlər. Onların iddiasına görə, dəhlizdə nə erməni, nə də Azərbaycan hərbi mövcudluğu olacaq. Dəhliz yalnız Rusiya sülhməramlı kontingentinin nəzarəti altında fəaliyyət göstərəcək. Hətta ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi və yeni marşrut üzrə yüksəklikdə Azərbaycan postunun mövcudluğu ilə bağlı da qarınağrısına düşüblər. Rusiya “Laçın dəhlizi” ifadəsini niyə işlətməkdə israr edir? Yeni salınmış yolu Azərbaycanı məsələn, hələ əvvəldən “Qaladərəsi yolu” adlandıra bilərdi. Çünki “alteranativ yol” heç nə ifadə etmir. Bakı Rusiyaya etiraz etməli və yeni yola “Laçın dəhlizi” və ya sadəcə, dəhliz deməklərinə etirazını bildirməlidirmi?
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Laçın ərazisinin az hissəsindən keçən yeni alternativ yol açılandan sonra Rusiya və ermənilər tərəfindən bu yolun “dəhliz” adlandırılması suallar doğurur. Buna da aydınlıq gətirilməlidir. Ermənilər və Rusiya tərəfi bunun izahı ilə bağlı belə bir iddia irəli sürdülər ki, onlar əsasən 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsaslanırlar: “Bildirirlər ki, orada Laçın ərazisindən keçən yol ”dəhliz” adlanır. Amma nəzərə almaq lazımdır ki, həmin bəyanatda kommunikasiyaların açılması ilə bağlı konkret olaraq Laçın və Zəngəzur ərazisindən keçən kommunikasiyalarla bağlı tətbiq olunan standartlar eyni standartlardır. Belə ki, Laçın ərazisindən keçən yolda Azərbaycan təhlükəsizliyə təminat verir və Rusiya tərəfi burada hərəkətə nəzarət edir. Eyni standart Mehridən keçən Zəngəzur dəhlizinə aid edilir.
Orada da qeyd olunur ki, Ermənistan tərəfi kommunikasiyaların keçdiyi hissədə təhlükəsizliyə təminat verir və nəzarəti isə Rusiya federal sərhəd xidməti həyata keçirir. Yəni baxdığımızda hər iki kommunikasiya xəttində eyni standart tətbiq olunduğunu görürük. Sadəcə olaraq Laçındakı yolda “dəhliz” ifadəsi işlənib, Zəngəzurdan keçən yerdə isə dəhliz ifadəsi işlənməyib. Verilən məlumatlara görə üçtərəfli danışıqlar zamanı şifahi şəkildə Zəngəzurdan keçən yolun dəhliz kimi qəbul edilməsi razılaşdırılıb. Amma ondan sonrakı dövrdə Ermənistan tərəfindən biz ənənəvi olaraq üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi və verilən sözdən yayınmanı müşahidə edirik. Ermənistan baş naziri Nikol Paşinyan 8 sentyabrda Vladivostokda verdiyi açıqlamada qeyd edib ki, onlar Ermənistan ərazisindən keçəcək kommunikasiya xətlərinə dəhliz statusu vermək niyyətində deyillər. Paşinyanın düşüncəsinə görə, dəhliz statusu vermək Ermənistanın suverenliyini məhdudlaşdırır və Ermənistanın blokadaya düşməsinə səbəb ola bilər. O baxımdan Paşinyan Zəngəzurda yolların açılmasına və yol statusunun verilməsinə tərəfdardır. Bu mövqeyi Ermənistan əvvəllər də bəyan edirdi. Keçən ilin dekabrında Brüsseldə keçirilən üçtərəfli görüşdə də Paşinyan tərəfindən bu fikirlər səslənmişdi”.
Ekspertin sözlərinə görə, Rusiya tərəfi Laçın yoluna ona görə dəhliz adı verilməsində maraqlıdır ki, bu yola ancaq rus hərbi kontingenti nəzarət etsin. Azərbaycan tərəfi isə hələ ki, çox səbrli şəkildə prosesləri izləməkdədir: “Amma xatırlayırsınızsa, məhz 31 avqust Brüssel görüşü öncəsi Azərbaycan Prezidenti açıqlamasında qeyd elədi ki, Zəngəzurdan keçəcək kommunikasiya xətlərinə hansı status veriləcəksə eyni status da Laçından keçən yeni yola veriləcək. Bu, o deməkdir ki, Azərbaycan tərəfi hələ Ermənistanın öz mövqeyində dəyişiklik edərək 10 noyabr 2020-ci ildə verdiyi şifahi razılığı yerinə yetirməsini istəyir. Ermənistan tərəfi bunu yerinə yetirməyəcəyi halda Azərbaycanın əlində tam əsaslar var ki, eyni qaydaları Laçın yoluna tətbiq eləsin və Laçın yolunun Ermənistanla sərhəd hissəsində özünün gömrük və sərhəd keçid məntəqələrini qursun, bu ərazini öz nəzarətinə götürsün”.
O ki qaldı Rusiya sülhməramlılarına, Rusiya tərəfinə hansı formada narazılıq bildirilməsinə, O.Qasımov qeyd etdi ki, Rusiyanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin nümayəndələrinin diqqətinə “dəhliz” ifadəsinin işlədilməsi ilə bağlı Bakının ciddi etirazı çatdırılır: “Amma düşünürəm ki, bu məsələlər yalnız etirazla bitməyəcək. Konkret əməli tədbirlər zamanı gələndə həyata keçiriləcək. Heç bir halda Laçından keçən yolun statusu Zəngəzurdan keçəcək yolun statusundan az ola bilməz. Laçın yolu Azərbaycanın bir ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Ermənistana gediş-gəlişi üçündür. Zəngəzur dəhlizi isə Azərbaycanın materik hissəsini Azərbaycan ərazisi olan Naxçıvanla birləşdirən bir dəhlizdir. Bu, eyni zamanda beynəlxalq səviyyəli bir dəhliz rolunu oynayacaq. Bu ərazidən Çindən başlamış Orta Asiya, Rusiya, İran, Pakistan və digər ölkələrdən daşınan yüklərin Avropaya çatıdırlması üçün istifadə ediləcək. Yəni Şərq-Qərb dəhlizinin bir parçası olan bu ərazi beynəlxalq statuslu bir kommunikasiya xəttidir. Ona görə də dəhliz statusu məhz Zəngəzurdan keçəcək yollara verilməlidir. Azərbaycan hələ ki, diplomatik kanallarla Rusiyaya öz iradlarını bildirməkdədir. Proseslərin gedişindən asılı olaraq hesab edirəm Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tam dəqiqləşdirəndən sonra Azərbaycan da Laçından keçən alternativ yolla bağlı özünün mövqeyini konkretləşdirəcək”.