XƏBƏRLENTİ

xeberlenti.com

Zəngilanda 29 ildən sonra ilk dərs günü

Zəngilan rayonunun Ağalı kənd məktəbində 29 ildən sonra ilk dərslər keçirilir.

360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.

Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-si və 10-da doğma yurdlarına qayıdıblar.

Qeyd edək ki, bu gün Azərbaycanda Bilik Günüdür. 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyəcək.

About Author