XƏBƏRLENTİ

xeberlenti.com

Qırğızıstanda matəm elan olundu – Həlak olanların sayı artdı

Qırğızıstanda Tacikistanla sərhəd münaqişəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edilib.

Qırğızıstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-u dövlət müəssisələri üzərində dalğalanan bayraqlar yarıyadək endiriləcək. Həmçinin, ölkənin müxtəlif bölgələrində müvafiq tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb.

Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.

“Batken vilayətindən alınan əməliyyat məlumatlarına görə, daha 10 nəfərin cəsədi Batkenin səhiyyə təşkilatlarına daxil olub. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 46 nəfərdir. 140 nəfər xəsarət alıb, onlardan 7-si ambulator müalicəyə göndərilib”-deyə, məlumatda vurğulanıb.

Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

About Author