Rusiyanın işğalına müqavimət göstərən Ukrayna ordusu ölkənin şərqində əks-hücum əməliyyatları keçirərək Rusiyadan 3000 kv.km-dən çox ərazini geri alıb. Ukraynanın bu gözlənilməz həmləsi Kremli dalana sürükləyib, Qərb meydanda qazanan tərəfə dəstək olmağa davam edib.
Müharibədəki son vəziyyət Rusiya ordusunun Ukrayna qüvvələrinə “tam məğlubiyyəti” kimi şərh edilir.
Məğlubiyyətini gizlədə bilməyən Rusiya Ukrayna ordusunun ildırımsürətli əməliyyatlarından sonra, demək olar ki, Xarkov şimal bölgəsini itirdiyini etiraf edib.
Digər tərəfdən, Rusiya Ukrayna Silahlı Qüvvələrinin də böyük itkilər verdiyini iddia edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusuna məxsus 26 tank, 23 piyada döyüş maşını, 9 zirehli texnika məhv edilib, 2 “Su-25” tipli döyüş təyyarəsi vurulub, 4 minə yaxın ukraynalı əsgər həyatını itirib.
Bəs bu əsl qələbədirmi? Ağır itkilər verən Ukrayna, həqiqətən, müharibədə qalib gələ bilərmi? Ən əsası, bu məqamdan sonra Rusiya hansı addımı atacaq?
Bu bir faktdır ki, uğurlu əməliyyatlardan sonra Ukrayna qüvvələri əhəmiyyətli dərəcədə mənəvi üstünlüyə malikdir.
Ukrayna prezidenti Volodimir Zelenskinin iqtisadi müşaviri Aleksandr Rodnyanski deyib: “Məncə, Avropa qələbənin əldə oluna biləcəyini gördü və bu, onların bizə dəstəyini artıracaq”.
Musavat.coma istinadən Türkiyə mediasında yayımlanan təhlili təqdim edirik:.
UKRAYNA XARKOVDA ƏSL QƏLƏBƏ QAZANIBMI?
Ötən həftə sonu başlayan qəfil hücumdan sonra Ukrayna ordusu Xarkovun, demək olar ki, bütün şimal hissəsini işğaldan azad edib. Əks-hücum nəticəsində məğlub olan Rusiyanın taktiki olaraq geri çəkilməsi, xüsusən Rusiya ictimaiyyəti tərəfindən irəli sürülən bir arqumentdir.
Rusiya Müdafiə Nazirliyi isə rus əsgərlərinin Balakliya, Kupyansk və İzyumdan biabırçı şəkildə qaçması ilə bağlı yayılan xəbərləri təkzib edərək, “bu, qaçış deyil, əvvəlcədən planlaşdırılmış bərpa manevridir” deyib.
Sürətli manevrlərlə Rusiya ordusunu “ovlayan” Ukrayna qüvvələri gücləndirmə yollarını, arsenalları və komanda mərkəzlərini darmadağın edib. NATO-nun ciddi hərbi yardımları və ən müasir döyüş cihazlarından istifadə edilən hücumda uzaqmənzilli raket sistemləri əməliyyatın taleyini dəyişib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıy bildirib ki, geri alınan ərazinin ölçüsü 6 min kv.km-ə çatıb.
Ukrayna qoşunlarının bu əməliyyatla iki əsas məqsədi var idi:
Birincisi, Donbas bölgəsində Rusiyanın strateji təchizat və logistika xətlərini təşkil edən İzyum, Balakliya və Kupyansk şəhərlərini nəzarətə götürmək.
İkincisi isə, Xerson şəhəri geri alındıqdan sonra Krım yolunun açılmasını təmin etmək.
Ukrayna ordusunun sürətli manevrləri və qəfil hücumları nəticəsində məğlub olan rus ordusu geri çəkilərkən, Kiyev qüvvələri, şübhəsiz ki, əsl qələbəyə nail olub.
Bölgədə qazanc əldə edən Rusiya qüvvələri ilk dəfə olaraq xeyli torpaq itirməyə başlayıb. Rus ordusunun təxminən altı aya qət etdiyi məsafəni bir neçə gündə qət edən Ukrayna ordusu böyük mənəvi üstünlük əldə edib.
UKRAYNA MÜHARİBƏDƏ QALİB GƏLƏ BİLƏRMİ?
Ukrayna ordusunun sürpriz irəliləyişi çox şeyi dəyişib. Qışın yaxınlaşması ilə yaranacaq enerji böhranının nəticələrini nəzərə alan Avropa Ukrayna ordusunun gözlənilməz hərəkəti qarşısındü hazırlıqsız qalıb.
Müharibədə Ukrayna ordusunun qalib gələ biləcəyini düşünməyən avropalı parlamentarilər son proseslər fonunda bu ehtimalın real ola biləcəyini yüksək səslə deyirlər.
Son hadisələrin təsirlərini dəyərləndirən ekspertlər Putin kimi hər zaman qalib gələn liderin Ukrayna müharibəsində çətinlik çəkdiyini və ilk dəfə uduzmaq ehtimalı ilə üzləşdiyini bildirirlər. İş o yerə çatıb ki, hətta Rusiya ictimaiyyətində də Ukraynaya müdaxilə qərarının böyük yanlış olduğu barədə fikirlər səsləndirilməyə başlayıb.
Bölgədə Rusiya kəşfiyyatının zəifliyi və Ukrayna kəşfiyyatının güclü olması Ukrayna ordusunun hərbi hədəflər üzrə “taktiki kəşfiyyat” verməsini asanlaşdırır.
“Ruslar burada kordur, biz isə hər şeyi görürük!” – Ukrayna rəsmisinin bu qiymətləndirməsi diqqətəlayiqdir.
Ukrayna ordusu Rusiya radarlarını dağıdandan bəri Rusiya təyyarələri və PUA-ları kor-koranə uçur. Almaniyanın tədarük etdiyi “Gephard” zenit sistemləri isə Rusiyanın hava üstünlüyünə və kəşfiyyat fəaliyyətinə maneə törədir. Digər tərəfdən, ən son texnoloji sistemlərlə təchiz edilmiş Ukrayna kəşfiyyatı “Siqnal kəşfiyyatı, Elektron kəşfiyyat, Təsvir kəşfiyyatı və Açıq mənbə kəşfiyyatı”nı asanlıqla toplaya bilir.
Say üstünlüyü və döyüş sənayesinin böyüklüyü ilə bölgədə möhkəm dayanan Rusiya Ukrayna ordusunun bu imkanlarına görə böyük itkilər verə bilər. Bu şərtlər dəyişməsə, Ukrayna müharibədə qalib gələn tərəf ola bilər.
Britaniyanın Royal United Services İnstitutunun (Rusiya) eksperti Castin Bronk son hadisələri belə qiymətləndirib: “Biz gördük ki, Ukrayna düzgün dəstəklənərsə, qalib gələ bilər. İndi Rusiya dalana dirənmiş vəziyyətdədir”.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın “Bu əks-hücum bizim qalib gələ biləcəyimizi göstərir” açıqlaması da diqqətçəkəndir.
ƏKS-HÜCUMUN ARXASINDA HANSI GENERAL DAYANIR?
Bəs hamını heyrətə gətirən və qələbəyə aparan bu əməliyyatın arxasında kim dayanır? Çoxları Aleksandr Sırski haqqında eşitməmiş ola bilər. Ukrayna Quru Qoşunlarının komandanı general-leytenant Sırski 21-ci əsrin ən uğurlu generalları sırasındadır.
Ukraynanın sürpriz əks-hücumu da onun planıdır. 57 yaşlı general-leytenant bundan əvvəl Rusiyanı Kiyev qapıları qarşısında dayandıran əməliyyata da rəhbərlik edib.
Əməliyyatın taktiki infrastrukturunu hazırlayan Sırski Kupiansk və İziumdakı rus xətlərinin zəif olduğunu aşkar edib. Düzgün planlaşdırılmış ildırım hərəkatı ilə düşmənin ən zəif nöqtəsinə ağır zərbələr endirən Sırski əməliyyatın əvvəldən axıra qədər mükəmməl şəkildə aparılmasını təmin edib.
ZELENSKİNİN YENİ PLANI NƏDİR?
Volodimir Zelenski müharibədə qalib gələrsə və Rusiya geri çəkilərsə, Rusiyanın yenidən Ukraynaya hücumunun qarşısını almağın yollarını axtarır.
Zelenski ötən həftə keçirdiyi mətbuat konfransında Ukraynanın gələcəkdə hücuma məruz qalmaması və suverenliyinin pozulmaması üçün ölkənin təhlükəsizliyinə zəmanət vermək istəyən dövlətlərlə müdafiə paktı qurmaq istədiklərini açıqlayıb.
Başqa sözlə, Ukrayna hakimiyyəti hazırladığı plan çərçivəsində Rusiyaya qarşı Ukraynaya dəstək vermək istəyən dövlətlərlə oturub-durmaq, qurulacaq ortaq koalisiya ilə hərbi çəkindirməni təmin etmək istədiklərini bəyan edib.
Plan hərbi dəstəklə məhdudlaşmayacaq. Öhdəlik götürmüş ölkələr Ukraynanın müdafiə sənayesinin inkişafına sərmayə qoyacaqlar. Müqaviləyə zenit və raket əleyhinə müdafiə avadanlıqları, silah daşımaları və kəşfiyyat dəstəyi də daxil ediləcək.
Lakin NATO ölkələrinin onları daha geniş konfliktə sürükləyə biləcək bir razılaşmaya qanuni dəstək verib-verməyəcəyi bəlli deyil. Zelenski hesab edir ki, hərbi uğurdan sonra belə bir razılaşma Putini həmişəlik kənarda saxlamaq üçün kifayət edəcək.
QƏLƏBƏDƏN SONRA SİLAH YARDIMI ARTACAQMI?
Gözlənilməz əks-hücum, hər halda, Ukrayna ordusu ilə bağlı şübhələri azaldıb. Müharibədə Kiyevin qalib gələ biləcəyini düşünən Qərb rəsmiləri yeni yardım paketlərini nəzərdən keçirməyə hazırlaşır.
Ukrayna ordusunun uğurlu əməliyyatlarından danışan Almaniyanın xarici işlər naziri Annalena Baerbok bunun “ümid anı” olduğunu deyib. Almaniyanın Ukraynaya hərbi yardımını sürətləndirəcəyini bildirən Baerbok “Leopard” tankları da daxil olmaqla ağır silahlardan ibarət hərbi yardım üçün danışıqlar apardıqlarını bildirib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında Bayden administrasiyasının Kiyev qüvvələrinin Rusiyaya qarşı mühüm qələbə qazandığını və ABŞ-ın Ukraynaya yeni hərbi yardıma hazırlaşdığını bildirib.
Hərbi yardımla yanaşı, Ukraynaya maliyyə dəstəyi də sürətlə artır. Zelenski Twitter səhifəsində Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəyə əlavə 1,4 milyard dollar maliyyə ayıracağını açıqlayıb.
PUTİN NƏ EDƏCƏK?
Hətta rusiyayönlü sosial media kanallarında belə “məğlubiyyət”in yaratdığı qəzəb rus ordusuna qarşı ittihamların səsləndirilməsinə səbəb olub. “Bloomberg”in hesabatına görə, Sankt-Peterburq və Moskvanın 50-yə yaxın şəhər məclis üzvü Putinin istefasını tələb edən açıq məktub dərc edib.
Məktubda Putinin “Rusiyanın və onun vətəndaşlarının gələcəyinə xələl gətirdiyi” bildirilib. Məktubu imzalayanların sayı artıb, son sorğular göstərir ki, Rusiya xalqının müharibəyə dəstəyi 81 faizdən 76 faizə düşüb.
Bu o deməkdir ki, Rusiya prezidenti Vladimir Putinin ictimaiyyət və elitanın gözündə yenilməzliyi, Rusiyanın öyündüyü “güclü ordu” anlayışı zədələnib.
KRİTİK ÇİN FAKTORU
Ukrayna müharibəsi geosiyasi tarazlıqlar çərçivəsində qiymətləndirildikdə, bu, təkcə Rusiyanı yox, Çini də maraqlandırır. Müharibənin əvvəlində Moskva ilə bir çox maliyyə və hərbi müqavilələr bağlayan Çin üçün Rusiya Hind-Sakit okean bölgəsində mümkün gərginlikdə etibarlı müttəfiq ola biləcək vəziyyətdə idi.
Lakin ortaya çıxan mənzərədə Rusiyanın bu mənada ağırlığının nə qədər olacağı maraq doğurur.
ABŞ-ın Xarici Əlaqələr Şurasının sədri Riçard Haassın dediyi kimi: “Çinin məqsədi qərbi parçalamaq idi, lakin Rusiya ilə müttəfiqliyi bunun əksi ilə nəticələndi”.
Beləliklə, Çinin Rusiyanın Ukraynanın şərqində uğur qazanmasına böyük ehtiyacı var. Ukraynada böyük məğlubiyyət prestij baxımından Çin cəbhəsinə ciddi təsir göstərə bilər.
“PUTİN QƏRBİN ZƏİFLİYİNİ BİLİR…”
Sürpriz məğlubiyyətə baxmayaraq, Putinin enerji sanksiyasının qışın gəlişi ilə Avropada tarazlığı ciddi şəkildə sarsıdacağı gözlənir.
İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Natali Tokçi bildirib ki, Avropa Putin qarşısında acizdir:“Putin bilir ki, Qərbi Avropa iqtisadi cəhətdən inkişaf edib, lakin mənəvi cəhətdən yox. O, liberal demokratiyaların çətinliklər qarşısında qeyri-adekvat və zəif olduğunun da fərqindədir. Putin çox yaxşı bilir ki, Avropanın inkişaf etmiş iqtisadiyyatı özünə arxalanacaq”.
Sentyabrın 3-də Praqanın Vatslas meydanına toplaşan 70 min insandan aksiya keçirib. Enerji böhranının qiymətlərdə əks olunmasına etiraz edən on minlərlə insan Rusiya ilə problemin həllini tələb edib. Nümayişlərin ümumi şüarı “Bu bizim müharibəmiz deyil!” olub.
Odur ki, Putin meydanda itirdiyi xalları geri almaq üçün əks-hücuma keçib, qışa qədər bu çıxılmaz vəziyyəti qoruya bilsə, Avropada tarazlığın kəskin şəkildə dəyişəcəyi bir mühitlə qarşılaşa bilər.