Etibar Məmmədov: “Ermənistan dəhliz verməkdən imtina edirsə, biz də Ermənistanla Xankəndi arasında olan dəhlizi bağlamalıyıq”
“Pelosi də SSRİ dağılan dövrdən Azərbaycana qarşı mövqe tuturdu, indi də bunu davam etdirir”
Ermənistanla Azərbaycan arasında baş verən son hərbi qarşıdurmaların nəticələri tədricən ortaya çıxır. Məlum olur ki, Ermənistanın təxribatlarına cavab olaraq ordumuz bir sıra yüksəklikləri nəzarətə götürməklə Azərbaycana qarşı hərbi təhlükələri və təzyiqləri zərərsizləşdirib.
Ancaq həmin qarşıdurmadan sonra Qərb ölkələrindən Azərbaycana qarşı təzyiqlərin olması da müşahidə olunur. Tarix boyu ermənilərdən istifadə edən güc mərkəzləri indi də onların təxribatlarını görməzdən gəlmək, düşmənin arxasında durmaqla regionda iştiraklarını legitimləşdirməyə çalışırlar. Bu məqsədlə Azərbaycana əleyhinə təbliğatı artırdıqları müşahidə olunur.
“AzPolitika.info” son hadisələri Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla müzakirə edib:
– Etibar bəy, sentyabrın 13-də ermənilərin təxribatı nəticəsində Ermənistanla Azərbaycan arasında baş verən hərbi qarşıdurma ilə bağlı müzakirələr davam edir. Siz bu insident və onun nəticələri barədə nə düşünürsünüz?
– Bu, əslində sülh prosesinin pozulması istiqamətində atılan addımdır. Çünki Brüssel görüşündən sonra sülh sazişi istiqamətində proses davam etməli, sülhün hazırlanması prosesi irəliyə aparılmalı idi. Düzdür, Paşinyan xaricdə bir, Ermənistanda isə başqa söz deyirdi. Ancaq ayın 13-də erməni təxribatı, ərazimizin minalanmasına cəhd göstərilməsi, bizim hərbçilərin qətlə yetirilməsi təbii olaraq cavab reaksiyasına səbəb oldu. Konkret olaraq Azərbaycana təhdid yaradan atəş nöqtələri susduruldu. Hərbi hissələrimiz tapşırığı yerinə yetirdi, təhlükə yaradan obyektlər zərərsizləşdirildi.
Nəzərə almaq lazımdır ki, hələ də Azərbaycanla Ermənistan arasında qarşılıqlı tanınan sərhəd yoxdur. Ermənistan delimitasiya və demorkasiya prosesindən qaçıb, buna görə də bilinmir ki, sərhəd haradan başlayır, harada bitir. Odur ki, sərhəddə onların bəzi mövqeləri bizim üçün təhlükə yaratdığı üçün təhlükə aradan qaldırılıb.
-Yəni, ermənilərin təxribatı nəticəsində baş verənson hərbi qarşıdurma zamanı Azərbaycan üstün mövqe əldə edib…
– Təbii ki, üstün mövqe əldə etməli idik. Bir var hansısa yüksəkliklər Ermənistanın nəzarətində olsun və onlar sakit otursunlar, bir də var ki, təhlükə yaradaraq Azərbaycanın həmin ərazilərə köç prosesini mənəvi baxımdan sarsıtsınlar, atəşkəsi pozsunlar və insanlarımıza təhlükə yaratsınlar. Beləcə insanların azad edilən doğma evlərinə qayıtmasına mameə olsunlar.
İkincisi, bu, həm də sülh prosesini pozmaq cəhdi idi. Bir çox dövlətlər narazıdırlar, çünki onlar bu prosesdə iştirak edə bilmirlər. Görünür, onlar Ermənistana təsir edirlər ki, belə təxribatçı addımlar atsın. Belə addımlar isə nəticə olaraq onların xeyrinə olmadı.
Bəli, onlar Azərbaycana qarşı bir cəbhədə birləşir, bəyanatlar verirlər. Hətta bizi təcavüzkar adlandırmağa cəhd göstərirlər, məsələni BMT Təhlükəsizlik Şurasına çıxarıblar. Orada da müzakirələr olub, amma Azərbaycanın əleyhinə ciddi qərar qəbul edilməyib. Lakin gələcəkdə onların qarşısını almaq üçün danışıqları intensivləşdirmək lazımdır. Həm də bu təxribatın Ermənistan tərəfindən olmasını ictimailəşdirmək gərəkdir.
Təəssüflər olsun ki, hələ bizim təbliğat maşınımız bu sahədə zəif işləyirlər. Mən BMT-dəki müzakirələrə baxdım. BMT-də müzakirələrdən əvvəl lazımi hazırlıq işi görülməmişdi.
– Hazırda gərginlik Qarabağ regionundan Azərbycan-Ermənistan sərhədinə keçir. Bu, bizim üçün yaxşı, yoxsa pis ssenaridir?
– Əvvəlcədən problem Qarabağ münaqişəsi adlansa da, əslində, Ermənistan-Azərbaycan münaqişəsi idi. 2020-ci ildəki müharibə zamanı bildirilirdi ki, qarşıdurma Azərbaycan ərazisində gedir, bunun Ermənistan ərazisinə aidiyyəti yoxdur. Amma hazırda Ermənistan öz qoşunlarını oradan çıxarmaqdan imtina edir. Üçtərəfli sazişdə konkret göstərilib ki, Ermənistanın hərbi hissələri Qarabağdan çıxarılmalıdır. Çıxarılmadığı üçün də Azərbaycan dövlətinin və hökumətinin vəzifəsidir ki, Ermənistanı oradan çıxmağa məcbur etsin. Eyni zamanda sərhədlərin delimitasiya və demorkasiyası ilə məşğul olsunlar. Ermənilər bundan imtina edir. Azərbaycan şərt kimi irəli sürür ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanısınlar. Amma Ermənistan bundan da imtina edir və deyir ki, Qarabağ məsələsi həll edilmədən biz, bu məsələni müzakirə edə bilmərik. Bu, o deməkdir ki, qarşı tərəf sülh müqaviləsindən imtina edir.
– Sentyabrın 13 və 14-də Nikol Paşinyan bir daha iddia etdi ki, Zəngəzur dəhlizi olmayacaq. Erməni hökuməti bu dəhlizə qarşı olduğunu bildirir. Siz bu istiqamətdə gələcək vəziyyəti necə təsəvvür edirsiniz?
– Zəngəzur dəhlizi bizim üçün vacibdir, üstəlik təkcə bizə yox. Şərq-Qərb transiziti baxımından həm dəmiryolunun, həm də avtomobil yolunun açılmsı lazımdır. Üçtərəfli bəyanatda göstərilidiyi kimi kommunikasiyalar da açılmalıdır. Amma ermənilər bundan imtina edirlər. Ermənistan dəhliz verməkdən imtina edirsə, biz də Ermənmistanla Xankəndi arasında olan yolu bağlamalıyıq. Onlar bizə dəhliz vermirsə, biz də onlara dəhliz verməməliyik. Bunun alternativi yoxdur.
Nəzərə almaq lazımdır ki, Rusiyanın özü də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki kommunikasiya xətləri Rusiyanın özü üçün də əhəmiyyət kəsb edir. Bu baxımdan dəhlizin açılması onların da maraqlarına uyğundur. Üstəlik, bu məsələ Üçtərəfli sazişdə qeyd edilib. Ermənistan imtina edirsə, onu məcbur etmək lazımdır ki, həmin xətti bərpa etsin. Həm də belə siyasətlə Ermənistan özünü pis duruma salır. Bildirir ki, Türkiyə ilə sərhədlər açılmalıdır, amma faktiki danışıqlar yoxdur. Halbuki, Ermənistanın Gürcüstanla sərhədi də demək olar ki, ilin yarısı bağlı olur. Başqa hansı çıxış yolu var? Yalnız İrana ümid edə bilər ki, bu da onu təmin etmir.
Digər tərəfdən, Zəngəzir dəhlizi SSRİ dövründə də mövcud olub və Ermənistana gedən malların 75-80 fazi bu yollardan keçib. İndi də özləri-öz yollarını bağlayırlar. Zəngəzur dəhlizi bağlandıqdan sonra digər yollar Ermənistanı təmin etməyib. Özləri özlərinə quyu qazırlar.
– Sizcə, Zəngəzur dəhlizi açılacaqmı?
– Açılmalıdır. Nəzərə alın ki, burada başqa məsələlər də var. Bu, təkcə Ermənistanın öz məsələsi deyil. Gördünüz ki, ABŞ-ın məsələyə müdaxiləsi başlayan kimi Paşinyanın da həyasızlığı artdı, sanki onda özünə inam yarandı. Ona nə deyiblər, mən bilmirəm, amma Amerikanın bu məsələdə ermənilər vasitəsilə təhriki var.
– ABŞ kimi İranın da təhriki açıq görünür. Məsələn, İran dövlət adamları açıq elan edirlər ki, sərhədlərin dəyişdirilməsi onlar üçün “qırmızı xəttdir”. Halbuki, söhbət sərhədlərin dəyişdirilməsindən deyil, Zəngəzur dəhlizinin açılmasından gedir…
– Əslində, onlar sərhədlərin dəyişdirilməsi deyəndə elə Zəngəzur dəhlizini nəzərdə tuturlar. Siyasətdə bəzən elə olur ki, iki düşmən dövlətin maraqları uyğun gəlir və bu zaman eyni cür hərəkət edirlər. İndi İran və ABŞ eyni cür hərəkət edir, sərhədlərin suverenliyindən danışırlar. İran deyir ki, sərhədlərimizi heç kimə vermərik və s. Amma indinin özündə həmin sərhəd faktiki olaraq Rusiyanın nəzarətindədir. Ermənistan-Rusiya müqaviləsinə əsasən Ermənistanın İranla sərhədinə Rusiya hərbçiləri nəzarət edir. Üçtərəfli razılaşmada da qeyd edilib ki, dəhliz açılanda ona Rusiya qüvvələri nəzarət edəcək. Odur ki, “Ermənistanın sərhədlərinə nəzarət etmək hüququnu əlindən alırlar” iddiası həqiqəti əks etdirmir. Həmin hüquq indiyə qədər Ermənistanda olmayıb.
– Bu proseslərdə Rusiyanın mövqeyini necə şərh etmək olar?
– Rusiya öz maraqlarına uyğun mövqe tutub. İndiki şəraitdə Ermənistanı müdafiə adı altında Azərbaycana qarşı hərəkət edə bilməzdilər. Çünki Azərbaycana qarşı hərəkət elə Türkiyəyə qarşı hərəkət deməkdir. Bu gün də Rusiyanın yeganə çıxış yolu Türkiyədən keçir. Üstəlik sanksiyalara qoşulmaması baxımından Türkiyədən asılı vəziyyətdədir. Eləcə də Türkiyənin vasitəçiliyi ruslar üçün çox vacibdir. Bütün parametrlər üzrə Türkiyədən asılı durumdadırlar. Belə bir vəziyyətdə Rusiya gəlib Ermənistanın şıltaqlığına görə, Azərbaycana qarşı hərəkət edə bilməz və etmədi də. Hətta Putinin maraqlı mövqeyi də oldu. Məsələn, 2020-ci il müharibəsində Putin deyirdi ki, biz qarışa bilmərik, müharibə Qarabağda, Azərbaycanın daxilində gedir. İndi də dedi ki, müharibənin Qarabağa aidiyyəti yoxdur, dava Azərbaycan-Ermənistan sərhədində gedir. Əlbəttə, rusların mövqeyi bu gün belədir, sabah dəyişə bilər. Onların da öz maraqları var, Rusiya Qafqazı öz nəzarətinə götürmək, ABŞ və Avropa İttifaqı isə onu bölgədən sıxışdırıb çıxarmaq istəyir. Türkiyə də Azərbaycanla birlikdə nüfuzunu artıraraq bütövlükdə Qafqaza təsirini daha da gücləndirməyə çalışır. Yəni, geosiyasi proses gedir. Burada da Azərbaycan mümkün qədər öz mənafeyini qorumalıdır.
Təəssüflər olsun ki, bizim itkilərimiz oldu. Şəhidlərimizin sayı çoxdur və Azərbaycan hakimiyyəti bunu araşdırmalıdır. Bu, ciddi məsələdir. Kimin məsuliyyəti varsa cəzalandırılmalıdır.
– Dediyiniz kimi, hazırda Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə var. İndiki mərhələdə erməni lobbisinin təsirində ola bəzi Qərb dövlətləri bizə qarşı mövqe sərgiləyir. Sizcə, növbəti mərhələdə Azərbaycana qarşı ritorikanı gücləndirə, başqa hansısa addımlar atıla bilərmi?
– Bilərlər və bu, gözləniləndir. Odur ki, diplomatik sahədə buna uyğun hazırlıq aparılmalıdır. Xüsusulə, təbliğat və mətbuat sahəsində, dünya mediasında. Ümumiyyətlə, daxilimizdə izahat işləri getməli, parlament üzvləri danışmalı, əhalinin baş verənlərdən xəbəri olmalıdır. Ancaq bu istiqamətdə boşluq var.
Azərbaycana qarşı tədbirlərə gəldikdə, heç bir tədbir görə bilməzlər. Bu saat Avropanın enerji resursları baxımından Azərbaycandan asılılığı var. Rusiyanın sanksiya tətbiq edilən sahələrinin konpensasiyası Azərbaycan vasitəsilə ola bilər. Odur ki, böyük və ciddi tədbirlərin olması gözlənilmir. Sadəcə, dövlətimizin nüfuzunu, imicini zədələmək istiqamətində təbliğat aparılır. Bunun da qarşısını almaq üçün hökumətin fəaliyyəti olmalıdır. Prezident Administrasiyasından başqa danışan yoxdur.
– ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfər edib, müəyyən bəyanatlar səsləndirib. Sizcə, bu səfərin nəticələri Azərbaycana nələr vəd edir?
– Heç nə vəd etmir. Əvvəlcədən planlaşdırılan səfərdir, sadəcə toqquşmalar dövrünə düşüb. Pelosi də SSRİ dağılan dövrdən Azərbaycana qarşı mövqe tuturdu, indi də bunu davam etdirir, ermənilərin müdaficəçisi qismində çıxış edir. Amma növbəti seçkilərdən sonra onun Konqresdə olması gözlənilmir.
Rasim Əliyev