Zəngəzur dəhlizi məsələsi gündəmə gəldikdən bəri sosial mediada bir xəritə təsviri dolaşır: Azərbaycan Cümhuriyyətinin Paris Sülh Nümayəndə heyətinin çap etdiyi xəritə. Həmin xəritədə Zəngəzurla yanaşı o zaman çar Rusiyasının tərkibində olan Qars, Batum kimi bölgələrə də iddia edilib.
Çar Rusiyasının dağılmasından sonra Cənubi Qafqazda qurduqları inzibati ərazi sistemi öz aktuallığını, təbii olaraq itirdi. Gürcüstanın Cənubi Qafqaz Seymindən çıxmasından sonra ərazi məsələləri daha da problemli hala gəldi. Nəticədə iyun ayında bu məsələləri həll etmək üçün İstanbul konfransında yığışmaq qərara alındı. Azərbaycan hökuməti Məhəmmədəmin Rəsulzadənin sədrliyində nümayəndə heyəti göndərdi. Bu konfrans baş tutmasa da, dövrün mətbuatında maraqlı məqalələr yer aldı.
İyul ayının 4-də “Haftalık gazete”yə verdiyi müsahibəsində Rəsulzadə Ermənistanla sərhəd məsələsinə toxunaraq fikrini bu şəkildə izah etdi: “Bizcə Ermənistanın Azərbaycan ilə olacaq sərhədi Göyçə gölünün ortasından ayırıcı xətt çəkmək şərtiylə mümkün ola bilər və bu xəttin daha şərqinə qətiyyən keçə bilməz”. Rəsulzadə sərhəd məsələsində etnoqrafiya və coğrafiya amillərinə əhəmiyyət verdiyini bildirir, müxbirin “bəs tarixi nəzərə almırsınız?” sualına belə cavab verir: “Biz tarixi qabartmaq istəmirik, çünki belə olduğu halda bütün Cənubi Qafqazı istəmək lazım gələr! Bu isə digər millətlərə bizim hakim olmağımızı istəmək deməkdir. Halbuki bu keçmişə aiddir. İndi biz bu millətlərin öz müqəddəratlarını özlərinin təyin etmələri əsasını qəbul etdiyimiz üçün belə bir iddiada olmağı istəmirik”.
Göründüyü kimi Rəsulzadə Cənubi Qafqazda qurulan dövlətlərin ərazisində tarixi Azərbaycan torpaqları olduğunu da bildirib, lakin mövcud şərtlərin diqtəsinin doğru olduğuna inanıb. Rəsulzadə bu müsahibəsində ermənilərin Daşnaksütun partiyasının Gəncə vilayətinin iki hissəyə bölünməsini istədiklərini də qeyd edib. Çünki o dövrdə Gəncə vilayətində yaşayan 1.300000 nəfərlik əhalinin 400 mini erməni idi. Rəsulzadə isə buna qarşı çıxaraq ermənilərin dağlıq vilayətləri tələb etmələrinin türklərin iqtisadi həyat tərzinə ağır zərbə vuracağını qeyd edib.
Erməni təmsilçi Xatisyanın Osmanlı mətbuatındakı bir çıxışına nümayəndə heyətinin müşavirlərindən Əkbər ağa Şeyxülislamzadə geniş məqalə ilə cavab verib. O, xüsusilə ermənilərin Gəncə ilə bağlı iddialarını çürüdüb, köçəbə həyatının ərazi məsələlərində önəmini vurğulayıb: “Gəncə vilayəti gərək məzkur vilayətin haiz olduğu şəraiti-iqtisadiyyə və topoqrafiyyə və gərək əsasati-milliyyə nöqteyi-nəzərindən qeyri-qabili-təqsim bir vahiddir. Dağlıq qisminin ovalıqdan ayrılması ilə toplu bir halda yaşayan və ədədcə mühüm bir nisbət təşkil edən müsəlmanlar da kütleyi-əsliyyələrindən ayrılmış oluyorlar”.
Məqaləsində Əkbər ağa maraqlı statistika da verib: “Azərbaycanın məsaheyi-səthiyyəsi bütün Cənubi Qafqasiya məsahəsinin yüzdə 44-nü təşkil edər. Azərbaycan əhalisinin yüzdə 73.2 əksəriyyəti-əziməsini müsəlmanlar, yüzdə 17-ni ermənilər, yüzdə 9.8-ni müxtəlif cinslər təşkil edərlər”. Yəni Cənubi Qafqaz torpaqlarının 44 faizi Azərbaycana düşür. Azərbaycan əhalisinin 73, 2 faizi də müsəlmanlardır.
Hökumət Parisə nümayəndə heyəti göndərdiyi zaman sərhədlərin müəyyənləşdirilməsini əsas şərt kimi qoyub. Buna görə də Əlimərdan bəy Topçubaşı göndərdiyi raportda gördükləri işlər barədə bunları da qeyd edib: “Azərbaycanın siyasi vəziyyəti və bizim tələblərimiz haqqında Memorandum. Fransız dilində 2000 nüsxə çap edilmişdir. Onlardan 300 nüsxə yüksək keyfiyyətli kağızda və üzərində xüsusi yazı olmaqla, cildlidir. 1700 nüsxəsi isə nisbətən sadə kağızda çap olunmuşdur. Memoranduma Azərbaycanın sərhədlərinin müfəssəl təsviri, habelə Azərbaycan Respublikasının nəzarəti altında olan ərazilərin və Azərbaycanın iddia etdiyi ərazilərin xəritələri əlavə edilmişdir… Azərbaycan əhalisinin etnik tərkibi haqqında broşüra. Əkbərağa Şeyxülislamov tərtib edib. Fransız dilində etnoqrafik xəritə və iki diaqramla birlikdə 2000 nüsxə çap olunub”.
Göründüyü kimi Əkbər ağa etnoqrafik xəritənin hazırlanmasında yüksək hazırlıqlı şəxs olub. Yuxarıda söz açdığımız Osmanlı mətbuatındakı məqaləsi də bu baxımdan zəngindir.
Təbii ki, ölkə quruculuğunda dövlətin xəritəsi həm diplomatik masada, həm də hərbi sahədə həll olunurdu. Nəticədə Qarabağ müharibəsində Azərbaycan ordusu qalib gəlsə də, Zəngəzur məsələsi tam şəkildə həll edilmədi. Amma Zəngəzur Qarabağa daxil olduğu üçün hökumət həmişə o bölgənin Azərbaycana aidliyini sonadək bildirdi. Təsadüfi deyil ki, 1923-cü ildə İstanbulda çap olunan Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabında verilən xəritədə də Zəngəzur Azərbaycan sərhədləri daxilindədir.
Zəngəzur məsələsi bolşeviklərin dövründə qərb hissəsinin ermənilərə verilməsi ilə “həllini tapdı”.
Bir gün sərhədlər yekun həllini tapacaq, son xəritələr cızılacaq. Önəmli olan odur ki, azərbaycanlılar hansı şəkildə olur-olsan öz tarixi torpaqlarına qayıtsınlar.