XƏBƏRLENTİ

xeberlenti.com

Qərb ölkələrinin “Rusiyanı təcili tərk edin” xəbərdarlığı – biz nə edək?

“Təhlükə varsa, Azərbaycan hökuməti…” – ekspert rəyləri

Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bununla bağlı açıqlama nazirliyin saytında yerləşdirilib. Qeyd olunur ki, nazirlik Rusiyada təhlükəsizliklə bağlı vəziyyətin mümkün pisləşməsi ilə əlaqədar Çexiya vətəndaşlarını bu ölkəyə getməməyə, hazırda Rusiyada olanları geri qayıtmağa çağırıb.

Xatırladaq ki, bir neçə gün analoji müraciəti ABŞ, Polşa, Fransa, Rumıniya, Pribaltika ölkələrinin səfirlikləri səsləndirmişdi. Bu xəbərdarlıqların səbəbləri izah edilmir. Rusiya Ukrayna sərhədində nüvə silahının nümayişkaranə partlayışını təşkil etməyi planlaşdırır.

Bu barədə Britaniyanın “Tayms” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb. “Rusiya Prezidenti Vladimir Putin mərkəzi rayonlardan Ukrayna sərhədinə xüsusi hərbi texnika qatarı göndərib. Hərbi ekspertlərin fikrincə, bu texnika Rusiyanın nüvə arsenalına nəzarət və istismarına cavabdeh olan Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur”, – nəşr bildirib.

Məlumata görə, Moskva çox güman ki, nüvə silahını Qara dənizdə sınaqdan keçirəcək. “Belə bir silahın sınağının döyüş meydanında keçirilməsi böyük riskdir. Çünki adicə səhv nəticəsində Rusiyanın sərhədyanı şəhərləri də ziyan çəkə bilər”, – mənbə bildirib.

Eşelonun hərəkəti ilə bağlı oktyabrın 2-də Rusiya Teleqram kanalları məlumat yaymışdı.

Ukrayna-Rusiya müharibəsi fonunda Qərb ölkələri və Moskva bir-birilərini nüvə silahı ilə təhdid edirlər. Mümkündür ki, bu çağırışlar daha çox Rusiyaya psixoloji basqı yaratmaq üçün edilsin. Amma nəzərə almalıyıq ki, bizim də bu ölkədə milyonlarla  vətəndaşımız var.

Rusiyada qismən səfərbərlik elan olunandan sonra Azərbaycana axın edən soydaşlarımızın sayı artıb. Ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan, Azərbaycana əsasən hava yolu ilə gəlirlər. Fazil Mustafa yerli mediaya açıqlamasında bu xəbərdarlıqla bağlı deyil, qismən səfərbərlik qərarından sonra yaranmış vəziyyətdən danışaraq, bildirib ki, bütün imkanlarımızla soydaşlarımıza kömək etməliyik: “Rusiya vətəndaşı olmayan, lakin orada çalışan soydaşlarımızın müharibəyə aparılması mümkün deyil. Birinci növbədə onların hüquqlarını qorumalıyıq. Lakin Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların da ölkəmizə gəlməsi üçün müəyyən şərait yaratmalıyıq. Onlar bütün hallarda bizim vətəndaşlardır. Hansısa ölkədə döyüşüb həlak olsalar, bu, bizim bazamızdan gedən insanlardır. Ona görə də bu şəraitdə müəyyən yollar tapmalıyıq. Hər halda, bu insanlarla bağlı bizim bir strategiyamız olmalıdır. Ona görə də çalışmalıyıq ki, azərbaycanlılar bu müharibənin iştirakçısı olmasın. Təbii ki, kimlərsə könüllü şəkildə hansısa tərəfdə vuruşa bilər. Bütövlükdə soydaşlarımızın bu müharibənin iştirakçısı olması bizim marağımıza uyğun deyil. Azərbaycanlı öz vətəni üçün döyüşmək lazımdırsa, döyüşməlidir. Amma hansısa yollarla soydaşlarımıza kömək etmək lazımdır”.

“Rusiyanı təcili tərk edin” xəbərdarlığı Moskvaya psixoloji təzyiqdir, yoxsa bunun altında hansısa real təhlükə var? Belə bir təhlükə varsa, Azərbaycan hökuməti Rusiyada yaşayan vətəndaşları ilə bağlı hansı addımları atmalıdır?

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

 Fəzail Ağamalı 

Mövzu ilə bağlı millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putin səfərbərlik haqqında sərəncam imzalayarkən hadisələrin gedişinə daha radikal yön vermiş oldu.  İkinci addımı isə Ukraynanın dünya birliyi tərəfindən tanınan ərazilərini  Rusiyaya birləşdirdiyini elan etdi.  Bunun isə mənası o deməkdir ki, Rusiya sona qədər öz istəyinə nail olmaq üçün Avropa və ABŞ-la üz-üzə gəlməkdən çəkinmir. Daha çox özünün nüvə silahına arxalanır. Beləliklə, vəziyyətin dramatik olduğu zaman kəsiyində Rusiyanın faktiki olaraq Ukraynada nüvə silahından istifadə edə bilməsi istisna olunmur. Ola bilsin, buna görə ABŞ, Avropa artıq ardıcıl öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün oranı tərk etmək barədə xəbərdarlıq edir, ya da Rusiya daxilində vahimə, təşviş yaratmaq üçün bu addımı atır.

O ki qaldı azərbaycanlılara, əgər müharibə olsa, Rusiya faktiki olsa nüvə silahından istifadə edib, Ukraynanı təhdid etsə, bu halda orada yaşayan hər bir insan üçün, o cümlədən azərbaycanlılar üçün təhlükə mümkündür. Hesab edirəm ki,  indiki vəziyyət ölkə siyasətçiləri tərəfindən diqqətlə öyrənilir və ciddi real təhlükə olarsa, əlbəttə ki, Azərbaycan hökuməti də bu addımı atacaq. Lakin görünür ki,  bu problemlər ciddi arqumentə söykənmir”.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev 

Millət vəkili Arzu Nağıyev isə mövzuya bu cür şərh bildirdi: “Rusiyada səfərbərlik elan edildikdən sonra təkcə Qərb ölkələrinin deyil, ümumiyyətlə,  Rusiyanın öz vətəndaşları da ölkəni tərk etməkdədir. Məlum olduğu kimi, bir sıra Qərb ölkələri, istər Şengen, istərsə də digər zonalar olsun, Rusiya vətəndaşlarının ora daxil olmasını qadağan edib. Buna görə də həmin o vətəndaşlar müxtəlif ölkələrə, o cümlədən Monqolustana, Gürcüstana, hətta Azərbaycana üz tutur. Onlar  sırf Rusiya vətəndaşlarıdır. Digər dövlətlərin vətəndaşları isə məhz Qərblə Rusiya arasında bu problem yarandığına, gərginlik böyüdüyünə görə təcili surətdə öz vətəndaşlarını oradan  çıxardırlar. Çünki gələcəkdə müharibə ilə bağlı tətbiq olunan müxtəlif  sanksiyaların məhz onlara təsiri ola bilər. Bu gün Rusiyada həm Rusiya vətəndaşı olan azərbaycanlılar, həm də bu və digər şəkildə orada yaşayan Azərbaycan vətəndaşları var. Hesab etmirəm ki, onların təhlükəsizliyi ilə bağlı təhdid var.  Çünki Rusiya ilə Azərbaycan arasında belə bir qarşılıqlı sanksiyalar tətbiq etmək problemi yoxdur. Amma Qərbin var. Buna görə də onlar öz vətəndaşlarını oradan çıxardır. Bu gün istər Çexiya, istərsə də Qərbə daxil olan və olmayan ölkələr  Rusiyaya qarşı sanksiyalarda  iştirak etdiklərindən öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışırlar”.

Xalidə GƏRAY

About Author