“ABŞ-ın Ukraynaya verdiyi NASAMS Hava Hücumundan Müdafiə sistemləri artıq bu ay Ukraynada olacaq”.
Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov mətbuata açıqlamasında deyib. Reznikov əlavə edib ki, Almaniyanın İRİS-T Hava Hücumundan Müdafiə sistemləri də oktyabr ayı ərzində ölkəyə gətiriləcək.
Nazir bildirib ki, artıq NASAMS-lardan istifadə edəcək ukraynalı mütəxəssislər təlimlərini başa vururlar və onlar da oktyabr ayında Ukraynada olacaqlar.
Bununla yanaşı, Reznikov deyib ki, Rusiya yüksək dəqiqlikli raketlərinin üçdə ikisini sərf edib. Onun məlumatına görə, bu günə qədər Rusiya Ukraynaya 1844 yüksək dəqiqlikli raket atıb və onun ehtiyatında cəmi 609 ədəd bu cür raket qalıb.
Nazirin fikrincə, bununla da Ukraynanın yox, terrorçu dövlət kimi tanınan Rusiyanın demilitarizasiyası baş verməkdədir.