Özbəkistan Yazıçılar İttifaqında (ÖYİ) Azərbaycan və Türkiyə şairlərinin iştirakı ilə “Ədəbi dostluq, əbədi dostluq” adlı tədbir keçirilib.
Tədbiri Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq şairi Siracəddin Səyyid açaraq Türk dövlətləri arasında ədəbi əlaqələr, Azərbaycan və Türkiyə şairlərinin, ədəbiyyat xadimlərinin Daşkənddə bir araya gəlməsini, bu istiqamətdə müxtəlif görüşlərin keçirilməsini Özbəkistanın mədəni həyatında mühüm hadisə adlandırıb. Sədr deyib ki, belə mədəni tədbirlərin, kitab təqdimatlarının türk dövlətlərinin hər birində müntəzəm olaraq keçirilməsi istiqamətində təkliflər verilib.
Sonra sədr Siracəddin Səyyid azərbaycanlı şair Əkbər Qoşalı Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü biletini təqdim edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələr və rəhbərlik etdiyi Mərkəz tərəfindən mədəni-ədəbi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün görülən işlərdən danışıb. O, son illərdə Mədəniyyət Mərkəzinin həyata keçirdiyi tədbirlər, mədəniyyət-ədəbiyyat sahəsində layihələrdən danışaraq, vilayətlərdə baş tutan Azərbaycan mədəniyyət günləri haqqında məlumat verib və mərkəzin layihəsi ilə Azərbaycan ədəbiyyatına dair yüzə yaxın kitabın özbək dilinə tərcümə edilərək Daşkənddə çap edildiyini vurğulayıb.
S. Abbasov bildirib ki, dövlətlərimiz arasında əlaqələr ölkə başçılarımızın səyləri nəticəsində ən yüksək mərhələyə – strateji müttəfiqlik səviyyəsinə qalxıb, xalqlarımızı isə tarixi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycan və Özbəkistan dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin dostluğu bu dostluğa bir örnəkdir.
Sonra direktor Əkbər Qoşalının həyat və yaradıcılığı haqqında məlumat verib, onun şeirlərinin təkcə Özbəkistanda deyil, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə və digər ölkələrdə çap edildiyini vurğulayıb və ona iki ölkə arasında ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin Fəxri diplomunu təqdim edib.
Sonra Əkbər Qoşalının Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında özbək dilində çap olunan “Xəyalımı çağırdım” şeirlər toplusunun və Türkiyədən gələn şairlərin özbək dilində çap edilən kitablarının təqdimatı olub. Deyilib ki, Ə.Qoşalının kitabını Raxmat Babajon tərcümə edib. Kitaba şair Fəxriyer “Ön söz” yazıb.
Əkbər Qoşalı öz çıxışında türk dünyasının şair və yazıçıları arasındakı dostluq əlaqələrindən, Azərbaycan və Türkiyə şairlərinin əsərlərinin Özbəkistanda çap edilməsinin əhəmiyyətindən danışıb. Kitabın çapına görə özbək tərəfə minnətdarlığını bildirib, özbək şairlərinin də Azərbaycanda çap olunması istiqamətindəki planlardan söhbət açıb.
Sonra özbək alimləri professor Nurbay Cabbarov, dosent Abdumurad Tilavov, Türkiyə şairləri Yusuf Ziya Yılmaz, Juşkin Karabulut və başqaları çıxış edərək dostluğumuzun daha da möhkəmləndirilməsi, ədəbi əlaqələrimizin genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.
Qulu Kəngərli
Daşkənd