XƏBƏRLENTİ

xeberlenti.com

ORTAQ TÜRK DİLİNİN YARADILMASINA NƏ MANE OLUR? – “Ortaq dilə gedən yol Türk Birliyindən keçir”

Son illər Türk dövlətləri arasında strateji müttəfiqlik əlaqələrinin qurulduğunu, ölkə rəhbərlərinin bir-birinə tez-tez qarşılıqlı işgüzar səfərlər etdiyini, müxtəlif məsələlərlə bağlı sənədlər imzalandığını müşahidə edirik.

Bütün bunlar, şübhəsiz ki, Türk dünyasının birliyinə və həmrəyliyinə xidmət edir. Bu istiqamətdə ən vacib məsələlərdən biri də, 300 milyonluq Türk dünyasının ortaq ünsiyyət qura biləcəyi bir danışıq dilinin yaradılmasıdır. Ancaq, təəssüf ki, Türk dövlətləri hələ də ortaq əlifba və dilin yaradılmasıyla bağlı hansısa bir qərara gələ bilməyiblər.

Məlumat üçün qeyd edək ki, əslində, XIX-cu əsrin sonlarına, XX əsrin əvvəllərinə qədər Türk dünyasında ortaq ünsiyyət dili mövcud olub. Bu dövrdə İstanbulda, Kazanda, Bakıda, Səmərqənddə və başqa şəhərlərdə bir şeir və ya məqalə, nəşr olunmuş kitab və ya qəzet Türk dünyasının, demək olar ki, hər yerində oxunub, başa düşülə bilirdi.

Lakin 1937-ci ildə Stalinin əmri ilə türk dünyasının yazıçıları, şairləri “türkçülük, turançılıq, rejim düşmənçiliyi” kimi ittihamlarla qətlə yetirilərək sürgünlərə, repressiyalara məruz qaldılar. Bununla da bu ideyanın gerçəkləşməsinin qarşısı alındı və həmin dövrdə yaradılan “Vahid Yeni Türk Əlifbası” da ləğv edildi.

Daha sonra Türk mənşəli xalqlar zor gücü ilə Slavyan xalqlarının istifadə etdiyi kiril qrafikalı əlifbadan istifadəyə məcbur edildilər. Nəticədə Türk mənşəli xalqların dilləri bir-birindən uzaq düşürülmüş oldu. Həmin vaxt ümumi ünsiyyət dili kimi, “sovet dili” müəyyən edilən rus dilindən istifadə ön plana keçdi.

 

 

Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması Türk dünyası üçün yeni bir dövrün başlanğıcı oldu (Hərçənd müstəqillik dövründən sonra da “sovet dili”nin Azərbaycanın strateji maraqlarına vurduğu ağır zərbənin nəticələri qalmaqdadır. Buna misal olaraq ölkədə hələ də 340 rus məktəbinin qalmasını, cəmiyyətin manqurtlaşmış hissəsinin övladlarını bu məktəblərdə yad dilində təhsil almağa məhkum etdiyini göstərmək olar… -red.). Bundan sonra müxtəlif konfranslarda, tədbirlərdə, qurultaylarda əsas müzakirə mövzularından biri Türk xalqlarının ortaq ünsiyyət dilinin yaradılması oldu.

Son vaxtlar ortaq Türk dili məsələsi yüksək səviyyəli dövlət nümayəndələri tərəfindən də tez-tez gündəmə gətirilir. Məsələn, iki gün öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edərkən, Türk xalqarının ortaq dil məsələsinə də toxunub.

“Ortaq tarix, ortaq dil, ortaq kimlik və mədəniyyət türkdilli ölkələr arasında dərin əlaqələr və həmrəylik üçün əsasdır!”  deyə, nazir vurğulayıb.

Bu mövzuda Türk dövlətlərinin ortaq məxrəcə gələ bilmədikləri başlıca problemlərdən biri, yaradılan dilin əsasında hansı ölkədə istifadə olunan türkcənin dayanacağıyla bağlıdır. Qeyd edək ki, Türk dünyasının ən böyük dövləti Türkiyədədir və 50 milyonluq Azərbaycan türkü, türkmənlər, Krım tatarları da Anadolu türkcəsini anlamaqda çətinlik çəkmir. Bu baxımdan Türkiyə və Azərbaycan türkcəsinin əsasında ortaq ünsiyyət dilini formalaşdırıb, digər türk toplumlarını, dövlətləri də bu dilin ətrafında toplamaq məqsədəuyğun hesab olunur.

 

Bu mövzuyla bağlı sabiq təhsil naziri, professor Firudin Cəlilov “AzPolitika.info”-ya şərhində bldirib ki, ortaq ünsiyyət dilinin yaradılması ilk növbədə Türk Birliyinin mövcudluğundan asılıdır: “Türk Dövlətlərinin Birliyi bizim çoxdankı arzumuzdur. Bu məsələ 30-40 il öncə də gündəmə gətirilmişdi. Lakin həmin vaxt ölkədə gedən siyasi proseslər bu işə mane olmuşdu.

O vaxt yazdığımız kitablarda, məqalələrdə bu məsələni qabartmışdıq ki, Türk Dövlətlərinin Birliyi yaradılmalıdır. Həmin vaxt Türk dövlətləri müstəqillik qazandıqdan sonra “Ortaq Türk Əlifbası”nı qəbul etdik. Bizimlə birlikdə tatarlar da bu əlifbadan istifadə etməyə başladılar. Ancaq, təəssüf ki, digər Türk dövlətləri bu dəyişikliyə getmədilər.

Ancaq son illər Türkiyənin öndərliyində Türk Birliyi məsələsi yenidən gündəmə gətirilib. Artıq hökumətlər səviyyəsində bu ideya reallaşmağa doğru gedir. Hesab edirəm ki, bu istiqamətdə bir sıra addımlar atılmalıdır. İlk növbədə ortaq əlifba, ortaq dərsliklər daha sonra isə vahid ordu və pul sisteminə keçid etmək lazımdır”.

Professor qeyd edib ki, Türk ölkələrinin alimləri, akademiklər və ziayalılar bir araya gələrək, bu istiqamətdə müəyən bir qərar qəbul etməlidirlər: “Mən təklif edərdim ki, Anadolu türkcəsi və Azərbaycan türkcəsinin əsasında ortaq Türk dili yaradılsın. Ona görə ki, Türkiyədə 85 milyon insan, Quzey-Güney Azərbaycanda 50 milyon insan, həmçinin İraqda, Suriyada, Xorasanda, Dağıstanda, Gürcüstanda da bu dildə danışan yüz minlərlə insan var. Say baxımından bu 150 milyon edir”.

“Bildiyimiz kimi, tarixən bu coğrafiyada Türk dili əsas ünsiyyət dili olub. Orta əsrlərdən ruslar Qafqaza gələnədək, Türk dilindən istifadə etmişik. Həmin vaxt ön asiyada istifadə olunan bu dil – Türki dili adlanırdı. Biz mütləq bu dili bərpa etməliyik”, – deyə o, bildirib.

 

 

Türkiyəli professor Hasan Oktay isə “AzPolitika.info”-ya şərhində bildirib ki, son 30 ildə Türk dövlətləri arasında əlaqələr inkişaf edən xətt üzrə irəliləyir: “1991-ci ildən etibarən Türk dövlətləri müxtəlif sahələrdə irəliləmə əldə edə biliblər. Hər sahədə inkişaf etdirilən əlaqələrin dil məsələsinə də aid edilməsi vacibdir. Düşünürəm ki, bu istiqamətdə Türk dövlətləri arasında “Anadolu türkcəsi” adlandırdığımız ortaq yazı, ədəbiyyat dili yaradılmalıdır. Bu dil dövlətlərin ortaq adət-ənənələri və mədəniyyətlərinə uyğun olmalıdır”.

“Hesab edirəm ki, zamanla eyni mədəniyyətin yer aldığı coğrafiyada ortaqlılq əlaqələri daha da genişləndiriləcək və ortaq ünsiyyət dili – türkcə yaranacaq” – deyə, professor bildirib.

E. Bəyməmmədli

About Author