Oktyabrın 13-də Xırdalan ərazisində yerləşən “Şamlıq” restoranında Heydər Əliyev Yayım Mərkəzinin və Cəbrayıl rayon 5 saylı orta məktəbin təşkilatçılığı ilə Vətən Müharibəsi Şəhidi Məmmədov Xəyal Xaliq oğlunun Anım Günü tədbiri keçirildi.
Tədbirdə Zəngəzur regional Təhsil İdarəsinin rəhbəri Fuad Bədəlov, Cəbrayıl rayon Təhsil Sektor müdiri Zamiq Qurbanov, Vətən Müharibəsində ilk həkim Şəhid Şöhlət Qasımovun atası Şakir Qasımov, Şəhid Səbuhi Həsənquliyevin anası Maisə xanım, vaxtilə Şəhid Xəyalın komandiri olan Vətən müharibəsi qazisi İzzət Balacayev, Sumqayıt Cümə Məscidinin axundu Gülağa İsmayılov, o cümlədən əməkdar artist Yusif Mustafayev də iştirak etdilər. 5 saylı məktəbin şagirdləri şeirlər səsləndirdi, müəllimlər Şəhid Xəyal Məmmədov haqqında xatirələrini danışdılar.
Fuad Bədəlov, Zamiq Qurbanov və 5 saylı məktəbin direktoru Faiq qurbanov geniş nitqlə çıxış etdilər. Şəhidin atası və anası çıxış edərək, kədər hissləri ilə yanaşı övladları ilə qürur hissi yaşadıqlarını qeyd etdilər. Oktyabrın 15-i Şəhidin vaxtilə yaşadığı Füzuli rayonu Zobucuq 1 qəsəbəsində yerləşən evdə də Anım Günü tədbiri təşkil edildi. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Füzuli rayon şöbəsinin əməkdaşları, İcra Hakimiyyətinin nümayəndələri, Füzuli rayon Qərbənd kənd sakinləri Şəhidin məzarını ziyarət edərək xatirəsini yad etdilər.
Şəhidin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.
P.s Əslən Füzuli rayonu Qərbənd kəndindən olan Şəhid Məmmədov Xəyal Xaliq oğlu 2001-ci il fevralın 12-də Sumqayıt şəhərində anadan olub. Məktəb yaşlarında idmanın futbol və cüdo növləri üzrə yarışlarda iştirak edib. Ailəsinin Füzuli ərazisinə köçməsi ilə əlaqədar 11-ci sinfi Füzuli rayonu Zobucuq 1 qəsəbəsində yerləşən məktəbdə bitirib. 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmət aparıb. 2020-ci il xidmətinin başa çatmasına saylı günlər qalmış Ali Baş Komandanın əmri ilə başlayan Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə iştirak edib.
Ağdərə-Murov istiqamətindən başlayan döyüş yolu, Füzulinin bir neçə yüksəkliklərinin alınmasına qədər davam edib. 2020-ci il oktaybrın 15-də Qırmızıbazar düzü adlanan ərazidə gecə kəşfiyyata gedən qrupda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Vətən Uğrunda”, Cəsur Döyüşçü”, Kəlbəcər Uğrunda”, “Xocavənd Uğrunda”, “Şücaətə Görə”, “Füzuli uğrunda” medalları və “3-cü dərəcəli rəşadət” ordeni ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!
Seyid Hüseyn Qədiroğlu.