XƏBƏRLENTİ

xeberlenti.com

Ermənistan hücum silahları alır: Bəs sülh müqaviləsi nə zaman imzalanacaq? – TƏHLİL + FOTO

“Dinamikliyi şərtləndirən Azərbaycan tərəfinin iradəsidir”

Milli Məclisin deputatı Elşad Mirbəşir hesab edir ki, son vaxtlar danışıqlardakı dinamikanı şərtləndirən Azərbaycan tərəfinin iradəsidir:

“Ermənistan tərəfi hər vasitə ilə sülh sazişini imzalamaqdan yayınmağa davam edir. Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan 2020-ci ilin noyabrından bu günə qədər özünün ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmək üçün vasitələr axtarışındadır. Lakin Azərbaycanın qabaqlayıcı addımları sayəsində bu cəhdlər heç bir nəticə verməyib”.

Millət vəkili qeyd edib ki, Ermənistan təxribatlar törətməklə öz məqsədinə nail olmağa bir neçə dəfə cəhd edib:

“Ermənistan bu təxribatlarla Azərbaycanı təcavüzkar kimi qələmə vermək və Qərbdə ölkəmizə qarşı kampaniya başladılmasına nail olmaq istəyirdi. Ermənistandan və ermənilərdən zərrə qədər də olsa səmimiyyət gözləmək sadəlövhlükdür. Onlarla yalnız gücün dili ilə danışmaq lazımdır. Biz 30 ilə yaxın Ermənistanla danışıqlar aparmağa cəhd göstərdik. ATƏT-in Minsk qrupunun vasitəçiliyinə dözdük. Amma heç bir nəticə olmadı. Mahiyyət etibarilə Ermənistan indi də dəyişməyib. Amma biz yenə də regionda sülhün, təhlükəsizliyin təmin olunması naminə əməkdaşlığın əsas təşəbbüskarı olmaqla Ermənistanla münasibətlərimizi normallaşdırmağa çalışırıq. Bu, Azərbaycanın bütün region üçün vermək istədiyi bir töhfədir. Amma yenə də xəstə erməni təfəkkürü və onların regionda gərginliyin qalmasında maraqlı olan hamiləri bütün vasitələrlə sülh prosesini əngəlləməyə çalışırlar”.

Yeni missiya prosesləri ləngitməyə çalışacaq

E.Mirbəşir hesab edir ki, Praqa görüşündə Ermənistan ərazisinə Avropa İttifaqının missiyasının göndərilməsi ilə bağlı verilmiş qərar da məhz bu mərama hesablanıb:

“Çünki Avropa İttifaqının mülki missiyasının regiona göndərilməsi üçün heç bir əsas mövcud deyil. Yəni Azərbaycan tərəfi Ermənistana sülh müqaviləsini imzalamaq üçün öz şərtlərini təqdim edib. Ermənistan tərəfi bu şərtləri aldığını və orada onun zərərinə olacaq heç bir məqamın olmadığını səsləndirir. Həm Ermənistan, həm Azərbaycan tərəfi sərhəddə delimitasiyanın aparılması üçün işçi qrupunu yenə də Azərbaycanın israrı ilə formalaşdırır. Belə olan halda mülki missiyanın fəaliyyətə başlamasına nə ehtiyac var? Hesab edirəm ki, bu missiya vəziyyətin normallaşdırılmasına heç bir kömək etməyəcək. Amma Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bundan sonra bizim uzun müddət gözləməyə vaxtımız yoxdur. Azərbaycanın həm siyasi imkanları, həm hərbi gücü imkan verəcək ki, biz Azərbaycan-Ermənistan sərhədlərinin ədalətli şəkildə müəyyənləşdirilməsinə nail olaq, bizim irəli sürdüyümüz ədalətli şərtlər əsasında sülh müqaviləsi imzalansın. Azərbaycan artıq nümayiş etdirib ki, əgər dinc vasitələr səmərə vermirsə, bizim gücümüz məqsədlərimizə çatmağımız üçün yetərli olur”.

“İndiki şəraitdə sülh müqaviləsinin imzalanması real deyil”

Politoloq İlqar Vəlizadə bildirib ki, Praqa görüşündən sonra danışıqların intensivləşəcəyinə inanmaq olardı. Amma bunun əksini müşahidə edirik:

“Ermənistan regiona yeni missiya gətirir. Məqsədləri odur ki, bu missiyaların əli ilə Azərbaycana təzyiq göstərilsin”.

İ.Vəlizadə qeyd edib ki, Ermənistan İrandan, Hindistandan hücum silahları alır:

“Çox güman ki, bu silahları müdafiə olunmaq üçün yox, hücumda istifadə etmək üçün alırlar. Əgər bunlar ciddi olaraq müharibəyə hazırlaşırlarsa, düşünmək olmaz ki, sülh müqaviləsini yaxın vaxtlarda imzalayacaqlar. Amma indiki halda Ermənistanın heç bir imkanı yoxdur ki, Azərbaycanla müharibə aparsın. Onlar sadəcə vaxt udmaq istəyirlər. Bəlkə də bu sülh danışıqları Ermənistan üçün öz hərbi-siyasi planlarını həyata keçirmək üçün bir pərdədir. Belə olan halda Azərbaycan və Ermənistan arasında yaxın müddətdə bizim istədiyimiz şərtlərlə sülh müqaviləsinin imzalanması real deyil”.

“Ermənistanın növbəti spekulyasiyalarının şahidi oluruq”

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, sentyabr döyüşlərindən sonra da Ermənistanın spekulyasiyalarının şahidi oluruq:

“Ermənistan yenə dəhliz məsələsindən yayınır, Daşkəsən və Kəlbəcər istiqamətində yeni artilleriya vasitələri və canlı qüvvə yerləşdirir. Eyni zamanda, Avropa İttifaqının müşahidəçilərinin sərhəddə yerləşdirilməsi işini aparır. Düşünürəm ki, Ermənistan hazırda sülh üçün çalışmır. Onlar geosiyasi şərtlərin xeyirlərinə dəyişəcəyi yeni bir vəziyyətin yaranmasını gözləyirlər. Bu baxımdan, düşünmürəm ki, Ermənistan ilin sonuna kimi sülh müqaviləsinə imza atsın”.

“Ermənistan vaxt qazanmaq üçün çalışır”

M.Əsədullazadə vurğulayıb ki, Praqa görüşünü də əvvəlki görüşlər kimi xarakterizə etmək olar:

“Biz Ermənistan tərəfindən hər hansı bir ciddi addımlar atılmasının şahidi olmuruq. Azərbaycan sülh detallarını Ermənistan tərəfinə verib. Amma Ermənistan vaxt qazanmaq üçün çalışır və real sülhə gəlmək istəmir. Çünki sülh sazişi üçün delimitasiya və  demarkasiya prosesinə başlanmalı, Zəngəzur dəhlizinin açılmasına nail olunmalıdır. Həmçinin Ermənistan Qarabağdan öz silahlı qüvvələrinin qalıqlarını tam çıxarmalı və separatçılara humanitar yardımları və maliyyə köçürmələrini dayandırmalıdır. Biz hələ ki, Ermənistanın davranışlarında bunu hiss etmirik. Ona görə də ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağı inandırıcı görünmür”.

About Author