Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı.
O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: “Gəldikləri kimi də gedəcəklər…Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni, yenə ulusun öz gücü qurtaracaqdır”.
Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, “Meclis Başkanı” seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığını elan etdi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: ” Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm”. Atatürk və Türk xalqı Qurtuluş savaşında möhtəşəm zəfər qazandı.
Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdur.
Atatürkün qurduğu Cümhuriyyət ilbəil tərəqqi edir, nüfuzunu yüksəldir, dünya birliyində haqq etdiyi yeri tutur. Türkiyə Cümhuriyyəti Quruluşunun 2023-cü ildə qeyd ediləcək 100 illiyində hədəf ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini isə 1 trilyon dollara çıxarmaq, dünyanın 10-cu ekonomi gücü olmaqdır.
Türkiyə bu illərdə onlarla ölkədaxili, region və uluslararası projeni gerçəkləşdirib, 150 illik Mərmərə Layihəsi röyasını həyata keçirib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolunun açılışına Bakı-Tbilisi-Qars xətti ilə yaşıl işıq yandırılıb. 82 vilayətin hamısında Universitet açılıb, dəniz, hava, quru yol, enerji infrastrukturunda, hərbi və mülki texnika və texnologiyalar istehsalında toplam Cümhuriyyət dövründə olduğundan artıq işlər görülüb.
Türkiyə indi dünya siyasətinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən söz sahibi dövlətə çevrilib.
Bu başarılar son illlərdə bütün seçim və referendumlardan qalib çıxıb təkbaşına hökumət quran AK Parti iqtidarı ilə birlikdə Türkiyə və dünyanın ən reytinqli sorğularında dünya siyasətinə təsir edən etkili siyasilərin ön sırasında yer alan Ərdoğanın adına yazılan uğurlardır.
Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Ulu Yaradanı, Türkiyə və Azərbaycanı cani-könüldən sevən insan, Türkiyədə Atatürkdən sonra ən böyük xalq sevgisi qazanmış, böyük uğurlara imza atmış siyasi lider olaraq qəlbimdə özünə əbədi yer tutub.
Türkiyə Cümhuriyyəti tarixinin bu önəmli günündə sevgi ilə, inamla bu sözləri deyirik: Yaşasın Qardaş Türkiyə Cümhuriyyəti!