XƏBƏRLENTİ

xeberlenti.com

Britaniya parlamentində Azərbaycan musiqisi – FOTOLAR

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Manzilə Uddinin və Azərbaycanın Londondakı səfirliyinin təşəbbüsü ilə Parlamentdə “Diplomatiyada qadınların rolu” adlı tədbir keçirilib.

Bu barədə  Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Tədbiri açan Baronessa Uddin Azərbaycanda olarkən ölkəmizə heyran olduğunu, Azərbaycan mədəniyyətinin zənginliyini və gözəlliyini xüsusilə vurğulayıb. Baronessa Azərbaycanda qadınların hüquqlarına göstərilən diqqət, eləcədə cəmiyyətimizdə tolerantlıq ənənələrini qeyd edib. Baronessa, həmçinin bu formatda toplantının keçirilməsinin həm Azərbaycan mədəniyyətinin yaxından tanıdılması, həm də dünyaya örnək tolerantlığın Azərbaycanda əsrlər boyu necə formalaşmasını tədqiq etmək baxımından çox faydalı olduğunu bildirib.

Öz növbəsində, Azərbaycan səfirinin həyat yoldaşı Lalə Əbdürəhimova Azərbaycanın etnik mənsubiyyətindən və ya dinindən asılı olmayaraq hər bir vətəndaşımızın vahid vətəni olduğunu qonaqların diqqətinə çatdırıb. Müxtəlif dinlərdən olan insanların Azərbaycanda əmin-amanlıq şəraitində birgə yaşamaları tolerantlığımızın və sülhpərvər olmağımızın bariz göstəricisidir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən Milli Məclisdə və diplomatik korpusumuzda xanımların sayı artmaqdadır və dövlətimiz buna xüsusi dəstək göstərir.

L. Əbdürəhimova Azərbaycanın inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu və xanım Əliyevanın gənc qadınlar üçün nümunə və ilham mənbəyi olduğunu vurğulayıb.

Həmçinin, tədbirdə tanınmış Azərbaycanlı musiqiçi Səbinə Rakçeyeva Fikrət Əmirovun musiqisini ifa edib. Dünya şöhrətli bəstəkarın irsindən söz açan S. Rakçeyeva Fikrət Əmirovun simfonik muğam formasını tanıdılmasında eləcə də, Azərbaycan musiqisinin sintezində əvəzolunmaz töhfəsindən danışıb.

Lordlar Palatasında keçirilən bu tədbirdə Britaniya Parlamentinin hər iki palatasının qadın üzvləri, o cümlədən Baş nazirin xüsusi ticarət elçisi Baronessa Emma Nikolson, Londonda akkreditə olan qadın səfirlər və diplomatik korpusun üzvləri, eləcə də Azərbaycan, türk və digər icmaların fəalları iştirak edib.

 

About Author