Adım qandır, torpağa nişanlıyam.
(Stakkato)
Bir gün gələn bir gün də gedir. Qalan bir gün olur.
Bir yaşamaq var, bir yorulmaq. Yorulmadınsa yaşayırsan.
Hamı onun övladı, hamını sevir. Övladlarını necəliyinə görə yox, öz böyüklüyünə görə sevir. Sevgisinə rəğmən qəddar anadır, burdan doğub, burdan biçəndir. Qəddarlığına rəğmən qayğıkeşdir. Yeganə yorğandır ki, yatanda heç kimin kürəyi açılmır.
Gecə gündüzün alt qatıdır, soyuq istinin astarı, sən də göyün ətəkləri. Udduğun ürəklər sözü bir yerə qoyub bərabər döyünəndə titrəyirsən, adına zəlzələ deyirlər.
Anam! Yoğurduğun cismimə sahibsən, yalnızca ona. Mən zərrəyəm, işıqdan doğulmuşam, dənəyə qarışmanam.
***
Təzimlər kimlərəsə yox, tək bircə torpağa edilib həmişə.
Müqəddəs bilib and içdilər, əkib-becərdilər, qoruyub qanlarıyla suvardılar və… ayaqladılar durmadan, təpik altda qoydular. Adına ya “ana”, ya “qara” dedilər, etiraz etmədi, yenə çiynində gəzdirdi hamını. Heç yorulmadan…
Kələ-kötüründən utanarlar, sivilləşdirib üz çəkərlər, alınmaz. Asfaltı yarıb günəşə boylanan zərif cücərtini görəndə anladım ki, vəhşidir torpaq, ram edilməsi mümkün olmayan vəhşi.
Ya qum saatına töküb vaxtın qulluğuna qoymaq istərlər, süzülüb aradan çıxar, vaxtı da özüylə aparar.
Ağrı, ölüm – bacılarındır. Ağrını pis tanımırıq. Adından yox, nəfəsindən, hənirindən tanıyırıq onu. İkincininsə fenomenal xisləti nifrət mənbəyi olmasına əngəl törədə bilmədi, iştahı küssün onun. Küssün də özümüzdən bezik salaq. Nədən ən ləyaqətlilər ölümün ən ucuzunu seçərlər? Ən mənasız və gicbəsərini, daha çox yandırsın deyəmi?
Bəzən deyilən sözlərə inanmaq lazımdır. Yoxluğu ilə səni dəli edən birisi yuxuna gəlib əgər pıçıldayırsa: toxta, mən qayıtmışam. Bu o deməkdir ki, həqiqətən qayıdıb, gedər-gəlməzə getsə belə.
Elə itkilər var, sənə yoxluğu bir köynək yaxın edib o məchul susqunlar diyarını sevdirər. Ora doğma yerlərə gedər kimi gedərsən, üşənmədən.
Bir şeylər bilməyib, amma nələrisə dəyişə biləcəyimiz yerdən hər şeyi bilib heç nəyi dəyişə bilməyəcəyimiz yerədir yolumuz. Ya köç…
“Ax, keçən günlər! Nələr, nələr! Qədrini bilmədik” – indiki günlərinizin də gələcəkdə bu cür xatırlanmaq şansı var. Biz itirdiklərimizin xiffətini çəkənlərik. Odur ki, dolu gözlü yaşayın.
***
“Çörəyini alnının təriylə yeyəcəksən, torpağa qayıtmayana qədər. Ondan başladın, ona da dönəcəksən. Sən toz dənəsisən”. (İncil).
Makro və mikroelementlərdən təşkil olunmuşuq. Demək olar hamısı torpaq elementləridir, yəni palçıq xislətliyik bir növ. Yer qabığının ən yayğın mineralıdır silisium. Akademik V.Vernadski hələ keçən əsrdə “Silisiumsuz həyat yoxdur, onsuz heç bir canlı orqanizm yaşaya bilməz” demişdi.
Fulvic və humic turşularına insan orqanizminin böyük ehtiyacı var. Hətta qara torpağın da üzvi tərkibi bu elementlər sarıdan yoxsullaşıb, bunlarsa mürəkkəb kimyəvi tərkibinə görə laboratoriyada sintez oluna bilmir. Alternativ təbabətdə hüceyrə və toxuma metabolizminin bərpası üçün istifadə olunan şüssler duzları qeyri-üzvi mineral birləşmələrdir. Torpaq kasadlaşdığına görə həb halında qəbulu məsləhət görülür.
Atmosferin də qaz tərkibinin dəyişilməsi qaçılmazdır. Beləcə tükətdik hər şeyi, torpağı, suyu, havanı, canlını, cansızı – divan tutduq hamısına. İndi əlimizi çənəmizə dirəyib, “Nə eləyəcəyik?” deyə fikirləşirik. Çatmayanı laboratoriya kolbalarında quraşdırıb yerinə qoymaq istəyirik. Bu, təbii olanın yerini verməyəcək amma. Bu süni analoqdur, surət, onun sorulması da, assimilyasiyası da problematikdir, hüceyrəni aldatmaq olmaz. Bəzi minerallarınsa (silisium) ayrıca qəbulu arzuolunmaz nəticələrə gətirə bilər. Bizsə hələ də dağıtmaqda, didməkdə, parçalamaqdayıq. Çox şeylər elədik, sənsə susub dinmədin. Kəsilən ağaclar barmaqlarındı, vay ovcunun bağlanacağı günə. Otlar torpağın səsidir. Gül dəstəsini xoşlamadım heç. Kəsilmiş səsləri. Onlar köksdən qalxanda gözəldir.
Gələcək nəsillərə dadmalı bir şeylər qoymamaqda israrlıyıq. Onlara qaranlıq bir dünya buraxacağıq, qoy köçüb kompüterlərində yaşasınlar. Kiborqlar səltənətinin sakinləri bizim kimi əcdadla, əminəm, öyünməyəcəklər.
Eh, sahilin də yox ki, oturub ayaq sallayaq sularına. Dalaq ənginliyinə, dilini öyrənək. Bağışla, səninlə necə və hansı dildə danışacağımızı da bilmirik. Elə beləcə, səssiz-sözsüz lal üzrlərimizi lal sükutunla qəbul et, bağışla bizi…
***
İnsan havasız filan qədər, susuz filan qədər, qidasız filan qədər yaşaya bilər. Bu uzun siyahıda torpağa heç yer tapılmadı.
Həyat qədər şirin olduğun, hər dənənin qızıla bərabər tutulduğu məqamlar var. Su ənginliyində yolunu azıb dəli dalğaların bir-birinə ötürdüyü, gözləri uzaqda qaraltı gəzən gəmi heyəti, qəzaya uğrayıb idarəetməni itirən təyyarə sərnişinləri səndən savayı nə arzular ki? Bu zaman sən elə həyatın adı olursan. Ya sən – adidən adi, qaradan qara olan sən – Vətən ranqına yüksələrkən qürbətdə həsrətinlə yanan övladların üçün, ya düşmən tapdağından qarış-qarış, oymaq-oymaq, qanla satın alınırkən, bəs o zaman, o zaman bəs qiymətin, dəyərin, önəmin nə, bilirsənmi? Bu zaman sən elə həyatın dadı olursan.
***
Doğma və tanışsan. Sən uzaq və yad kosmos deyilsən, yaxın və istisən. Bilmirəm, bəlkə səndən sənə köçəndə uzaqlaşacaqsan, eynən kosmos kimi yad və soyuq olacaqsan, oysa yaxınlaşacaq. Bilmirəm…
Sevirəm səni. Hər addımım qara dodaqlarından qopardığım busə, hər xatırlamam məhəbbətimdir. Dirənc yerim, güc mənbəyimsən. Ayaqlarım altda müqavimətini duyanacan səninləyəm!