Bu yaxınlarda Milli Məclisdə büdcə müzakirələrinə qatılan maliyyə naziri Samir Şərifov deputatların pensiya ilə bağlı təkliflərinə münasibət bildirib. Nazir pensiya yaşının azaldılması təklifinə müsbət yanaşmayıb, bu addımın problemlərə səbəb olacağını söyləyib.
“Pensiya yaşının süni şəkildə azaldılıb, çoxaldırması müəyyən problemlərə səbəb ola bilər. Biz statistikaya görə bilirik ki, ölkədə uzunömürlülük yüsəkdir. Ona görə bu statistikanı nəzərə almaq lazımdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25%-lə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən. Bu gün ölkədə insanlar işləyirlər, amma başa düşmürlər ki, işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Bunun əsasında pensiya məbləği müəyyənləşəcək”, -Samir Şərifov deputatlara cavab deyib.
Nazirin açıqlaması birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli normal pensiya almaq üçün hamının 35 il işləməsinin məntiqəuyğun olmadığını söyləyib:
“Hamı 35 illik stajla pensiya almır. Ölkədə tək staja görə pensiya deyil, həm də yığım məsələsinə görə pensiya tətbiq olunması qaydaları var. Yığım prosesi var, bu zaman stajın əhəmiyyəti çox olmur. Azərbaycanda təqaüdlərlə bağlı qanunvericilik dəfələrlə dəyişdirilib. Təkcə staja görə pensiyaların müəyyənləşdirilməsi qaydaları indiki qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də cənab nazirin bu fikirinin indiki qanunvericiliklə ziddiyət təşkil etdiyini söyləmək mümkündür. Staja görə də, yığım hissəsinə görə də pensiyaların təyin olunması qaydası var. Bu, o demək deyil ki, istənilən şəxs 35 il staja malik olmalıdır ki, təqaüd alsın. Azərbaycan reallığında belə bir təcrübə yoxdur ki, hamı 35 illik stajla pensiya alsın”.
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Azərbaycanda pensiya sisteminə yenidən baxmağa ehtiyac var:
“Pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Aylıq pensiyanın təyin olunması zamanı yığılmış pensiya kapitalının 144 aya bölünməsini doğru hesab etmirəm. 65 yaşında pensiyaya çıxan insanın pensiya kapitalı 12 ilə bölünür. Bu isə 77 yaş edir. Azərbaycanda isə orta yaş həddi 77 deyil. Ən azından bu məsələyə yenidən baxmaq olar. Dünya təcrübəsində pensiya ilə bağlı müxtəlif fomalar var. Bu formalar ölkələrin inkişaf səviyyəsinə görə dəyişir. Stajdan asılı olmayaraq, insan pensiya yaşına çatdığı təqdirdə hansı pensiya kapitalını yığıbsa, ona uyğun mexanizmlərlə öz pensiyasını almalıdır”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, insanlar normal pensiya almaq üçün 35 il işləməlidirlər:
“Bu gün ölkədə insanlar işləyirlər, amma başa düşmürlər ki, işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Bunun əsasında pensiya məbləği müəyyənləşəcək”.