Avropa Birliyi Kremlin Ukraynaya qarşı təcavüzünü durdurmaq tələbilə Rusiyanın enerji resurslarının satışından əldə etdiyi mənfəətə zərbə vurmaq üçün 5 dekabr tarixindən bu ölkənin ixrac etdiyi neft və neft məhsullarının satışına bir barrel üçün 60 dollar qiymət limiti tətbiq etməyə başlayıb.
AB-nin çıxardığı qərar heç də birmənalı qarşılanmayıb və ələlxüsus da Ukrayna bu addımdan narazıdır. Prezident Volodimir Zelenski hesab edir ki, təcavüzkarı cəzalandırmaq istiqamətində daha sərt addımlar atılmalıdır. Amma ekspertlər içərisində bu qərarın Rusiya üçün ağır nəticələrə səbəb olacağını söyləyənlər də var.
Ukraynanın “Unian.net” internet portalı “Avropa Birliyinin Rusiya neftinin alışına qoyduğu embarqo müharibənin gedişini necə dəyişə bilər” başlıqlı məqaləsində sözügedən mövzuya toxunulur. Həmin məqalənin tərcüməsini təqdim edirik:
“Rusiyadan ixrac olunan neft və neft məhsullarının satış qiymətinə bir barrel üçün 60 dollar səviyyəsində hədd məhdudiyyəti qoyulub. Hər iki aydan bir buna yenidən baxılacaq.
Kremldən bəyan ediblər ki, bu qərara tabe olmayacaqlar və əgər qiymət məhdudiyyəti tətbiq edilərsə, bütün tədarükləri kəsəcəklər. Əgər ruslar bunu edərlərsə, o zaman öz ayaqlarına atəş açacaqlar ki, bu da ukraynalıları çox sevindirər. Digər tərəfdən, 2023-cü ilin 5 fevral tarixindən etibarən Rusiya neft məhsullarının dəniz daşımalarına qoyulan qadağa qüvvəyə minəcək.
“Beynəlxalq Enerji Agentliyi”nin məlumatına əsasən, məhz Avropa Birliyi ölkələri Rusiya enerji resurslarının ən böyük alıcısdır. Müharibəyə qədər Rusiyadan ixrac edilən neftin demək olar ki, yarısını AB ölkələri alırdı, sonrakı yerləri Çin, Hindistan və digər ölkələr tutur.
Deməli, bundan sonra Avropa Birliyi, Böyük Britaniya və ABŞ Rusiya yanacağının dənizlə tədarükünü dayandırmaqla, Rusiyanın timsalında ”yanacaqdoldurma məntəqəsi”nin neft ixracının əhəmiyyətli hissəsini kəsəcək. Beləliklə, təcavüzkar Rusiyanı neft gəlirlərindən məhrum qoyacaqlar və o da öz növbəsində Asiya ölkələrinə istiqamətlənəcək. Orada isə enerji resurslarını bazar qiymətlərindən xeyli aşağı təklif etməyə məcbur qalacaqlar.
Neft embarqosu təsir göstərir
“Razumkov Mərkəzi” enerji proqramlarının direktoru Vladimir Omelçenko bildirib: “Embarqonun qüvvəyə minməsindən sonra Rusiyanın öz neftini dünya bazarında hətta “qara sxemlə” satması da çox çətinləşəcək. Digər yandan, tələbatın düşməsi nəticəsində Rusiya öz neft quyularının dörddə birini həmişəlik qapatmalı olacaq. Rusiyada 180 min neft quyusu var və təkcə embarqo hesabına Rusiya qırx min quyusunu konservləşdirməyə məcburdur. Belə olan təqdirdə quyular sıradan çıxa bilər. Bu, Rusiya sənayesinə böyük zərbədir”.
“Beynəlxalq Enerji Agentliyi” gələn ilin birinci rübü üçün Rusiyada xam neft hasilatının təxminən iyirmi faiz və ya gündəlik iki milyon barrel azalacağını gözləyir. Həm də ki, 2023-cü ilin fevralında Rusiya neft məhsullarına embarqonun tətbiqi nəticəsində bu ölkənin büdcəsi illik 70-80 milyard dollardan məhrum olacaq. Bu isə Rusiya iqtisadiyyatında özünü bariz şəkildə əks etdirəcək.
Kiyev İqtisadiyyat Məktəbinin iqtisadi-siyasi təhqiqat mərkəzinin vitse-prezidenti Natalya Şapoval deyib: ”Sanskiyaları da nəzərə alsaq, Rusiya bu il enerji resurslarının satışından 356 milyard dollar vəsait götürüb. Əgər sanksiyalar olmasaydı, Rusiya üç-dörd dəfə daha çox gəlir götürə bilərdi”.
Bütün bunlara baxmayaraq, əksər ekspertlər embarqonun kifayət qədər sərt olmadığını bildirirlər. İqtisad elmləri namizədi, ekspert Aleksandr Xmelevski vəziyyəti belə şərh edib: ”Avropa Birliyi tərəfindən Rusiya neftinə tətbiq edilmiş qadağalarda bir sıra istisnalar yer alıb. Belə ki, Rusiya nefti 2024-cü ilin sonuna kimi “Drujba” neft kəməri ilə Çexiyaya, Slovakiyaya və Macarıstana daşınacaq. Bu, Rusiya neftinin Avropa Birliyinə bütün ixracının 11 fazini təşkil edir. Bundan əlavə, AB rus neftinin Xorvatiyaya 2023-cü ilin, Bolqarıstana isə 2024-cü ilin sonuna kimi ixrac edilməsinə icazə verib. Bolqarıstanın Burqas şəhərində Rusiyanın ”Lukoil” şərkətinə məxsus neftayırma zavodu fəaliyyət göstərir. Yəni, Rusiya nefti bu zavoda tədarük edilərək, orada emal olunur və əldə olunan neft məhsulları Avropa Birliyi ölkələrinə satılır”.
Rusiya üçün qiymət cəzası
Natalya Şapoval 5 dekabrda Rusiya neftinin satış qiymətinə qoyulan məhdudiyyətin necə işləyəcəyi barədə bildirib: ”Rusiya neft məhsullarına embarqo qoymayan Çin, Hindistan, Türkiyə və digər ölkələr Qərbin göstərdiyi xidmətlərdən – neft daşıyan tankerlərdən, sığorta və maliyyə xidmətindən yalnız Rusiya neftinin alışı zamanı onun satış qiymətinə qoyulmuş həddə əməl etmək şərtilə istifadə edə bilərlər. Qərbin bu cür xidmətləri bazarın 60-90 faizini əhatə edir və ona görə də bu, ciddi motivasiyadır. Hesablamlara görə, əgər qiymət məhdudiyyəti il ərzində işləyəcəksə, o zaman Rusiyanın 2023-cü ildə enerji resurslarının satışından əldə etdiyi gəlirin miqdarı 166 milyard dollar təşkil edəcək”.
Bir tərəfdən bu cür ehtiyatlı tədbirlərlə Qərb təcavüzkar Rusiyanı sülhə məcbur etməyə çalışsa da, digər yandan bu, Vladimir Putinin cinayətkar “ölüm maşınını” tezliklə dayandırmaq üçün yetərli deyil.
Ukrayna Prezidenti vəziyyəti belə şərh edib: ”Rusiya üçün bu cür hədd müəyyənləşdirilməsini ciddi qərar adlandırmaq olmaz. Rusiya düşünülmüş şəkildə enerji bazarını sabitsizləşdirməklə bütün dünya ölkələrinə böyük ziyan vurub. Ancaq dünya hələ ki, onun enerji baxımından tam tərkisilah edilməsinə qərar verə bilmir. Bu, zəif mövqedir”.
Ukrayna Rusiya nefti və neft məhsullarının satış qiymətinə bundan iki dəfə aşağı hədd qoyulmasına israr edəcək. Rusiyanın təzavüzünə qarşı çıxan beynəlxalq işçi qrupun təhiqiqatları göstərib ki, qiymət həddinin bir barrel üçün 30-35 dollar səviyyəsində məhdudlaşdırılması Rusiya Federasiyasına ciddi maliyyə təzyiqi olacaq və bu, Rusiyanın neft və qaz ixracından qazancının 100 milyard dollar azalmasına gətirib çıxarcaq.
Neft bazarındakı dəyişikliklər
Ekspert Aleksandr Xmelevski izah edib ki, neft tədarükündə faktiki qlobal yerdəyişmə baş verir. ABŞ, Nigeriya, Anqola və digər ölkələr Avropaya göndərdikləri neftin həcmini artırıblar. Yaxın Şərq və Afrika tədarükçüləri də Asiya bazarına yolladıqları neftin həcmini azaldaraq onu Avropa bazarına doğru yönəldirlər. Rusiya isə əksinə, onların Asiyadakı mövqelərini tutmağa cəhd göstərir.
Aleksandr Xmelevski daha sonra deyib: ”Avropada neftin qiymətinin əhəmiyyətli dərəcədə qalxması gözlənilmir. Lakin dizel yanacağında müəyyən qıtlıq yaşana bilər. Rusiyanın Avropa dizel yanacağı bazarındakı payı 50 faiz səviyyəsindədir”.
Amma çox güman ki, Avropa yeni reallığa adaptasiya oluncaq və müvəqqəti çətinliyin öhdəsindən gələcək. Ukrayna üçün Avropadakı yanacaq bazarının sabitliyi hədsiz dərəcədə önəmlidir, çünki bu, Ukraynanın dizel və benzin tədarükünün əsas mənbəyidir.
Xmelevski əmindir ki, neft məhsulları tədarükündəki güclü kəsintilərin baş verməsi gözlənilmir. Ukraynada neft məhsullarının qiymətinin yüksəlməsini böyük ölçüdə irəlidəki devalvasiya müəyyənləşdirəcək. Benzinin bir litrinin qiymətinin iki-üç qrivna qalxması ukraynalıların elektrik generatoruna olan tələbatı ilə əlaqədardır.
Əgər Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü və milyonlarla insanın əzablarını durdurmaq arzusu varsa, o zaman Avropa Birliyi bir müddətdən sonra Rusiya nefti üçün müəyyənləşdirilmiş qiymət həddini xeyli aşağı salmaq məcburiyyətində qalacaq. Aydındır ki, on illər ərzində süni surətdə Rusiyanın ucuz enerji resurslarından asılılığa salınan Avropanın bunu sürətlə etməsi çətindir, amma siyasi iradə və demokratik dünyanın iqtisadi praktikası düzgün istiqamətdə hərəkət edir. Təəssüf ki, hər gün edilən tərəddüdlər və hansısa gəlir-çıxarın hesablanması nəticəsində Ukrayna ən yaxşı insanlarını itirir.
Bütün çətinliklərə baxmayaraq, Ukrayna bu taleyüklü müharibədə qalib gələcək və uzun illər ərzində quldur dövlət olan Rusiyanı dünya iqtisadiyyatından təcrid edəcək, onun enerji sektoruna ciddi zərbə vuracaq və onun qonşularına qarşı işğalçı müharibə aparmaq iştahını azaldacaq”.