XƏBƏRLENTİ

xeberlenti.com

Heydər Əliyevin Dövlət quruculuğu fəlsəfəsi və yeni reallıqlar

  2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı
Prezident İlham Əliyevin verdiyi Fərman üzərində düşünərkən...
Müasir müstəqil və demokratik Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin irsinin tədqiqi həmişə aktuallığını saxlayacaqdır. Çünki bu irs müasir Azərbaycanın varlığının “can damarı”dır, ruhudur və daim ondan qidalanması lazımdır.
Ümummilli Liderin fəaliyyəti çox geniş, əhatəli və rəngarəngdir, ancaq həmişə dövlətçiliklə bağlı olmuşdur. Keçən əsrin 90-cı illərində Azərbaycan cəmiyyəti və dövləti üçün çox çətin olan bir mərhələdə xalq öz xilaskarını dəqiq müəyyən edərək  Heydər Əliyevi hakimiyyətə gətirdi.
İndi araşdırmaçılar məhz xalqın Ulu Öndəri yenidən hakimiyyətə dəvət etməsinin fəlsəfi, siyasi və mənəvi-əxlaqi tərəflərini araşdırmağa çalışırlar. Bu, doğurdan da aktual və analizi vacib olan bir məsələdir. Çünki Azərbaycan xalqının müdrikliyi, uzaqgörənliyi ən çətin dönəmlərdə belə, toplum olaraq düzgün qərar qəbul etməyə imkan yaradır. Digər tərəfdən isə xalqına çox bağlı olan, Vətəni varlığı qədər sevən bir böyük siyasi liderin xarizmatik xilaskar rolunu üzərinə götürməsi həmin dövr üçün cəsarətli addım idi. Bu iki məqamın sintezində Heydər Əliyevin Azərbaycanın Uğurlu Ümummilli Lider kimi təcəssümündə xüsusi yer tutur. Burada iki əhəmiyyətli məqamı vurğulamaq lazımdır.
Birincisi, Heydər Əliyev 1993-cü ilin iyununda faktiki olaraq hər tərəfdən təzyiqlərə və erməni təcavüzünə məruz qalmış bir ölkəyə rəhbərlik etməli idi. İkincisi, rəhbərliyin uğurlu olması üçün Ulu Öndər nəzəri tezisləri birbaşa praktiki fəaliyyətində həm təcrübədən keçirməli, həm də nəticə əldə etməli idi. Yəni başqa siyasi liderlərdən fərqli olaraq, əldə olan siyasi-nəzəri bilikləri rahat və geniş bir vaxtda tətbiq etmək imkanı yox idi. Müəyyən mənada Heydər Əliyev liderliyini “eksklüziv” həyata keçirməli idi. Bununla yanaşı, Ulu Öndər dövlət başçısı olmaqla liderliyin vəhdətinə nail olmalıydı. Dövlətə rəhbərliklə xalqın lideri olmağın müstəqillik mərhələsində ilk olaraq əsas parametrlərini, uğur gətirəcək siyasi mexanizmlərini müəyyən etməli və eyni zamanda həyata keçirməli idi. Əlbəttə, bununüçün bütövlükdə düzgün, zamanın tələblərinə cavab verən, Azərbaycanı böhran vəziyyətindən çıxaracaq dövlətçilik fəlsəfəsi hazırlamaq gərəkdi. Heydər Əliyevin dühası özünü burada parlaq surətdə göstərdi.
Qısa bir müddətdə uğurlu dövlətçilik fəlsəfəsi əsasında hazırlanmış konkret müstəqil dövlət quruculuğu prosesi ölkəni iki çətin vəziyyətdən xilas etdi.
Birincisi, cəmiyyətdə birlik yarandı. İkincisi, Azərbaycan dövlət olaraq sabitliyə nail oldu və paralel qaydada bütün sosial-iqtisadi, mədəni, mənəvi-ideoloji istiqamətlərdə islahatlara başladı. Onu nəzərə almaq lazımdır ki, həmin dönəmdə cəmiyyəti toparlamaq olduqca mürəkkəb bir iş idi. Çünki Heydər Əliyevdən öncəki səriştəsiz ölkə rəhbərləri cəmiyyətdə o qədər ziddiyyətli situasiyalar yaratmışdılar ki, insanları bir ideya ətrafnda birləşdirmək böyük siyasi məharət tələb edirdi. Heydər Əliyev azərbaycançılıq ideologiyasına yeni siyasi məzmun verməklə bu çətinliyi aradan qaldırdı. Artıq 1993-cü ilin oktyabrın 3-də keçirilən Prezident seçkisində xalqın böyük əksəriyyəti Heydər Əliyevə səs verməklə ona inandığını nümayiş etdirdi. Bu hadisənin fonunda xarici tədqiqatçılar Əbülfəz Elçibəyə etimadın sürətlə itməsi fövqündə Heydər Əliyevə olan etimad və inamın sürətlə artmasını Ulu Öndərin dövlət başçısı və lider kimi xarizması ilə əlaqələndirirlər və onu nadir siyasi faktlardan biri hesab edirlər. Təcrübə göstərdi ki, Azərbaycan xalqı yanılmamışdır və ölkədə dövlət quruculuğu kursunu düzgün müəyyən edən güclü və böyük siyasi liderə etibar etmişdir. Belə ki, Heydər Əliyev qısa müddətdə – 1994-cü il və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin qarşısını qətiyyətlə almışdır. Paralel olaraq Heydər Əliyev dünyanın böyük neft şirkətləri ilə “Əsrin Müqaviləsi”ni imzalamışdır. Bununla Azərbaycanda enerji strategiyasına start verilmişdir. Heydər Əliyev bunlarla yanaşı, sosial-iqtisadi, mədəni, ideoloji və mənəvi-əxlaqi sferalarda ciddi yenilikləri həyata keçirməyə başlamışdır. Artıq 1995-ci ildə Azərbaycanda sabitlik təmin edilmişdir. Həmin dövrü dünyanın tanınmış siyasi xadimləri Azərbaycan üçün çox vacib nailiyyət kimi qiymətləndirmişlər. Məsələn, Süleyman Dəmirəl Bakıda olarkən küçələrdəki rahatlığa işarə edərək, “Heydər Əliyevin ən böyük xidməti, bax, bundan ibarətdir”, demişdir. Bu mərhələdə siyasi cəhətdən əhəmiyyətli olan məqam ondan ibarətdir ki, Heydər Əliyev yuxarıda qeyd etdiyimiz bütün nailiyyətləri müstəqil güclü və demokratik Azərbaycan Respublikasını qurmaq kursu kontekstində həyata keçirmişdir. Həmin dönəmdə Ulu Öndər dövlət başçısı-lider kimi iki vacib özəlliyi dövlət quruculuğu fəlsəfəsi kontekstində sintez edə bilmişdir. Onlardan biri xilaskarlıq, digəri isə dövlət quruculuğunu hüquqi əsasa gətirməklə sabit inkişaf xəttinə çıxarmaqdır.
Beləliklə, Heydər Əliyevin müstəqil güclü dövlət quruculuğu fəlsəfəsi XXI əsrdə İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilir. Müasir dünyanın keşməkeşli vəziyyəti Azərbaycan adlı “gəmi”ni götürdüyü kursundan döndərə bilmir! Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya Günəş kimi doğur!
Open photo
Mirkazım Seyidov
Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, İctimai xadim ,
“Tərəqqi “ və “3- cü dərəcəli Vətənə Xidmətə görə “ orden  Dövlət mükafatları laueratı.

About Author