ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan israilli həmkarı Eyal Hulata ilə Ukraynadakı müharibə kontekstində Rusiya və İran arasında “artan” hərbi-texniki əməkdaşlığı müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Bildirilib ki, rəsmi Vaşinqton İranın Rusiyaya müəyyən silahlar, o cümlədən dronlar və kamikadze döyüş sursatları verdiyini və bunun müqabilində “hərbi texnologiya” aldığını hesab edir.
“Onlar… İranın Rusiya ilə hərbi sahədə artan əməkdaşlığını, o cümlədən Kremlin Ukraynaya qarşı istifadə etdiyi silahların ötürülməsini, onun mülki infrastrukturuna hücumunu və bunun müqabilində Rusiyanın İrana hərbi texnologiya verməsini müzakirə ediblər”, – press-relizdə deyilib.
Sallivan və Hulata ABŞ-İsrail Strateji Məsləhət Qrupunun hər iki ölkənin xarici siyasət isteblişment və kəşfiyyat icmasının yüksəkvəzifəli üzvlərinin iştirakı ilə virtual görüş keçiriblər.
“Rəsmilər İrandan gələn təhdidlərə qarşı durmaq və İranın nüvə silahı əldə etməsinə imkan verməmək əzmində olduqlarını bildiriblər”, – açıqlamada qeyd edilib.
Tərəflər son aylarda İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaları, ABŞ və İsrail ordusu arasında əməkdaşlıq, o cümlədən birgə təlimləri müzakirə edib, “İsrailin Yaxın Şərq regionuna təhlükəsizlik və iqtisadiyyat sahələrində inteqrasiyasını genişləndirmək” imkanlarını dəyərləndirib.