“Qərbi Azərbaycan icmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır“.
Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə İcmanin qarşısında duran vəzifələrdən danışarkən söyləyib.
İcmanın beynəlxalq müstəvidə fəaliyyətinin də vacib olduğunu vurğulayan Prezident qeyd edib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq.
“Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur”, – deyə Prezident İlham Əliyev vurğulayıb.