XƏBƏRLENTİ

xeberlenti.com

Putin gizli əfv fərmanı verdi – ABŞ institutu son məlumatları açıqladı

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi, çox güman ki, Rusiyanın 2023-cü il üçün planlaşdırdığı həlledici hərbi səylərinə rəhbərlik etmək məqsədi daşıyır. Amma o, Prezident Vladimir Putinin gözləntilərini çətin uğurla yerinə yetirsin”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Təşkilat Kremlin son addımını təhlil edib. Bildirilib ki, V.Putin Ukraynadakı maksimalist niyyətlərindən əl çəkməyib: “Rusiyanın 2022-ci ilin fevral ayındakı fəlakətli müharibə planını təsdiqləyən və geri çəkilməyən Gerasimov çətin ki, indi Putinə müqavimət göstərsin. Vladimir Putin başa düşür ki, Ukrayna bu il növbəti əks-hücum əməliyyatlarına başlaya bilər. Gerasimov bu ehtimal edilən hücumlara qarşı Rusiya qüvvələrini gücləndirmək niyyətindədir”.

Məlumata görə, Rusiya müdafiə sənayesinin silah-sursat çatışmazlığını aradan qaldıra bilməməsi, çox güman ki, 2023-cü ildə Rusiya qüvvələrinin Ukraynanın şərqində hücum əməliyyatlarını davam etdirməsinə mane olacaq: “Rusiya ordusunun komandanları etiraf edirlər ki, sursat və təchizat çatışmazlığı qoşunların irəliləmə qabiliyyətinə mane olur. Rusiya qüvvələri hələ də Soledarı tam ələ keçirə bilməyib. Onların Soledarı ələ keçirməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil”.

Analitiklərin fikrincə, Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu hərbi qrupunda döyüşən məhkumlarla bağlı gizli əfv fərmanı verib: “Bu, çox güman ki, “Vaqner”çilərin fəaliyyətini daha da gücləndirmək üçündür”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ukraynadakı qoşunlarına “Cənab Armegeddon” ləqəbli general-leytenant Sergey Sorovikin rəhbərlik edib. O, bu vəzifədə cəmi üç ay qalıb.

Yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya indiyədək 111 170 nəfər itki verib.

About Author