XƏBƏRLENTİ

xeberlenti.com

“Azərbaycan AB missiyasını Ermənistandan çıxartdırmalıdır” – “Qətiyyətli mövqe nəticələr verir”

“Azərbaycanın Xankəndi üzərində suverenliyi və ərazi bütövlüyü məsələsində göstərdiyi qətiyyətin qarşısında nəinki Ermənistan, onun havadarları da geri çəkilməyə başlayıblar. “Qarabağ münaqişəsi bitməyib, münaqişənin tam həlli ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yoluyla həll edilməlidir” deyən ABŞ Minsk Qrupuna təyin etdiyi nümayəndəsini istefaya göndərməyə məcbur olub, qondarma DQR-in müstəqilliyini tanımaq çağırışıyla Prezident Makrona müraciət edən Fransa Milli Assambleyasının sədri İrəvanda “Dağlıq Qarabağın müstəqilliyini tanımırıq” bəyanatı verməyə məcbur oldu, “Brüssel formatı” adlandırılan danışıqları pozan Fransa-Ermənistan tandemi rüsvayçı şəkildə məğlub oldu, indi Almaniyanın təşəbbüsüylə yenidən danışıqları diriltmək istəyirlər. Ara yerdə “Azərbaycan Putinin sifarişiylə Brüssel danışıqlarından imtina edir” deyən Qərbin Azərbaycandakı intellektual yaltaqları (jurnalist və politoloqlar) yüngülsaqqal oldular”.

Bu fikirləri siyasi təhlilçi Elnur Sadıqov dilə gətirib.

Təhlilçi hesab edir ki, Azərbaycan “Brüssel formatı”na qayıtmaq üçün Ermənistan və onun Qərbdəki havadarlarına yeni şərtlər diqtə etməlidir. Onun sözlərinə görə, ilk növbədə AB-nin Ermənistana göndərdiyi müddətsiz missiyanın dərhal Ermənistandan çıxarılması şərtini irəli sürməlidir. “Çünki ötən il dekabrın 19-dakı iki aylıq AB missiyası başa çatanda Cozef Borrel demişdi ki, AB neytrallığını qorumaq üçün Ermənistandakı missiyasının vaxtını uzatmayacaq. Demək ki, AB Ermənistanda missiya saxlamaqla neytrallığını pozur. Paralel olaraq da Azərbaycan Rusiya və Qərb arasında AB missiyasının çıxarılmasıyla bağlı manevrlər etməli, Rusiyanın da maraqlarına cavab verən bu demarş üçün Xankəndi məsələsində Rusiyadan güzəştlər qoparmalıdır”, – E.Sadıqov vurğulayıb.

Ekspert vurğulayır ki, Azərbaycan Ermənistan və onun havadarlarından Ruben Vardanyanın Xankəndindən çıxarılmasını da tələb etməlidir: “Ruben Vardanyan Ermənistan vətəndaşıdır, üstəlik, qondarma rejimin dövlət naziri vəzifəsinə onu Paşinyanın diqtəsiylə oturub-duran Arayik Arutyunyan təyin edib. Bundan başqa Ermənistan Xankəndindəki qondarma rejimə ildə 360 milyon dollar ötürür. Odur ki, kim deyirsə ki, Ermənistanın Xankəndi üzərində təsiri yoxdur, yalan deyir. Ermənistan əlində olan rıçaqlardan istifadə edib qondarma rejimə öz şərtlərini diqtə edə bilər”.

Rasim

About Author