XƏBƏRLENTİ

xeberlenti.com

PUTİN PATRUŞEVİN KÖMƏKÇİSİNİ İŞDƏN ÇIXARDI – Sensasiyalı SƏBƏB

 

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlovu vəzifəsindən azad edib.

Bununla bağlı müvafiq fərman bu gün dərc edilib. Sənəddə Nikolay Patruşevin köməkçisinin işdən çıxarılmasının səbəbləri barədə məlumat verilmir.

Pavlovun şəxsiyyəti ötən ilin oktyabrında diqqət mərkəzinə düşüb. Həmin vaxt onun “Arqumentı i Faktı” qəzetində “İfritə qazanında nə bişirilir”, “Ukraynada neo-bütpərəst cərəyanlar güclənir” başlığı altında məqaləsi dərc edilib. Burada Pavlov digər məsələlərlə yanaşı, Ukraynanın 2014-cü ildən Qərbin “manipulyasiyaları və siyasi texnologiyaları” nəticəsində “neopaqan kultları” ilə “totalitar hipersektaya” çevrildiyini yazıb. FTX generalı yazısında Ukrayna cəmiyyətinin dini təriqətlərinin “fanatiklər” tərəfindən idarə olunduğunu iddia edib. Yekun hissəsində general “xüsusi hərbi əməliyyat”ın (Ukraynada aparılan təcavüzkar, işğalçı müharibəyə Rusiyada qoyulan ad – red.) Ukraynanın “desatanizasiyası” (Şeytandan qurtarmaq) naminə bir zərurət olması” qənaətinə gəlib.

Ukraynalıların şüurunu yenidən formalaşdırdığı iddia edilən “fanatik təriqətlər” arasında Pavlov yəhudiliyin dini cərəyanlarından biri olan Hasidizmin (daha doğrusu, onun Xabad Lubaviç qolunun) də adını çəkib. Aleksey Pavlovun fikrincə, Lubaviç Hasidizminin əsas həyat prinsipi onun tərəfdarlarının bütün millətlər və xalqlardan üstün olmasıdır. Rusiyalı generalın iddiasına görə, İqor Kolomoyski, Viktor Pinçuk və digər ukraynalı oliqarxlar “Xabad Lubaviç” hərəkatına mənsubdurlar.

Rusiyanın baş ravvini Berl Lazar Təhlükəsizlik Şurası katibinin köməkçisinin məqaləsini kəskin tənqid edib. O, burada yer alan tezisləri milyonlarla mömin yəhudiyə, o cümlədən Rusiyadakı yəhudilərin böyük əksəriyyətinə təhqir hesab etdiyini bildirib. Rusiya Yəhudi Konqresi İstintaq Komitəsi və prokurorluqdan Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisinin açıqlamalarına qiymət verməyi xahiş edib.

Aleksey Pavlova görə onun direktoru Nikolay Patruşev üzr istəməli olub. O, “İnterfaks”a məktub göndərərək köməkçisinin məqaləsində “Lubaviçer Hasidizm haqqında səhv fikirlər yaydığını” bildirib. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu şərh Pavlovun şəxsi nöqteyi-nəzərini əks etdirir. Patruşev Pavlovla müvafiq iş aparıldığını da yazıb.

Ukraynadakı müharibənin guya bəzi ənənəvi dini dəyərlər uğrunda “satanizmə” qarşı mübarizə olduğunu daha əvvəl Rusiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Patriarx Kirill, Ramzan Kadırov, Dmitri Medvedev və prezident Vladimir Putinin özü bəyan edib. Lakin onların nitqlərində Hasidizmdən bəhs edilməyib. (musavat.com)

About Author