XƏBƏRLENTİ

xeberlenti.com

“YA AZƏRBAYCANLA RAZILAŞMALI, YA DA QARABAĞDAN GETMƏLİSİNİZ…” – Britaniyalı jurnalist Vardanyana yerini göstərdi

Xüsusilə də azərbaycanlı aktivistlərin Laçın yolunda başlatdığı aksiyadan sonra Rusiya və Qərb mətbuatına, kanallarına tez-tez qonaq edilən Ruben Vardanyanın bu dəfə “ağzı daşa dəyib”.

BBC-də Stiven Sakurun “HARDtalk” layihəsinin qonağı olan Vardanyan aparıcının sərt sualları ilə üzləşib və çətin duruma düşdüyünü gizlədə bilməyib.

Belə ki, britaniyalı jurnalist Vardanyanın Laçın yolunun bağlanması barədə gileylərini, ağlaşma qurmasını bir tərəfə qoyaraq, şəxsən onun özünün statusu, Qarabağda necə peyda olması və məqsədləri barədə konkret suallar verib.

Vardanyan verilişin gedişində söhbəti “humanitar fəlakət”ə çevirməyə çalışarkən, Sakur onun Putin hakimiyyəti və oliqarxiyası ilə əlaqələrini xatırladıb. Bildirib ki, Vardanyanın Rusiyada qazandığı milyardlar onun birbaşa Putinin ətrafı ilə sıx əlaqələrindən və korrupsiya sxemlərindən qaynaqlanıb.

Bu cür sorğu-sualı gözləməyən və çaş-baş qalan Vardanyan gileylənməyə başlayıb və mövzunun daha çox “Qarabağ əhalisinin düşdüyü vəziyyətlə” bağlı olacağına ümid etdiyini söyləyib. Lakin britaniyalı jurnalist mövzunu daha da dərinləşdirərək qeyd edib ki, hazırda Laçın yolundakı durumun və Qarabağdakı ermənilərin düşdüyü vəziyyətin yaranmasında şəxsən Vardanyanın “xidməti” var. Buna görə də Qarabağdakı erməni vətəndaşlarının böyük qismi onun separatçı qurumun rəhbərliyində təmsil olunmasından narazıdır.

 

 

Sakur deyib ki, Putin rejimi ilə sıx əlaqəsi olan Vardanyanın Qarabağa gəlişi orada yaşayan ermənilərin vəziyyətinin pisləşməsi ilə nəticələnib.

Hara düşdüyünü anlaya bilməyən Vardanyan özünə gəlməmiş britaniyalı jurnalist ona xatırladıb ki, “artsax” adlandırdığı ərazinin adı Qarabağdır və bu torpaqlar beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınır.

Vardanyanın guya yolun Azərbaycan tərəfindən bağlanmasına dair giley-güzarına cavab olaraq, Sakur ondan soruşub: “Niyə rusiyalı sülhməramlılar yolu açmırlar?”

Vardanyan “nala-mıxa” vurmağa başlayıb və çalışıb ki, məsuliyyəti rus hərbi kontingentinin üzərindən ataraq, Azərbaycan tərəfinə yönəltsin. O, guya sülhməramlıların bunun üçün texniki imkanlarının və səlahiyyətlərinin olmadığını bildirib.

Sakur isə gerçək səbəbin başqa şey olduğunu söyləyərək deyib ki, hazırda Putinin başı Ukraynaya qarışıb və ona görə də Vardanyana kömək etmək imkanı yoxdur: “Bu, sizi həssas duruma salır. Elə deyilmi? Çünki Putindən kömək gözləməyə dəymir… Sizi xilas etməyin yeganə yolu Putinin müdaxiləsidir, elə deyilmi?”

Sərt suallardan və Rusiya ilə bağlı mövzulardan yayınmağa çalışan Vardanyan Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi barədə də danışmaq istəməyib. Aparıcı isə bir neçə dəfə Vardanyanın Rusiyanın və Putin rejiminin adamı olduğunu qabardaraq qeyd edib ki, onun mövqeyi nə Qarabağ erməniləri, nə də Paşinyan hakimiyyətinin mövqeyi ilə üst-üstə düşmür və sadəcə, Rusiyanın maraqlarına xidmət edir.

Sakur deyib ki, Vardanyan hər nə qədər Qarabağ ermənilərinin “müstəqilliyi” barədə danışsa da, rəsmi İrəvan bu ərazilərin Azərbaycana aid olduğunu qəbul edir və yalnız Qarabağ ermənilərinin “hüquqları” mövzusunda razılaşma əldə etməyə çalışır.

Bütün bunlardan çıxış edərək, britaniyalı jurnalist Vardanyana deyib ki, 2020-ci il müharibəsindən sonra ermənilərin iki yolu qalıb: Ya sizin icma Azərbaycanla dialoqa girməli və qarşılıqlı siyasi anlaşma əldə etməli, ya da Qarabağdan getməlidir”.

Sakur bir daha vurğulayıb ki, Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyadan başqa çıxış yolu yoxdur. Vardanyan isə növbəti dəfə özünün və onun təmsil olunduğu separatçı rejimin Rusiyanın oyuncağı olduğunu dolayısı ilə təsdiqləyərək, Qarabağdan getməyə hazırlaşmadığını bildirib.

Əlbəttə ki, istər britaniyalı aparıcı, istərsə də regionda baş verənlərdən az-çox anlayışı olanlar gözəl bilirlər ki, Vardanyanın Qarabağdakı mövcudluğu Kremlin sifarişi və oyunudur. Ona görə də bu kirli milyarderin nə zaman Qarabağdan rədd olacağı onun öz “iradəsindən” yox, Kremldəki ağalarının göstərişindən və sözsüz ki, bir də Azərbaycanın atacağı addımlardan asılıdır.

C.Məmmədov

About Author