Ukraynanın dövlət qulluqçularına və xalq deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri yasaqlanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramında dərc olunan ənənəvi axşam videomüraciətində deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.
“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı var. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə aiddir, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara, həmçinin dövlət üçün və dövlətdə işləməli olanların hamısına aiddir”, – Zelenski bildirib.
“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər”, – dövlət başçısı vurğulayıb.