Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.
Xezerxeber.az-ın məlumatına görə, valideynləri hadisə barədə xəbər tutan kimi Bakıya yola düşüblər, tanışlar və doğmalar isə onların evinə üz tutublar,
Bütün qohumlar, qonşular və tanışlar ailəli və 2 övlad atası olan Orxan Əsgərovun yüksək intellektli olduğunu bildiriblər. O, orta məktəbi qızıl medalla bitirib.
Qeyd edək ki, Gəncədə doğulub böyüyən Orxan Əsgərovun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.
20:46
Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər xiyabanında dəfn olunacaq.
“Report”un məlumatına görə, bu barədə onun yaxınları bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
13:00
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun atası həkimdir.
Oxu.Az-ın məlumatına görə, onun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.
Artıq həkimə məlumat verilib. O, paytaxta yola düşüb.
O.Əsgərovun ölümü barədə hələ ki anasının məlumatı yoxdur.
O, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışıb.
12:12
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov baş leytenant olub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Şəhid O.Əsgərovun geriyə bir oğlu və bir qızı qalıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
İlhamə Əbülfət