Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılıb.
Vida mərasimi mərhumun evində keçirilir.
Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.
Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.
***
İranda Azərbaycan səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.
APA xəbər verir ki, Orxan Əsgərovla vida mərasimi sabah keçiriləcək.
O, sabah ll Fəxri xiyabanda dəfn olunacaq.
***
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.
“Report”un əməkdaşının verdiyi məlumata görə, şəhidin cənazəsini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında eniş edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
***
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.
APA-nın Tehran bürosu xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.