XƏBƏRLENTİ

xeberlenti.com

FHN-in mobil səhra hospitalı və 18 nəfərlik tibbi heyəti Türkiyəyə yola düşüb – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.

Yardımın yığıldığı təyyarə Türkiyənin zəlzələ bölgəsinə yola düşüb.

12:13

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür.

Oxu.Az-ın məlumatına görə, yardım yaxın saatlarda təyyarə ilə Türkiyənin zəlzələ bölgəsinə yola düşür.

Humanitar yardıma tibbi ləvazimatlarla birlikdə bir mobil səhra hospitalı və 18 nəfərdən ibarət tibb personalı daxildir.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 725 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, humanitar yardım üçün FHN-in maşın karvanı, tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı, çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar da göndərilib.

Əvvəlcədən göndərilən mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti artıq ərazidə xidmət aparır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 20 665 nəfər həyatını itirib, 80 088 şəxs xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, beş nəfər azərbaycanlı var.

İlhamə Əbülfət

About Author