Məlum olduğu kimi, ABŞ Prezidenti Co Baydenin 20-21 fevral tarixində Polşaya səfəri baş tutacaq. 21 fevral tarixində, eyni gündə Baydenin Varşavada, Putininsə Moskvada çıxışı gözlənilir. Hazırda dünya mediasının gündəmindəki əsas mövzu bu iki ölkə başçısının sözügedən çıxışlarında nə söyləyəcəkləridir.
Tanınmış rusiyalı müxalifətçi və vəkil Mark Feyqin Baydenin Varşavadakı çıxışında Putinə vəziyyəti heç olmasa müəyyən qədər düzəltmək üçün son şans verəcəyini bildirib.
Söhbət Kremlin Kiyevin və Qərbin tələblərilə razılaşmasından, savaşı dayandırmasından və qoşunların Ukraynadan çıxarılmasına dair müzakirələrdən, həmçinin, Kiyevin irəli sürdüyü və Qərb tərəfindən dəstəklənən nizamlanmanın 10 prinsipindən gedir.
Feyqin bildirib ki, Baydenin Varşavadakı çıxışı əsasən ultimativ xarakter daşıyacaq. Əgər buna cavab olaraq Putin geri çəkilməsə və “ət maşınını işlətməkdə” davam etsə, artıq Putinlə heç kim danışmayacaq və konkret fəaliyyətə keçiləcək. Nəticədə ABŞ müharibəni 2023-cü ildə başa çatdırmaq üçün bütün vasitələrə, o cümlədən Kiyevə hərbi təyyarələr və uzaq mənzilli raketklər verilməsi variantına əl atacaq.
Xatırladaq ki, Putinin fevralın 21-nə təyin olunan Federal Məclisə müraciətinin sabahısı gününə Rusiya parlamentinin aşağı və yuxarı palatalarının növbədənkənar iclasları təyin olunub. Bu, onunla əlaqələndirilir ki, parılament Putinin təklif edəcəyi hansısa dəyişiklikləri və qərarları hüquqi qüvvəyə mindirəcək.